Təşkilat hökumətə çağırış etdi
Beynəlxalq Amnistiya Təşkilatı (“Amnesty İnternational”) Azərbaycan hökumətini müxalif siyasətçilərə qarşı təzyiqləri dayandırmağa çağırıb.
Təşkilatın Cənubi Qafqaz üzrə tədqiqatçısı Natalia Nozadze siyasi fəal Tofiq Yaqublunun qarşılaşdığı təzyiqlərdən danışarkən deyib ki, baş verənlər Azərbaycanda hökuməti tənqid edənlərə və əsas azadlıqlara dövlət tərəfindən icazə verilən hücumdan başqa bir şey deyil:
“Hökumət bununla etiraz etməyə cəsarət edənlərin həbs olunacağına və döyülə biləcəyinə dair soyuq bir mesaj göndərir”.
Natalia Nozadzenin sözlərinə görə, hakimiyyət COVİD-19 pandemiyasından ifadə azadlığı və dinc toplaşmaq hüquqlarını tapdamaq üçün bəhanə kimi istifadə edir:
“Onlar yalnız zəruri, mütənasib və Azərbaycan xalqının hüquqlarını özbaşına məhdudlaşdırmayan məhdudiyyətlər qoymalıdırlar”.
“Hakimiyyət müxalif siyasətçilərə qarşı repressiyaları dərhal dayandırmalı və Azərbaycanda bütün insanların hüquqlarını müdafiə etməlidir”,-deyə Natalia Nozadze fikrini tamamlayıb.
Tofiq Yaqublu hazırda həbsdə aclıq edən Saleh Rüstəmovun azad edilməsi üçün keçirilən hər iki aksiyada təzyiqlə üzləşib. Son hadisə dekabrın 15-də olub. Aksiya keçirməyə cəhd edən digər fəallar kimi o da saxlanılaraq polis bölməsinə aparılıb və pandemiya qaydasını pozduğu əsas gətirilərək 400 manat cərimələnib. Bundan əvvəl isə oxşar aksiya dekabrın 1-də keçirilmişdi. O zaman Tofiq Yaqublu saxlanılaraq 39-cu polis bölməsinə aparılıb. Ancaq o, axşam saatlarında Ələt qəsəbəsindən döyülmüş vəziyyətdə tapılıb. Müxalif fəalın sözlərinə görə, öncə 39-cu Polis Bölməsində, ardınca yolda döyülərək Ələt qəsəbəsinə aparılıb və tanımadığı bir yerdə maşından endirilib. Ancaq daxili işlər naziri Vilayət Eyvazov hüquq müdafiəçilərilə görüşdə Tofiq Yaqublunun polislər tərəfindən döyülməsini istisna edib.