Amerika hər iki prezidentdən siyasi iradə tələb edir

Ceyms Uorlik: “Ümid edirik ki, prezidentlər konstruktiv danışıqlar aparmağa hazır olacaqlar”

Source:


Ceyms Uorlik: “Ümid edirik ki, prezidentlər konstruktiv danışıqlar aparmağa hazır olacaqlar”

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik dövlət katibi Con Kerrinin bu günlərdə Uelsdə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanla müzakirəsini səmərəli hesab edib.

Amerikalı həmsədr “Trend”-ə bildirib ki, görüşdə məqsəd tərəflərin mövqelərini daha yaxşı anlamaq və onları sülhün təmin olunması üçün tədbirlər görməyə təşviq etmək idi.

“Con Kerri prezidentləri atəşkəs rejimi haqqında sazişə hörmət etməyə, qoşunların təmas xəttində gərginliyin aradan qaldırılmasına çağırıb və hər iki prezident Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına sadiqliklərini təsdiqləyiblər”,- deyən Ceyms Uorlik bildirib ki, dövlət katibi həmçinin prezidentləri münaqişənin davamlı sülhlə nizamlanmasında irəliləyişə nail olmaqdan ötrü formal danışıqlar prosesinə başlamağa çağırıb: “Yaxın aylarda region xalqları üçün sülhün bərqərar olması ilə bağlı ümumi məqsədimizə nail olmaqdan ötrü qarşıda çoxlu görüləsi işlər var və dövlət katibi ilə görüş səylərimizi harada cəmləşdirəcəyimizi aydınlaşdırmağa imkan verdi”.

Uorlikin sözlərinə görə, ATƏT MQ oktyabrın sonunda Parisdə Azərbaycan və Ermənistan prezidentlərinin və Fransa lideri Fransua Ollandın üçtərəfli görüşünün keçiriləcəyini gözləyir: “Ümid edirik ki, prezidentlər konstruktiv danışıqlar aparmağa hazır olacaqlar”.

Həmsədr deyib ki, yalnız tərəflərin həqiqətən sülhə hazır olduqlarını nümayiş etdirdikləri zaman nəhayət münaqişənin həlli tapılacaq.

“Biz tərəflərə Minsk qrupunun köməyi ilə davamlı nizamlanmaya nail olmaqda hər cür kömək göstərəcəyik, amma biz münaqişəni həll edə bilmərik. Nəticədə nizamlama üçün hər iki tərəfdən siyasi iradə tələb olunur”,- deyə həmsədr söyləyib.

Kaliforniya ştatı Senatının (parlamentin ali palatası) Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnaməni şərh edən Uorlik bildirib ki, ABŞ konstitutsiyası federal hökumətə xarici siyasət yürütmək hüququ verir: “Ştat hökumətləri və qanunverici orqanları xarici məsələlər barədə məcburi olmayan bəyanatlar verə bilərlər, amma onlar ABŞ siyasətini təmsil etmirlər”.

Ana səhifəXəbərlərAmerika hər iki prezidentdən siyasi iradə tələb edir