”Fəallara qarşı haker hücumları ən geci 2015-ci ilin noyabrından başlanıb”
Amnesty International beynəlxalq insan haqları təşkilatının açıqladığı yeni
hesabat
da bildirilir ki, Azərbaycanda siyasi fəallar “hökumət tərəfindən təşkil olunan” kiberhücumlara məruz qalırlar.
Təşkilat Azərbaycanın insan haqları fəallarının, jurnalistlərin və siyasi dissidentlərin “fərdi fişinq” (fərdi tovlama) üsulu ilə hədəfləndiyini iddia edir:
“Onların şəxsi informasiyalarının və şəxsi kommunikasiyalarının əldə olunması məqsədilə fəalların elektron poçtlarına və Facebook dialoqlarına haker müdaxiləsi həyata keçirilir”.
Amnesty International son 13 ayda apardığı təhqiqata əsasən bildirib ki, parolların və kontaktların oğurlanmasına hesablanmış kiberhücumlar hökumətin müxtəlif tənqidçilərini hədəfləyib.
Belə hücumlara məruz qalanlar onlara hücumların arxasında hakimiyyətin dayandığına inanırlar.
Amnesty Internationalın baş texnoloqlarından Claudio Guarnierinin sözlərinə görə, aparılan araşdırma göstərib ki, “məqsədli və koordinasiya edilmiş kiberhücum kampaniyası bir çoxu uzun müddətdən bəri hökumət repressiyalarının qurbanı olmuş tənqidi səs sahiblərinə” qarşı aparılır.
O, deyib ki, bu hücumlarda işlədilən “ziyanlı proqramlardan hədəf barədə mümkün qədər çox şəxsi informasiyanın toplanması üçün istifadə edilir”.
”Fəalların təkcə işini əngəlləmir, həm də onların gündəlik həyatlarına pozucu təsir göstərir”
Qurum nümayəndəsi qeyd edir ki, hədəflərin profillərinə nəzər yetirildikdə, qurbanların hücumun nəyə görə hökumət tərəfindən təşkil edildiyinə inandıqları başa düşülür.
“Saxta dostlar – Azərbaycanda saxta hesablar və ziyanlı proqramlardan dissidentləri hədəfləmək üçün necə istifadə edilir” (False Friends – how fake accounts and crude malware targeted dissidents in Azerbaijan) adlı hesabatda haker hücumlarının detallarına geniş yer verilib.
Sənəddə haker müdaxiləsi məqsədilə qurbanların elektron ünvanlarına saxta email-lər göndərildiyi qeyd olunub.
İnternet hakerliyində “fərdi tovlama” və ya ‘spear phishing’ kimi tanınan metoddan istifadə zamanı sözü gedən saxta emaillərə qoşulmuş fayllarda “ziyanlı proqram” daşıyan viruslar olur.
Əgər adresat belə qoşmaları açarsa, onun poçtuna yüklənmiş virus hücuma məruz qalanının monitorundakı təsvirləri hakerə göndərir və beləliklə də haker qurbanın nə yazdığını aydın şəkildə güdə bilir.
“Saxta elektron məktublar tanınmış insan haqları fəallarının və siyasi fəalların adlarından göndərilir. Bu hücuma məruz qalanlardan biri də insan haqları fəalı Rəsul Cəfərov olub. Onu hücuma məruz qalmasından 2016-cı ilin okrtabrında bir həmkarından aldığı telefon zəngi duyuq salıb. Həmkarı Cəfərova deyirdi ki, onun ünvanına çox bənzəyən ünvandan email və qoşma alıb”,-deyə sənəddə bildirilir.
R.Cəfərov Amnesty International-a hakimiyyətin onu tənqid edən hər bir kəsə diqqətlə göz qoyduğu qənaətində olduğunu təsdiqləyib.
Təşkilat bu nəticəyə gəlib ki, fəallara qarşı haker hücumları ən geci 2015-ci ilin noyabrından başlanıb.
