”Azərbaycan hakimiyyəti bu işə prioritet qaydada, yenidən baxmalıdır”
“Azərbaycanlı bloger saxta ittihamla həbsdə saxlanılır. Hazırda o, başladığı aclıq aksiyasına görə kritik vəziyyətdədir. Azərbaycan hökuməti onu dərhal azad etməlidir”.
Amerika senatoru Marko Rubio rəsmi Bakını bloger Mehman Hüseynovu dərhal azad etməyə çağırıb.
Avropa Şurası Parlament Assembleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Rocer Qeyl yaydıqları bəyanatda blogerə qarşı irəli sürülən ittihamı siyasi motivli hesab ediblər:
“Təxmin etməyə ciddi əsaslar var ki, yeni ittiham açıq şəkildə siyasi motivlidir və açıq şəkildə bizim siyasi məhbus hesab etdiyimiz tanınmış insan haqları fəalının susdurulmasını davam etdirmək üçün hazırlanıb. Azərbaycan hakimiyyəti bu işə prioritet qaydada, yenidən baxmalıdır”.
2 il azadlıqdan məhrum edilən və haqqında yeni cinayət işi açılan bloger Mehman Hüseynov 10 gündür aclıq aksiyası keçirir. M.Hüseynov Cinayət Məcəlləsinin 317.2-ci maddəsi (Cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının əməkdaşına qarşı həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmə) ilə ittiham olunur. Ona dəstək olaraq Müsavat Partiyasının üzvü Tofiq Yaqublu və AXCP üzvü Tofiq Məmmədov aclıq aksiyası keçirirlər.
Penitensiar Xidmətin mətbuat xidmətinin yaydığı məlumata əsasən, dekabrın 26-da 14 saylı Cəzaçəkmə Müəssisəsində insident yaşanıb.
Məlumata görə, bloger müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Əli Ələddin oğlu Abdalovun qanuni tələblərinə tabe olmayaraq, ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib. Xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb.
Məlumatda bildirilir ki, Mehman Hüseynovun üzərində axtarış aparılan zaman saxlanılması qadağan olan 461 manat məbləğində pul aşkar edilərək götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 317.2-ci maddəsi (Cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının əməkdaşına qarşı həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmə) ilə cinayət işi başlandığı bildirilir. Bu maddə 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.