AMEA Tarix İnstitutu mübahisəli monastırla bağlı bəyanat yaydı

Bunu Azərbaycan yox, məhz gürcü tarixçiləri – G.Alasania, Q.Melikişvili, M.Andronakişvili, R.Abramişvili, M.Sanadze və başqaları öz əsərlərində təsdiq edirlər

Source:


Azərbaycanlı tarixçilər ''David Qareci''/''Keşikçidağ'' kompleksinin albanlara məxsus olduğunu deyirlər

Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi Şurası gürcülərin “David Qareci”, azərbaycanlıların isə “Keşikçidağ” adlandırdığı monastırla bağlı bəyanat yayıb.

Bəyanatda Gürcüstanın sabiq daxili işlər naziri, müdafiə naziri İrakli Okruaşvili və Leyboristlər Partiyasının rəhbəri Şalva Natelaşvilinin Azərbaycana qarşı ərazi iddiaları xatırlanaraq bildirilib ki, Azərbaycan xalqını “çoban”, “gəlmə” adlandırıb, özlərini az qala bütün Cənubi Qafqazın ən qədim etnosu kimi təqdim etmələri yolverilməzdir.

Elmi Şura Azərbaycan xalqını Cənubi Qafqazın, o cümlədən müasir Şərqi və Cənubi Gürcüstanın ən qədim aborigen etnoslarından biri hesaba edərək qeyd edir ki, Azərbaycan xalqı qədim Azərbaycan – Albaniya dövlətinin tarixi varisidir. Albaniya dövlətinin ərazisi isə İberiyanın ən ucqar sərhədlərinə qədər uzanırdı. İberlərin şərq qonşuları albanlar, albanların qərb qonşusu isə iberlər idi:

“Böyük Plini iki xalq arasında sərhəddin Dəryal keçidindən başladığını, burada Kumania istehkamının yerləşdiyini, Hermastla – Armazi ilə üzbəüz cahanın hissələrə (Sarmatiya, Albaniya və İberiya) bölündüyünü yazır (Plini. VI.26.30). Strabon Kürün Araqvini qəbul etdikdən sonra dar vadi ilə Albaniyaya axdığını deyir ki, bu da müasir Msxeta ərazisinə uyğundur (Strabo, XI.3.2). Ptolemey, ümumiyyətlə, Telavi, Tiflis, Tianeti kimi şəhərləri Albaniya şəhərlərinin sırasında verir (Ptolemey, kitab 5, bölmə 12). Azərbaycana qarşı ərazi

iddiaları irəli sürənlər öz gürcü mənbələrini – Kartlis Sxovrebanın “Gürcüstanın xristianlığa döndərilməsi” bölməsini, Leonti Mrovelinin “Kartli çarlarının həyatı” əsərlərini oxusalar, e.ə. VIII-III əsrlərdə bugünkü bütün Cənubi və Şərqi Gürcüstan ərazisində gürcülərin buntürk, xəzər və hun adlandırdıqları qeyri-gürcü tayfalarının yaşadıqlarını qeyd etdiklərini görərdilər. Bu mənbələr yazır ki, o dövrdə Kartlidə xəzər nüfuzu o qədər güclü idi ki, iberlərin danışdığı altı dildən biri məhz xəzər dili idi, bütün gürcülər xəzər dilini bilirdi və danışırdı. Bu məlumatları arxeoloji materiallar da təsdiq edir. Şərqi Gürcüstanın e.ə. VIII-III əsr maddi-mədəniyyət nümunələri, həmin ərazilərin tamamilə kimmer-iskit-sak və erkən alban-türk (Yaloylutəpə) mədəniyyətinə aid olduğunu təsdiqləyir.

Bunu Azərbaycan yox, məhz gürcü tarixçiləri – G.Alasania, Q.Melikişvili, M.Andronakişvili, R.Abramişvili, M.Sanadze və başqaları öz əsərlərində təsdiq edirlər (bax: Alasania G. Gürcüler ve İslam Öncesi Türkler – s. 9-10; Меликишвили Г. А. К истории древней Грузии. Тбилиси: Изд-во АН Груз.ССР, 1959, c. 128, 292). Beləliklə, müasir Tiflis şəhəri, onun qərbindəki Alban düzü və ətraf ərazilər İberiyanın deyil, İskit-sakların idarəçiliyində, daha sonra isə Albaniya dövlətinin sərhədləri daxilində olub. Ərəb işğalları zamanı Albaniya dövləti aradan qaldırıldıqdan sonra Ərəb Xilafəti keçmiş tarixi sərhədləri saxladı və Albaniya ərazisi Arran torpaqları kimi adlandırıldı. VIII əsrin ortalarında bu ərazilərdə, Albaniya şəhəri, həm də İslamın sərhəd şəhəri olan Tiflis və onun ətraf ərazilərində (Borçalı da daxil olmaqla) Tiflis türk-müsəlman dövləti – Tiflis əmirliyi yarandı. Bu gün iddia qaldırdığınız ərazi Albaniya dövlətinin, Tiflis əmirliyinin torpaqlarının bir parçası idi. 300 ildən çox mövcud olmuş Tiflis əmirliyində Azərbaycan xalqı qədim mədəniyyət yaradıb. Yüzlərlə “Tiflisi” ləqəbi ilə görkəmli alimlər yetişdirib. Bu haqda gürcü müəlliflərin əsərləri də var. (Лордкипанидзе М. Д. Тбилиси (IV- начало XII в.). Тбилиси: Общество «Цодна», Тип. «Сам шобло», 1991)”.

