13.29. ABA CEELİ-nin bank hesablarına da həbs qoyulub. Bu barədə məlumatı qurumlarla əlaqəsi olan şəxslərdın biri Meydan TV-yə təsdiqlədi.
Qurumun fəaliyyəti ilə bağlı cinayət işinin başladığı deyilir
Amerika Hüquqşünaslar Assosiasiyasının (ABA CEELİ) Bakı ofisi Azərbaycan hakimiyyəti tərəfindən təzyiqə məruz qalıb. Bu barədə Meydan TV-yə adını açıqlamaq istəməyən mənbə məlumat verib. Onun sözlərinə görə, qurumla bağlı cinayət işi başlayıb, assosiasiyanın əməkdaşları ifadə vermək üçün Respublika Prokurorluğuna dəvət edilir. Hətta qurumun bəzi sənədləri də istintaq tərəfindən götürülüb.
ABA CELLİ-nin əməkdaşı Nurlana Əliyeva faktla bağlı məlumat vermək üçün Amerikada yerləşən baş ofisdən icazə almağın vacibliyini vurğuladı və Meydan TV-dən bir gün vaxt istədi. Oktyabrın 21-də isə Nurlana Əliyeva qurumun Çikaqoda yerləşən Media Departamentinin fikrini çatdırdı: “Biz daxili işlərimizi şərh etmirik”. Qurum əməkdaşı bundan artıq münasibət bildirmək iqtidarında olmadığını da vurğuladı.
Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə Meydan TV-yə bildirdi ki, istənilən hüquqi şəxs prokurorluğa dəvət edilə bilər. Zərurət yaranarsa, bu barədə məlumat veriləcək.
Amerika Hüquqşünaslar Assosasiyası 190 ölkədə fəaliyyət göstərir. İndiyədək ABŞ-a rəhbərlik etmiş bütün prezidentlər, eləcə də hazırkı prezident Barak Obama, yüzlərlə konqresmen və senator qurumun üzvüdür.
Son illər Amerikanın Azərbaycanda fəaliyyət göstərən təşkilatlarına qarşı təzyiqlər artıb. Bir neçə il öncə Soros Fondu – Açıq Cəmiyyət İnstitutunun, bu ilin sentyabrında isə İREX kimi nüfuzlu təşkilatın Bakı ofisləri qapadılıb.