Amnesty International: Formula -1 hüquq müdafiəçilərinin səslərini batırmamalıdır

”Bu yaxınlarda QHT liderlərinin və fəalların həbsdən azad edilməsi heç kimi aldatmamalıdır”

Source:


”Bu yaxınlarda QHT liderlərinin və fəalların həbsdən azad edilməsi heç kimi aldatmamalıdır”

Beynəlxalq birlik Azərbaycan hakimiyyətinin ölkədə onsuz da ağır olan insan hüquqları ilə bağlı vəziyyət barədə mənfi təəssüratdan yayındırmaq cəhdlərinə aldanmamalıdır.  Bu barədə Amnesty International təşkilatının Bakıda keçiriləcək Formula -1 yarışları ərəfəsində yaydığı bəyanatda deyilir.

“Bakıda dünya yarışlarının keçirilməsi vətəndaş cəmiyyətinin sıxışdırılması kimi problemlerdən yayındırmamalıdır”, – təşkilatın Avropa və Mərkəzi Asiya proqramı üzrə direktor müavini Denis Krivoşeyev bildirib.

“Reallıq belədir ki, hakimiyyət QHT-ləri bağlayıb və onların liderlərini ya həbs edir, ya da sıxışdırır”, – o qeyd edib.

İlin əvvəlindən neft satışından gələn gəlirlərin azalması və beynəlxalq təzyiqlərin artması ilə üzləşən Azərbaycan hakimiyyəti bir çox vicdan məhbusunu azad edib. Onların arasında jurnalist Xədicə İsmayıl da var.

Eyni zamanda, hakimiyyət hökuməti tənqid edənlərin uydurma ittihamlarla həbsinə son qoymayıb.

“Bu yaxınlarda QHT liderlərinin və fəalların həbsdən azad edilməsi heç kimi aldatmamalıdır. Azad edilənlər həbsdə ikən danışdıqları qədər azad danışa bilməzlər. Onların boş qalan barmaqlıqları yeni qurbanlarla doldurulub”, – D.Krivoşeyev vurğulayıb.

Аmnesty International hazırda Azərbaycanda 13 vicdan məhbusu qeydə alıb. Çox güman ki, başqaları da var.

Bu gün dərc edilən araşdırma hökuməti tənqid edənlərə, xaricdən tənqid edənlərin qohumlarına arşı uydurma ittihamlar üzrə yeni həbs dalğasının olduğunu göstərir.

Mayın 10-da gənc fəallar Bayram Məmmədov və Qiyas İbrahimov keçmiş prezident Heydər Əliyevin abidəsinin üzərinə yazı yazdıqdan sonra ertəsi gün narkotik maddə ilə bağlı uydurma ittihamla həbs olunublar. Fəalları 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Bu yaxınlarda azadlığa buraxılan məhbuslardan bir neçəsi, o cümlədən vətəndaş cəmiyyəti liderləri və QHT  əməkdaşları təkrar həbs olunmaq riskinə məruz qalıblar və onlar öz fəaliyyətlərini bərpa edə bilmirlər.

Onlardan biri  təqiblərin qurbanı olanların hüquqlarını Avropa İnsan Hüquqları Məhkəməsində müdafiə edən İntiqam Əliyevdir. O, uydurma ittihamla 7,5 il müddətinə həbs olunub və 2016-cı ilin martında azad edilib. Lakin onun üzərindən ittihamlar götürülməyib və bu, o deməkdir ki, o, əvvəlki kimi vəkil işləyə bilməz, xaricə gedə bilməz, onun bank hesabları dondurulub və rəhbərlik etdiyi QHT bağlı qalır.

“Azərbaycan repressiyaları davam etdirmək üçün beynəlxalq hadisələrdən səylə istifadə edir və Formula -1 də münasib hadisədir.  Yarış səsləri Azərbaycanda mühakimə edilmiş hüquq müdafiəçilərinin səslərini batırmamalıdır”, – D.Krivoşeyev vurğulayıb.

Ana səhifəXəbərlərAmnesty International: Formula -1 hüquq müdafiəçilərinin səslərini batırmamalıdır