“Onlardan biri özünü binanın 6-cı mərtəbəsindən atmağa cəhd edib, digəri isə dayanmadan başını divara çırpırdı”
“Amnesty İnternational” təşkilatı Türkiyədə törədilən 15 iyul çevriliş cəhdinə dəstək verdikləri bildirilən, rəsmi, eləcə də qeyri-rəsmi saxlanma məntəqələrində saxlanılan şəxslərə qarşı döyülmə, işgəncə və zorlanma halları ilə bağlı etibarlı dəlillər topladığını bəyan edib.
Təşkilat bildirib ki, Türkiyə polisi Ankara və İstanbulda saxlanılanları 48 saatadək stress vəziyyətində saxlayır, yemək, su verilmir, tibbi yardıma şərait yaradılmır, onlar fiziki işgəncələrə məruz qalır və təhdid olunurlar.
“Təşkilat idman mərkəzlərində və tövlələrdə saxlanılanlarla bağlı çoxsaylı məlumatları dinləyib. Ankarada saxlanılan iki nəfərin vəkili bildirib ki, müvəkkilləri saxlanma məntəqələrində yüksək rütbəli zabitlərin dəyənəklərlə və digər vasitələrlə zorlandıqlarının şahidi olublar”- deyə “Amnesty İnternational”ın Avropa üzrə direktoru Con Dalhuisen deyib.
Təşkilat bildirib ki, saxlanılanlara vəkilləri və ailə üzvləri ilə görüşmək imkanı yaradılmır, onlara qarşı irəli sürülən ittihamlar haqqında lazımı qaydada məlumat verilmir və beləliklə də, ədalətli məhkəmə araşdırması hüququ pozulmuş olur.
Çağlayan məhkəməsində çalışan vəkillərdən biri isə deyib ki, saxlanılanların bəziləri emosional stress içindədir: “Onlardan biri özünü binanın 6-cı mərtəbəsindən atmağa cəhd edib, digəri isə dayanmadan başını divara çırpırdı”.
“Amnesty İnternational” qeyd edib ki, saxlanılanların hamısı hərbi heyəti təmsil etmir, onlar arasında hakim, prokuror, polis və digər dövlət qulluqçuları da var: “Ankara polis idarəsinin idman zalında 650-800 hərbçi saxlanılıb. Onlardan ən azı 300-nün üzərində döyülmə izləri olub. Bəzilərinin bədənlərinin müxtəlif yerlərində kəsiklər və göyərmiş izlər olub, bəzilərinin isə sümükləri sındırılıb. 40 nəfər ağır xəsarətlər aldığından gəzmək imkanını itirib”.
Təşkilat Türkiyə hökumətini polis bölmələri, idman mərkəzləri və məhkəmələr də daxil olmaqla bütün saxlanma məntəqələrində müstəqil monitorinqlərə şərait yaratmağa çağırıb.
“”Amnesty international” Türkiyə hökumətini beynəlxalq hüquq qarşısında götürdüyü öhdəliklərə riayət etməyə və fövqəladə vəziyyət halından saxlanılanların hüquqlarını pozmaq üçün istifadə etməməyə çağırır”, – deyə C.Dalhuisen bildirib.