Bəyanatda «Тифлисские ведомости» qəzetinin 1832-ci ilin 2 saylı yanvar buraxılışında, Q.S.Qordeyev adlı müəllifin məqaləsinə istinad olnuraq göstərilir ki, VI əsrdə Gürcüstanda Kürün sağ sahilində yaşayan “tatarların”, yəni Azərbaycan türklərinin başçısının adı Babakər idi və “Keşikçidağ” monastr kompleksində ilk kilsəni məhz o inşa edib:

“Ərazidə olan kilsələr və digər xristian abidələri də gürcü diofizit kilsəsinin deyil, müstəqil alban kilsəsinə məxsus alban mədəniyyət nümunələri idi. Eynii zamanda, David Qareci və onunla VI əsrdə bu ərazilərə gəlmiş 12 assuriyalı monofizit missioner müasir gürcülərdən etiqadlarına görə fərqlənirdi. Onlar monofizit albanlarla eyni etiqada malik idilər. Bununla belə, Keşikçidağ kompleksi ilə bağlı dəfələrlə qardaş Gürcüstan tərəfinin istəkləri nəzərə alınaraq müxtəlif sazişlər imzalanıb. O cümlədən, 1921-ci ilin iyul ayında N.Nərimanov-F.Maxaradze sazişi də imzalanıb, sazişə əsasən, iki dövlət arasında sərhəd ümumi şəkildə müəyyən olunmuşdu. Bu saziş və bundan sonra 1929-cu ilə qədər imzalanmış daha bir neçə qətnamə ilə Keşikçidağ da daxil olmaqla Gürcüstan və Azərbaycan arasındakı mübahisəli sərhəd məsələsində müəyyən addımlar atılıb. Məhz bu məqsədlə Prezident İlham Əliyev 19 dekabr 2007-ci il sərəncamı ilə Ağstafa rayonunun ərazisində Keşikçidağ silsiləsinin bir hissəni əhatə edən mağaralar kompleksini Azərbaycan Respublikasının “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu elan edərək bununla bölgənin Azərbaycan tarixinin ayrılmaz parçası olduğunu bir daha təsdiq etmişdir”.

62029.jpg
Keşikçidağ monastırı


Xatırlatma:

2018-ci ildə Avropanın Europa Nostra təşkilatı bu unikal tarixi abidə ilə bağlı öz icmalını başa çatdırıb. Onun məruzəsində deyilir ki, ümumilikdə kompleksə 21 məbəd və 5 min hücrə daxildir. Elə o zaman

Europa Nostra

kompleksi məhvolma təhlükəsi altında olan bəşəriyyət üçün vacib abidələr siyahısına daxil edib.

Kompleks təxminən 6-cı əsrə aid olduğu üçün hər iki ölkə müxtəlif tarixi faktlara və mənbələrə sahibdir. Sərhəd düz kompleksin içindən keçir və strateji tərəfdaş olan iki dost ölkə arasındakı dəfələrlə baş tutan danışıqlar hələ ki, heç bir nəticə verməyib.

Gürcüstan iddia edir ki, bu, gürcü mədəniyyətinə aid abidədir. Azərbaycanda hesab edirlər ki, kompleks alban mədəniyyətinin bir hissəsidir və gürcülərə heç bir aidiyyatı yoxdur.

Nəticədə Azərbaycan və Gürcüstan arasındakı 480 kilometrlik sərhədin 35 faizi razılaşdırılmayıb. Amma bu məsələ də onilliklər boyunca sakit halda qalıb. Din xadimləri və turistlər heç bir maneəsiz “David Qareci”nin həm Gürcüstan tərəfdə olan hissəsinə, həm də Azərbaycan tərəfində qalan hissəsinə pasport təqdim etmədən, heç bir məhdudiyyətsiz gəlib-gedə bilirdilər.

Gürcüstan prezidenti Salome Zurabişvilinin aprelin 20-də Gürcüstan-Azərbaycan dövlət sərhədini ziyarət edəndən və “David Qareci” monastr kompleksinin ərazisində sərhədçilərə baş çəkdikdən sonra mövzu təkrar gündəmə gəlib.

2019-cu ilin aprel-may aylarında birdən-birə tarixi abidə ətrafında vəziyyət gərginləşib.

Gürcüstanın sabiq daxili işlər naziri İrakli Okruaşvili və Leyboristlər Partiyasının rəhbəri Şalva Natelaşvili Azərbaycana qarşı ərazi iddiaları irəli sürüb, ərazidə müxtılif formada aksiyalar təşkil ediblər. Eyni zamanda, Bakıda olan iki Gürcüstan vətəndaşı ötən həftə “Keşikçidağ” monastrının Gürcüstanın olması haqda Milli Məclisin qarşısında şüar qaldıraraq sosial şəbəklələrdə paylaşıblar.

Sadalananlar Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələrində etirazla qarşılanıb. Həftənin əvvəlində Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov deyib ki, iki dövlətin sərhəd üzrə komissiyaları məsələ ilə bağlı müzakirələrə başlayıblar.

Ana səhifəXəbərlərAMEA Tarix İnstitutu mübahisəli monastırla bağlı bəyanat yaydı