”Amerikanın Azərbaycan hakimiyyətini dəyişmək planı yoxdur”

Erkin Qədirli: “Amerikanın daha böyük geopolitik məqsədləri var”

Zərdüşt Əlizadə: “”Amerika Azərbaycandan istədiyini almaq üçün insan haqları problemlərindən istifadə edir”

Source:
İlham Əliyev və Con Kerri
İlham Əliyev və Con Kerri


Erkin Qədirli: “Amerikanın daha böyük geopolitik məqsədləri var”


Zərdüşt Əlizadə: “”Amerika Azərbaycandan istədiyini almaq üçün insan haqları problemlərindən istifadə edir”

Martın 30-da ABŞ Dövlət Katibi Con Kerri Vaşinqtonda prezident İlham Əliyevlə görüşüb.

Görüş əsnasında tərəflərin səsləndirdiyi bəyanatlar bir sıra sualları gündəmə gətirib. Suallar əsasən Dağlıq Qarabağ, insan haqları və bölgədəki durumla bağlı rəsmi Bakı ilə Vaşinqtonun üst-üstə düşən mövqeləri ilə bağlıdır.

Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

Ancaq siyasi şərhçi Zərdüşt Əlizadənin prezident İlham Əliyevlə ABŞ dövlət katibi Con Kerrinin görüşündən xüsusi gözləntisi yoxdur. Bu barədə Meydan TV-yə danışan Zərdüşt Əlizadə bildirib ki, Vaşinqtonun mövqeyi tamamilə aydındır: “Amerika Azərbaycandan istədiyini almaq üçün insan haqları problemlərindən istifadə edir. İstədiyi də odur ki, Bakı Vaşinqtonun bölgədəki maraqlarını tamamilə nəzərə alsın. Birincisi, Azərbaycan Orta Asiyaya körpü rolunu oynasın. İkincisi, şirkətləri rahat işləsin. Üçüncüsü, Qarabağ problemində atəşkəs pozulmasın. O ki qaldı Con Kerrinin “biz donmuş münaqişə olan Dağlıq Qarabağ probleminin, nəyahət, öz həllini tapmasını görmək istəyirik” açıqlamasına, bu, yalnız sözdür. Əgər bu açıqlamanı real şəkildə görmək istəsəydi, 20 ildə Ermənistana təzyiq göstərərdi. Ümumiyyətlə, Amerika xarici siyasətinin ənənəsində ermənilərə, Yaxın Şərqdə yəhudilərə və kürdlərə dəstək vermək var. Erməni siyasi liderləri ABŞ-dan əhsən almaq üçün 100 min erməninin ölümünə də susarlar”.

ReAL İdarə Heyətinin üzvü Erkin Qədirli isə hesab edir ki, bu cür görüşlərin mətbuata açıqlanan tərəfi hamıya aydındır: “Mətbuat üçün nələrin açıqlanacağı tərəflərə bəlli olduğundan jurnalistlərə sual vermək imkanı yaradılmadı. Deyildi ki, Əfqanıstan, Azərbaycan-Amerika enerji təhlükəsizliyi, qaz layihələri və sairə barədə danışılıb. Görüş barədə deyilməyən məqamlar maraqlıdır. Güman edirəm ki, müzakirənin birinci məsələsi Rusiyayla bağlıdır. Ona görə ki, yaxın günlərdə Rusiya xarici işlər naziri Lavrov Bakıya gələcək. Vaşinqton görüşü barədə maraqlanacağı ehtimal olunur”.

Erkin Qədirli
Erkin Qədirli

E.Qədirlinin fikrincə, Vaşinqton Bakını öz yanında görmək istəyir: “Amerika Baltik dənizindən Qara dənizə, ardınca Xəzər dənizinə qədər olan məsafəni, ordan da Orta Asiyanı götürməklə Rusiyanı tam içəriyə alan təhlükəsizlik zolağı yaratmaq istəyir. Azərbaycan hökuməti bu məsələdə tam mövqe sərgiləmədiyindən arada münasibətlər soyuqlaşdı. Belə olanda Vaşinqton insan haqları və demokratiya məsələlərində mövqeyini nümayiş etdirdi. Bəlkə də daha dərin səbəbləri var. Çox güman ki, Azərbaycanın təhlükəsizlik qayğısıdır. Hökumət son zamanlar özünü İran və Rusiya arasında sıxılmış kimi göstərirdi. Vaşinqtonla Tehran arasında münasibətlərin açılması hökumətin hekayəsini bir az dəyərdən salsa da, Moskva təhlükəsi qalır”.

ReAL İdarə Heyətinin üzvü düşünür ki, Azərbaycanı çətin duruma salan məsələ həm də Qərblə inteqrasiya məsələsində Rusiyanın Ermənistanı dəstəkəməsidir: “Hətta avtoritar rejimlər də Qərblə əməkdaşlıq etmək istəyər, son iki əsr tarixində belə nümunələr çox olub. Azərbaycanı Qərblə əməkdaşlıqdan saxlayan Rusiyanın dəstəyi ilə Ermənistanın ərazilərimizi işğal etməsidir. Kreml də qapalı görüşlərdə bunu açıq şəkildə ifadə edir. Bakı bilir ki, xarici siyasətdə Qərblə açıq inteqrasiyaya getsə, Moskva müharibəni alovlandıracaq, şimalda və cənubda separatçı ovqat yaradacaq. Hələ Rusiyanın Xəzər dənizindən Orta Şərqə raket zərbələri endirməsini və desant əməliyyatları keçirməsini əlavə etsək, Kremlin çox aqressiv yanaşdığını görərik. Çox güman ki, dövlət katibi Kerri Qarabağla bağlı fikrində Rusiyaya mesaj verir və bu, Amerikanın Azərbaycana yardımçı ehtimalını yaradır. Onsuz da Amerika mediasında Rusiyanın bölgədə separatçı hərəkatları dəstəklədiyi açıq yazılır, hətta Qarabağın adı da xatırlanır. Yaxud amerikalı həmsədr Uorlikin 7 rayonun işlağdan azad olunmasını dilə gətirməsini diqqətdən qaçırmayaq. Vaxtilə rayonların sayıyla bağlı heç nə deyilmirdi, indi 7 rayondan danışılır. Rusiyanın həmsədrinin və ya hansı rəsmisinin belə bayanatına rast gəlmisiniz?”

Erkin Qədirlinin qənaətincə, Əliyevlə Kerri arasında insan haqları məsələləri ötəri müzakirə olunub: “Əminəm ki, Əliyevi Vaşinqtona insan haqları problemlərilə bağlı dəvət etməyiblər. Təbii ki, şərt vardı və Əliyev də bunu anladığından Novruz bayramıöncəsi 10-dan çox siyasi məhbusu azad etdi. Çünki Amerika hökumətinin öz ictimaiyyətinin gözündə diktaturaları dəstəkləməmək qayğısı var. Ona görə də siyasi məhbusları azad etmədən Əliyevi dəvət etsəydilər, media Obama Administrasiyasını çox sərt tənqid edəcəkdi. Bir daha deyirəm, Amerikanın daha böyük geopolitik məqsədləri var, onun içində Azərbaycan hakimiyyətini dəyişmək planı yoxdur”.

Ana səhifəXəbərlər”Amerikanın Azərbaycan hakimiyyətini dəyişmək planı yoxdur”