Rauf Mirqədirovun apellyasiya şikayəti məhkəməyə təqdim olunacaq
Aprelin 19-da həbs olunan “Zerkalo” qəzetinin icmalçısı Rauf Mirqədirovla bağlı Nəsimi Rayon Məhkəməsinin qərarından şikayət hazırdır.
Bu barədə R.Mirqədirovun vəkili Fuad Ağayev Meydan TV-yə deyib ki, o, məhkəmənin qərarını götürüb və artıq apellyasiya şikayəti hazırdır, yaxın günlərdə məhkəməyə təqdim edəcək.
Vəkil bildirib ki, şikayətdə məhkəmənin qərarının ləğv olunması və jurnalistin azadlığa buraxılması istənilib.
Amerikanın Bakıdakı səfirliyi də jurnalistin Türkiyədən qəfil deportasiyası və Bakıda saxlanmasından narahatlığını bəyan edib. Bu barədə Azadlıq Radiosuna səfirliyinin mətbuat xidmətindən bildirilib: “Biz həmçinin Rauf Mirqədirovun Azərbaycan hökumətini tənqid edən yazıları, yaxud onun Dağlıq Qarabağ münaqişəsinin dinc həllinə yönəlik xalq diplomatiyası cəhdlərində iştirakından dolayı həbs olunması iddialarına görə narahatıq”.
“Xalq diplomatiyası kontaktları hər iki cəmiyyəti münaqişənin dinc həllinə hazırlayan, etimad-yaradan mühüm tədbirlərdir,” deyə səfirliyin məlumatında bildirilir.