Amnesty İnternational: “Azərbaycan və Ermənistan beynəlxalq humanitar hüquq normalarını pozublar

Məruzədə sentyabrın 27-də Ermənistan qüvvələrinin Naftalan şəhəri yaxınlığında yerləşən Qaşaltı kəndinə artilleriya zərbəsinin endirilməsi də xatırlanıb

Source: Ivor Prickett – The New York Times


"Hər iki tərəf müharibə zamanı idarə olunmayan artilleriyadan və RYAS-dan istifadə edib"

Beynəlxalq Amnistiya Təşkilatının (Amnesty İnternational) ekspertləri Azərbaycanda və Ermənistanda müharibə zamanı artilleriya və raket zərbələri endirilmiş onlarla yerə baş çəkiblər.

Faktlar hər iki münaqişə tərəfinin kasetli döyüş sursatlarından istifadə etmədikləri barədə iddialarını təkzib edir.

Bu barədə təşkilatın yanvarın 14-də yayılmış məruzəsində deyilir.

“Turan" İA-nın yaydığı məlumata görə, məruzə “Atəş xəttində: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı qanunsuz açılan atəşlər nəticəsində dinc sakinlər arasında tələfat” adı ilə xarakterizə edilir.

Sənəddə bildirilir ki, hər iki tərəf qeyri-dəqiqliyi ilə bilinən əməliyyat-taktiki raketlərdən, yaylım atəşi sistemlərindən və artilleriyadan istifadə edib: “Azərbaycan, Ermənistan və Dağlıq Qarabağda Ermənistan tərəfindən dəstəklənən qüvvələr bu yaxınlarda regionda baş vermiş silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozublar. Nəticədə onlarla dinc sakin həlak olub, yüzlərlə sakin yaralanıb, həmçinin evlər və mühüm mülki infrastruktur obyektləri dağılıb. Bu pozuntulara Ermənistan və Azərbaycan silahlı qüvvələrinin mülki əhalinin yaşadığı bölgələrdə qəsdən qeyri-dəqiq və hədəfi seçilməyən silahlardan, o cümlədən zərbə sahəsi böyük olan kasetli döyüş sursatlarından və qəlpəli-partlayıcı bombalardan dəfələrlə istifadə etməsindən ibarətdir”.

Təşkilatın ekspertləri Ermənistan və Azərbaycan silahlı qüvvələrinin endirdiyi 17 atəş və zərbəni tədqiq ediblər: “Ötən ilin sentyabrın sonlarında başlayan və noyabrın əvvəllərinə qədər davam edən 44 günlük münaqişə ərzində ən az 146 dinc sakin həlak olub. Ermənistan silahlı qüvvələri qeyri-dəqiq əməliyyat-taktiki raketlərdən, idarə olunmayan reaktiv yaylım atəşi sistemlərindən (RYAS) və artilleriyadan istifadə edib. Azərbaycan ordusu da idarə olunmayan artilleriyadan və RYAS-dan istifadə edib. Açıq-aşkar dəlillərə baxmayaraq, hər iki tərəfin hakimiyyəti sıx məskunlaşmış rayonlara hədəf seçilmədən atəş açılmasını və kasetli döyüş sursatlarından istifadə olunmasını inkar ediblər”.

“Amnesty İnternational” atəşlər zamanı istifadə olunan silahların parçalarını təhlil edib və münaqişə zamanı çəkilmiş videogörüntüləri, fotoşəkilləri və peyk rəsimlərini tədqiq edib: “Ermənistan qüvvələrinin Azərbaycanın kənd və şəhərlərinə açdığı atəşlər nəticəsində 72 dinc sakin həlak olub. Oktyabrın 17-də Gəncə şəhərində Muxtar Hacıyev küçəsi ərazisinə “Elbrus” əməliyyat-taktiki raketi (NATO təsnifatına görə SCUD-B) düşməsi nəticəsində 21 dinc sakin həlak olub, 50-dən çox sakin yaralanıb. Oktyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Qarayusifli kəndinə kasetli bombalar atması nəticəsində 5 nəfər həlak olub, 14 nəfər yaralanıb, çox sayda evə ziyan dəyib. Oktyabrın 28-də Ermənistan silahlı qüvvələri təmas xəttindən 20 km məsafədə yerləşən Bərdə şəhərinə reaktiv mərmilərlə zərbə endirib. Üç raket şəhər mərkəzinə düşüb. Onların ikisi xəstəxanaların yaxınlığına, üçüncü raket, 72 ədəd 9N235 kiçik döyüş sursatından ibarət 9M55 “Smerç” isə şəhərin mərkəzinə düşüb, 21 dinc sakinin ölümünə səbəb olub”.

amnesty.jpg
Amnesty İnternational

Məruzədə sentyabrın 27-də Ermənistan qüvvələrinin Naftalan şəhəri yaxınlığında yerləşən Qaşaltı kəndinə artilleriya zərbəsinin endirilməsi də xatırlanıb: “Nəticədə 5 nəfər həlak olub”.

Təşkilat Azərbaycan Silahlı Qüvvələrinin Dağlıq Qarabağ və Ermənistanın ərazisində kəndlərə və şəhərlərə atəş açması nəticəsində 11 dinc sakinin həlak olduğunu bildirib: “Oktyabrın 4-də 4 Stepanakert sakini həlak olub və ona yaxın sakin yaralanıb. Qəlpələri tədqiq edən ekspertlər bunun reaktiv mərmi olduğunu hesab edirlər. Oktyabrın 2-də şəhərə açılan digər bir atəş zamanı mühüm infrastuktur obyektləri, o cümlədən Xilasetmə Xidməti dağıdılıb, bir nəfər ölüb, 10 nəfər yaralanıb. Sentyabrın 27-də Martuni şəhərinə 12 raket zərbəsi endirilib, bir nəfər həlak olub. Sentyabrın 30-da Mardakertə zərbə endirilib, 3 sakin həlak olub”.

Sentyabrın 27-də Ermənistan və Azərbaycan Ordusu arasında cəbhənin bütün istiqamətlərində hərbi əməliyyatlar başlayıb.

44 gün davam edən müharibə nəticəsində Azərbaycan Ordusu tərəfindən noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib.

İndiyədək Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəkliyin azad olunduğu bildirilir.

Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş naziri münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıb.

Bəyanata uyğun olaraq, 2020-ci il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana təhvil verilib.

İtkilərlə bağlı Azərbaycan Müdafiə Nazirliyi yanvarın 11-dək 2841 hərbçinin dəfn olunduğu haqda məlumat yayıb.

Ermənistan Səhiyyə Nazirliyi 3 min 330 nəfərin öldüyü haqda məlumat yayıb: "1600 nəfər itkin düşüb, 8300 nəfər yaralı var".

Ana səhifəSiyasətAmnesty İnternational: “Azərbaycan və Ermənistan beynəlxalq humanitar hüquq normalarını pozublar