“Amnesty İnternational” Aqil Hümmətovu müdafiə kampaniyasına başladı

Petisiyada A.Hümmətovun məcburi müalicəsinin dərhal dayandırılmasına və onun psixiatriya xəstəxanasından çıxarılmasına çağırılır

Foto: Meydan TV


Petisiyada A.Hümmətovun məcburi müalicəsinin dərhal dayandırılmasına və onun psixiatriya xəstəxanasından çıxarılmasına çağırılır

Beynəlxaql Amnistiya Təşkilatı (Amnesty İnternational) psixiatriya xəstəxanasına yerləşdirilən AXCP üzvü Aqil Hümmətovu müdafiə kampaniyasına başlayıb.

Məlumatı “Turan” İA yayıb.

“Amnesty İnternational”-in yaydığı bəyanatda qeyd olunub ki, hakimiyyəti tənqidinə görə xəstəxanaya məcburi qaydada yerləşdirildikdən sonra ona naməlum narkotik maddələr vurublar:

“Bununla əlaqədar, “Amnesty İnternational” xəstəxananın baş həkimi Ağahəsən Rəsulova və Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanova etiraz məktubları yazmağa çağırıb”.

Petisiyada A.Hümmətovun məcburi müalicəsinin dərhal dayandırılmasına və onun dərhal psixiatriya xəstəxanasından çıxarılmasına çağırılır.

“Amnesty İnternational” A.Hümmətova təzyiqləri insan ləyaqətinin alçaldılması, qeyri-insani rəftar, sağlamlıq, ifadə azadlığı, şəxsi azadlıq hüququnun pozulması ilə bağlı görünməmiş hal adlandırıb.

Aprelin 1-də Sabunçu Rayon Məhkəməsi A.Hümmətovun məcburi xəstəxanaya yerləşdirilmə ilə bağlı xəstəxananın vəsatətini təmin etməyib və onun azad edilməsinə qərar verib. Lakin A.Hümmətov sosial şəbəkələrdə müraciət yayaraq zorla xəstəxanaya yerləşdirildiyini bildirdikdən sonra aprelin 2-də polis onu yenidən həbs edib və xəstəxanaya aparıb.

Aprelin 3-də Bakı Apelyasiya Məhkəməsi əvvəlki qərarı ləğv edib və xəstəxananın baş həkiminin tövsiyəsi ilə məcburi xəstəxanaya yerləşdirilməni təqdir edib.

Göstərilən tarixdən xəstəxana administrasiyası A.Hümmətovun ailəsinə və vəkilinə onunla görüşə imkan vermir.

O, mayın 12-də telefonla həyat yoldaşına şikayət edib ki, həkimlər onun iradəsinə zidd olaraq naməlum iynələr vururlar, buna görə də səhhəti pisləşib.

İyunun 2-də xəstəxana administrasiyası məcburi xəstəxanaya yerləşdirilmənin müddətini daha bir ay uzadıb.

Ana səhifəXəbərlər“Amnesty İnternational” Aqil Hümmətovu müdafiə kampaniyasına başladı