Robert Sekuta: ”Minsk Qrupu ölkələri tərəfləri bir araya gətirməyə çalışır ki, burada da ümdə məqsəd hərtərəfli sülh sazişinin əldə olunmasına kömək etməkdir”
“2016-ci ilin Ramazan bayramı xüsusilə seçilir, çünki bu il multikulturalizm ilidir. Azərbaycan qədim tarixə malikdir, ona görə də dini qrupların ölkənin dini cərəyanına inteqrasiya edilməsinin davamlı olması vacibdir. Azərbaycan din və digər sahələrdə başqa ölkələrə örnək olmaq baxımından mühüm rol oynayır”.
Bu fikirləri Amerikanın Azərbaycandakı səfiri Robert Sekuta iyunun 22-də evində açdığı iftar süfrəsi zamanı deyib.
Səfir deyib ki, Amerikada müsəlmanların sayı 3 milyondan artıqdır, 2050-ci ilə qədər onların sayı 2 dəfə artacaq: “Müsəlmanlar ABŞ-da polis, əsgər, səhiyyə, mühəndis və başqa peşələrdə çalışırlar, yəni bizlərdən biridirlər. Xüsusilə Məhəmməd Əlinin son mənzilə yola salınması zamanı xalq izdihamını qeyd etmək istərdim. Prezident Obamanın Ağ Evdə iftar süfrəsində dediyi kimi, dünyadakı çoxsaylı çağırışlar müsəlmanların Ramazan ayında özlərində tərbiyə etdikləri fədakarlıq, nizam-intizam və səbr kimi keyfiyyətləri tələb edir. Sülh, xeyirxahlıq və mərhəmət kimi ortaq dəyərlərə hörmət etməklə biz təsdiqləyirik ki, hansı etiqada mənsubluğumuzdan asılı olmayaraq, hamımız bir ailəyik”.
Daha sonra səfir Sekuta jurnalistlərin suallarına cavab verib.
O, 20 iyunda Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Ermənistan və Azərbaycan dövlət başçılarının Sankt-Peterburq görüşü barədə suala cavabında deyib ki, bu məsələni amerikalı həmsədr Uorlikin ixtiyarına buraxır. Ancaq danışıqların məğzinə gəldikdə, danışıqlarda əldə olunan müsbət tempi alqışlayır: “Müsbət irəliləyiş var. Bu görüş ABŞ-ın vasitəçiliyi və həmsədrlərin köməyilə Vyanada keçirlən görüşün bir növ davamıdır. Minsk Qrupu ölkələri tərəfləri bir araya gətirməyə çalışır ki, burada da ümdə məqsəd hərtərəfli sülh sazişinin əldə olunmasına kömək etməkdir”.
Səfir Azərbaycan prezidentinin Amerikaya səfərinin nəzərdə tutulması haqda suala “belə bir planla bağlı məlumatım yoxdur” – deyə cavab verib.