“Amnesty İnternational”: “Hakimiyyət Tofiq Yaqublunu dərhal azad etməli və təcili tibbi yardım göstərməlidir”

Tofig Yaguplu, Illustration: Meydan TV

“Onun vəziyyəti xeyli pisləşir və hər gün önəmlidir”

“Amnesty İnternational” Beynəlxalq hüquq müdafiə təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Mari Struters Azərbaycanda doqquz il həbs cəzasına məhkum edilən və buna etiraz olaraq aprelin 1-dən aclıq aksiyası keçirən Milli Şuranın Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun səhhətinin pisləşməsinə münasibət bildirib.

“Tofiq Yaqublu illərdir Azərbaycan hakimiyyəti tərəfindən siyasi motivli təqiblərə və pis rəftara dözüb. Bu dəfə təkcə onun azadlığı deyil, sağlamlığı və həyatı təhlükə altındadır. Onun vəziyyəti xeyli pisləşir və hər gün önəmlidir”.

“Azərbaycan hakimiyyəti sırf hökuməti açıq tənqid etdiyinə görə həbs edilən Tofiq Yaqublunu dərhal və qeyd-şərtsiz azad etməli və təcili olaraq onun bütün zəruri səhiyyə xidmətlərindən istifadəsini təmin etməlidir”, – “Amnesty İnternational”ın Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Mari Struters belə deyib.

Tofiq Yaqublu 2023-cü il dekabrın 14-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə), 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

İttihama görə, Elşən Hüseynov adlı şəxsin Almaniyaya gedib, orada vətəndaşlıq alması üçün Elnur Məmmədov vasitəsilə Tofiq Yaqubluya 25 min avro və 10 min manat pul verilib.

Tofiq Yaqublu isə bu ittihamın saxta olduğunu heç kimdən bir manat da pul almadığını bildirir.

Siyasətçi Elşən Hüseynov və ya Elnur Məmmədovla bu haqda belə bir söhbətinin olmadığını deyir.

Onların təxribat məqsədilə bu işə cəlb edildiyini bildirir.

Tofiq Yaqublu siyasi fəaliyyəti dövründə bir neçə dəfə inzibati və uzunmüddətli həbsdə olub.

O, 2013-cü ildə İsmayıllıda etirazların təşkilində ittiham olunaraq həbs edilib. 5 il azadlıqdan məhrum edilən siyasətçi 2017-ci ildə əfv sərəncamıyla azadlığa buraxılıb. O, daha sonra 2020-ci il martın 22-də xuliqanlıq ittihamıyla həbs olunub. İddia olunurdu ki, o, “8-ci kilometr bazarı”nın yanında avtomobil qəzası törədib, daha sonra digər avtomobilin sürücüsünü və onun həyat yoldaşını təhqir edib, onlara xəsarət yetirib. Bu dəfə Nizami rayon Məhkəməsinin hökmüylə 4 il 3 ay azadlıqdan məhrum edilib.

Hökmdən dərhal sonra – 2 sentyabr 2020-ci ildə məhkəmə ədalətsizliyinə etiraz olaraq aclığa başladığını bəyan edən Tofiq Yaqublu bu aksiyanı 17 gün davam etdirib. Onun vəziyyəti pisləşdiyinə görə istintaq təcridxanasından klinikaya köçürülüb. Sentyabrın 18-də Bakı Apelyasiya Məhkəməsinin qərarıyla o, ev dustaqlığına buraxılıb. 2021-ci il iyulun 15-də Bakı Apelyasiya Məhkəməsi 4 il 3 aylıq həbs hökmünü şərti cəza ilə əvəzləyib.

2025-ci il martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsi Tofiq Yaqublunu 9 il azadlıqdan məhrum edib.

Ana səhifəSiyasət“Amnesty İnternational”: “Hakimiyyət Tofiq Yaqublunu dərhal azad etməli və təcili tibbi yardım göstərməlidir”