Amerikalı həmsədrin çıxışı birmənalı qarşılanmadı

Politoloq Rasim Ağayev hesab edir ki, Ceyms Uorlik sərt tənqid olunduğuna görə özünə bərabət qazandırmaq istəyir

Source:


Politoloq Rasim Ağayev hesab edir ki, Ceyms Uorlik


sərt tənqid olunduğuna görə özünə bərabət qazandırmaq istəyir

ATƏT-in Minsk qrupunun Amerikalı həmsədri Ceyms Uorlik bu gün Vaşinqtonun Karnegi Fondunda çıxışı zamanı beynəlxalq vasitəçilərin Qarabağ münasqişəsinin tənzimlənməsi üzrə təkliflərini elan edib.

Amerikalı həmsədr tərəfləri sülhə nail olmaq üçün qətiyyətli addımlar atmağa çağırıb. O deyib ki, tənzimlənmə üzrə təkliflər danışıqlar masası üzərindədir və tərəflər onları rəhbər tutmalıdır: “Həmsədr ölkələrin prezidentlərinin əvvəlki bəyanatları 6 təməl elementdən asılıdır, bu elementlər hər hansı birini prioritet olaraq götürmədən, paket halında qəbul edilməlidir. Əks halda, bu, danışıqları pozacaq” (“Turan” İA).

Ceyms Uorlik deyir: “Birinci element tərəflərin Dağlıq Qarabağın müvəqqəti statusu ilə razılaşaraq, onun yekun hüquqi statusunun müəyyən edilməsini gələcəyə saxlayırlar. İkinci element ondan ibarətdir ki, bu müvəqqəti status minimum təhlükəsizliyə və keçmiş Dağlıq Qarabağ vilayətinə daxil olan ərazilərin özünüidarəsinə zəmanət versin. Üçüncü element: Qarabağ ətrafında işğal edilmiş ərazilər Azərbaycana qaytarılır. Dördüncü: Laçından Qarabağı Ermənistanla birləşdirən dəhliz olmalıdır. Dəhliz əlaqələr üçün kifayət edəcək qədər olmalı, bütün Laçın rayonunu əhatə etməməlidir. Beşinci: Qaçqınlar və köçkünlər daimi yaşayış yerlərinə qayıtmalıdır. Altıncı: Tənzimlənmə beynəlxalq sülhməramlı əməliyyat nəzərdə tutmalıdır, bunsuz sülhə zəmanət vermək mümkün deyil”.

Daha sonra həmsədr etimadın bərpa edilməsi üzrə tədbirlərin, hədə dilində danışıqdan imtinanın və tərəflərin xalq diplomatiyasını dəstəkləməsinin zərurətini vurğulayıb.

Ceyms Uorlikin söylədiklərini Meydan TV-yə şərh edən politoloq Rasim Ağayev bildirdi ki, həmin fikirlər təklif kimi qəbul olunmamalıdır və onun sözü də belə düşünmür: “O deyir ki, indiyə qədər olan təkliflər bir ideyaya dirəndi: mərhələli plana. Yəni əvvəlcə işğal altındakı ərazilər azad olunur, sonra muxtar vilayətin statusunun müzakirələri başlayır. Həmsədr hesab edir ki, bu təklif səmərəli olduğundan tərəflər prosesi davam etdirməliydi. Ona görə Uorlik düşünür ki, tərəflər yenidən masa arxasında oturub hansı qaydada 7 rayonun qaytarılmasını müzakirə etməlidir. Bundan sonra Dağlıq Qarabağın statusuna baxılsın. Xatırlayırsınızsa, bu söhbətlər mətbuata çıxanda Ermənistan da açıqlama yaydı ki, statusu müəyyən edən referendumun vaxtı da məlum olmalıdır. O zaman İlham Əliyev cavab verdi ki, bu müzakirə bir ilə, yaxud 10 ilə də ola bilər, amma heç kim zamanı deyə bilməz”.

Politoloq hesab edir ki, Ceyms Uorlikin dediklərində yeni bir şey yoxdur və o, məlum açıqlamanı verməzdən əvvəl Dövlət Departamenti ilə razılaşıb: “Eyni zamanda, Ermənistanla da söhbət olub. Uorlikin söylədiklərinin məğzi odur ki, tərəflər yenidən bir masa ətrafında oturub danışıqlara başlasın. Yəni danışıqlar bərpa olunsun. Amma hər şey sıfırdan başlansın. Bununla o, Minsk Qrupunun səmərəliliyini nümayiş etdirmək istəyir. Uorlik hər şeyin sıfırdan başlamasını təklif edir ki, bu, ümumiyyətlə, müzakirəedilməzdir. Ermənistan şərt qoymadan əraziləri boşaltdıqdan sonra müzakirə aparmaq olar. Bu mənada həmsədrin dediklərində sevinməli bir şey yoxdur. Onun çıxışının mənası həm də odur ki, son vaxtlar Azərbaycan tərəfindən sərt tənqid olunduğuna görə özünə bərabət qazandırmaq istəyir”.

Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov “Trend”də Ceyms Uorlikin söylədiklərinə reaksiya verib. Nazir bildirib ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar predmeti deyil və ilk növbədə Ermənistanın silahlı qüvvələri işğal etdikləri ərazidən çıxarılsa, bütün məsələlər həll oluna bilər.


E.Məmmədyarov bildirib ki, Azərbaycan tərəfi Dağlıq Qarabağ probleminin həlli üçün sülh sazişi üzərində işlərə başlamağa razılığını verib.

Xarici işlər naziri söyləyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli çərçivəsində sülhməramlı qoşunlar həmin əraziyə yerləşdirilməlidir. Çünki münaqişə tərəfləri arasında inam yoxdur və məcburi köçkünlərin təhlükəsizliyi üçün sülhməramlılar yerləşdirilməlidir: “Siyasi baxımdan razılığa gəlsək, bu məsələni həll edə bilərik”.

Ana səhifəXəbərlərAmerikalı həmsədrin çıxışı birmənalı qarşılanmadı