Natiq Cəfərli: ” Xəbərin özü belə həmişə Brent neftdən bir neçə dollar ucuz olan WTI markalı ABŞ neftinin qiymətini qaldırdı”
“Nəhayət ki, baş verdi: WTI markalı neft qiymətdə Brent neftini keçdi, səbəb: ABŞ neftin ixracına qoyduğu qadağanı götürdü, ixrac perspektivləri WTI markalı neftin qiymətini Brent markasına çatdırdı…”.
Bu fikirləri öz Facebook səhifəsində ReAL İdarə Heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli yazıb.
Fikirlərini Meydan TV-yə daha geniş şərh edən iqtisadçı bildirib ki, Amerika Konqresi 40 ildən çox olan qadağanın aradan götürülməsi ilə bağlı qərara gəlib: “Söhbət ABŞ-ın xaricə olan neft ixraacatında olan qadağadan gedir. Ötən əsrin 70-ci illərində ərəb ölkələri ilə İsrail arasındakı müharibə zamanı birincilər Vaşinqtona Tel-Əvivi müdafiə etdiyi üçün neft embarqosu tətbiq etmişdi. Bu, Amerikada ciddi sosial-iqtisadi böhran yaşatdı, o vaxtdan xaricə neft satışına qadağa qoyulmuşdu. Dünən Konqresdə respublikaçılarla demokratlar ortaq qərara gəldilər və gələn ildən xam neftin ixraacatına qoyulan qadağa aradan götürüləcək. Bu, o anlama gəlir ki, Vaşinqton yaxın gələcəkdə təkcə neft istehsalçısı yox, neft ixraacatçısı kimi dünya bazarında qlobal rol oynamağa çalışacaq. Xəbərin özü belə həmişə Brent neftdən bir neçə dollar ucuz olan WTI markalı ABŞ neftinin qiymətini qaldırdı. Çünki bazarda ixrac perspektivləri yarandığından investorların marağı artdı və hazırda qiymətlər eynidir”.
İqtisadçı hesab edir ki, yaxın illərdə neft bazarında rəqabət daha da çətinləşəcək: “Respublikaçılarla demokratların razılaşmasından sonra neftin qiymətinin indiki səviyyədə qalma ehtimalı xeyli dərəcədə yüksəldi. Bu gün ABŞ-ın gündəlik neft istehlakı 15 milyon barrel civarındadır, bunun 9,5 milyonunu özü istehsal edir, 3 milyonunu Kanadadan, qalanını isə Meksikadan və Venesualadan alırdı. Hazırda Amerika neft istehsalçısı və ixraacatçısı kimi bazara daxil olmağa hazırlaşır. Bu da onunla bağlıdır ki, ABŞ-da neft ehtiyatlarını saxlamaq üçün rezervlər dolmaq üzrədir, belə olanda isə gələcəkdə neftin bir hissəsini bazara çıxartmaq ehtimalını gücləndirir. Bu isə dünya bazarında qiyməti daha aşağı salacaq, bundan aşağı salmasa belə, bugünkü qiymətlərdə qalmasına xidmət edəcək. Yaxın zamanlarda neftin qiyməti hətta 30 dollara və ondan da aşağı düşə bilər və 50 dollardan bahalaşması ehtimalı azalır. Bir çox analitiklər düşünür ki, ola bilsin gələn ilin sonuna yaxın neftin qiyməti yenidən 50-60 dollar olsun, amma bu səviyyələrə çatması üçün uzun zaman gərəkdir”.