Təşkilatın sənədləşdirdiyi başqa bir epizoda görə ‘Anonymous Azerbaijan’ adlanan sayt hədələnib, Kanal13 internet xəbər portalına isə hücumun ardınca bir həftə ərzində haker girişi əldə olunub.
Başqa bir insdent zamanı isə bir neçə fəala Bakıdakı ABŞ səfirliyindəki qəbula saxta dəvətlə ziyanlı kompüter proqramı göndərilib.
Hesabatda deyilir ki, saxta email-lərə qoşulmuş saxta sənədlər konkret fəalların adından tərtib edilir. Məsələn, guya Leyla Yunus tərəfindən tərtib edilmiş bir qoşma sənədi “2016-cı ilə olan vəziyyətə görə Azərbaycandakı siyasi məhbuslar” adlanırdı.
Keçmiş məhbuslar Leyla Yunus və onun əri Arif Yunus təşkilata deyiblər ki, onlar kiberhücumların hakimiyyət tərəfindən təşkil edildiyinə inanırlar.
Amnesty International təşkilatının Avropa və Asiya Proqramlarının direktor müavini Denis Krivoşeyev deyib ki, bu hücumlar Azərbaycanda hökumət tənqidçiləri üçün onsuz da düşmən olan mühiti daha da kəskinləşdirib.
O, “potensial olaraqbütün internet fəaliyyətinin güdülməsi ehtimalı Azərbaycan fəalları arasında tükürpədici təşvişə səbəb olub” deyərək əlavə edib ki, belə bir hal fəalların təkcə işini əngəlləmir, həm də onların gündəlik həyatlarına pozucu təsir göstərir.
”Təşkilat kiberhücumların hökumət rəsmiləri və idarələri ilə bağlılığını aşkara çıxara bilməyib, lakin…”
Hesabatda bu da qeyd olunur ki, Amnesty International sözü gedən kiberhücumların hökumət rəsmiləri və idarələri ilə bağlılığını aşkara çıxara bilməyib, lakin bununla belə ziyanlı proqramı göndərən “pantera” internet adının sahibinin əsas etibarilə hökumət infrastrukturunda işlədilən İP ünvanları blokunda olduğu görünür.
Hesabatda deyilir ki, bu İP ünvanı ilə eyni blokda Xarici İşlər, Ədliyyə nazirlikləri və dövlətə bağlı telekanalın İP ünvanları yerləşir.
Təşkilat bildirir ki, Amnesty International aşkar etdiyi faktlara dair hesabatı Azərbaycan hökumətinə təqdim edib.
Azərbaycan hökuməti buna cavab olaraq bildirib ki, sözü gedən sənədləşdirilmiş hallar barədə şikayətlər daxil olmayıb və buna görə də bu barədə heç bir təhqiqat aparılmayıb.
Hesabatın məlumat hissəsində qeyd olunur ki, Azərbaycanda müstəqil jurnalistlər, insan haqları və siyasi fəallar, hökumətdən dəstək alan trollama kampaniyaları da daxil tez-tez internet qısnamasına və təqiblərinə məruz qalırlar.
Bildirilib ki, Azərbaycanda telefon və internet kommunikasiyalarının izlənməsinə icazə verən qanunlar Avropa İnsan Haqları Məhkəməsi tərəfindən tənqid edilib.
Bu qanunlar “fərdlərə və xüsusən də dövlətə qarşı ağır cinayətlərin qarşısının alınması məqsədilə” subyektin hakimin sanksiyası olmadan güdülməsinə imkan yaradır.
Citizen Lab və başqa ictimai təhqiqat qruplarının araşdırmaları göstərib ki, hökumət İtaliyanın Hacking Team şirkətindən kompüter proqramları almaq niyyətində olub.
“Hacking Team şirkətindən sızdırılmış email-lər İsrailin NİCE Systems texnoloji şirkətinin Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyinə belə proqram satışlarının və Daxili İşlər Nazirliyi ilə görüşmək cəhdlərinin olduğunu göstərir. Azərbaycanın xüsusi xidmətləri Hacking Team platfortmasından uğurla istifadə etməyə çalışır”,-deyə hesabat bu fikirlərlə yekunlaşır.