AMEA. Nəyə və niyə ağı deyirik

Yazar: Zərdüşt Əlizadə

Foto: Meydan.tv

Elmlər Akademiyası Azərbaycana lazımdırmı?

Azərbaycan Milli Elmlər Akademiyasını, Molla Nəsrəddin demişkən, “doğrayıb ulduz qayırırlar”.

Cəmiyyətdə bu doğrama əməliyyatına fərqli yanaşmalar müşahidə edilir.

1.Cəmiyyətin 99%-nin heç tükü tərpənmədi, zira bu AMEA-nın camaatın gündəlik həyatına zərrə qədər aidiyyatı yoxdur.

2.Qalan 1%-in dünyadan bixəbər, fəqət vətənpərvər hissəsi dilxor oldu, zira hesab etdi ki, AMEA-nın doğranıb ulduz qayrılması ilə Azərbaycan dünyanın qabaqcıl elmli dövlətləri sırasına qoşulmaq fürsətini itirdi.

3.Qalan 1%-in vəziyyətdən hali hissəsi əlini yelləyib dedi ki, “qalsa idi, nə olardı, ölsə, nə olacaq?”

Cəmiyyətdə elmlə maraqlanan və hətta məşğul olan tanıdığım 5-10 nəfər AMEA-nın, daha doğrusu, sabiq AMEA-nın neçə ulduza doğranacağını, bu ulduzların gələcək taleyini müzakirə etməyə başladılar.

Düzü, tanışlarımın əksəriyyəti AMEA-nın elmə ziyandan başqa heç nə gətirməyən Rəyasət Heyətinin ehtimal edilən ləğvini öncədən bəyəndi. Niyə? Çünki bu Rəyasət Heyətində əksəriyyəti həqiqi elmə yad ünsürlər toplaşıb və həqiqi elmin inkişafını əngəlləyirlər. Bu Rəyasət Heyəti sanki bizim Milli Məclisdir, çünki siyahısı Prezident Aparatında tutulur. MM əgər həqiqi parlamentdirsə, AMEA-nin Rəyasət Heyəti də həqiqi elm ocağıdır.

Öz öncəgörmə qabiliyyətimi bir daha sınamaq üçün elan edirəm ki, nahaq yerə sevinirlər, AMEA-nın Rəyasət Heyəti qalacaq.

Niyə?

Türkmənistandan və Baltik dövlətlərindən başqa bütün sabiq sovet dövlətlərində, ilk növbədə Rusiyada, Elmlər Akademiyası qalıb? Qalıb. Ə bə bizim nəyimiz onlardan əskikdir? Azərbaycan üçün nə Türkmənistan, nə Estoniya, nə Latviya və nə də Litva örnək deyil.

Yeri gəlmişkən, rəhmətlik Saparmurad Türkmənbaşı ölkəsi imperiya boyunduruğundan xilas olunca dərhal sirki də, Opera və Balet teatrını da, Elmlər Akademiyasını da ləğv etmişdi. Dəqiq bilinmir, Saparmuradı akrobatlar, təlxəklər, ya sirk heyvanları, balerinalar, yoxsa savadsız türkmən alimləri əsəbiləşdirmişdi. Lakin yalnız bu ləğv əməliyyatından sonra Türkmənbaşı bütün türkmənlərin məcburi mütaliə etdiyi “Ruhnamə” əsərini ərsəyə gətirə bilmişdi.

Türkmənistan Elmlər Akademiyasının ləğvi nəticəsində büdcədə qənaət edilən pullar Türkmənistanı xilas edə bilmədi, qardaş türkmən xalqı heç də qardaş azəri türklərindən yaxşı yaşamır.

Bizim hakimiyyət, insaf xatirinə, sirkə dəyib-dolaşmır, əksinə, cəmiyyətimiz inkişaf etdikcə daha cox sirkə bənzəməyə başlayır.

Qayıdaq AMEA-ya. Bəli, bizim Akademiyanın təbiət elmləri ilə məşğul olan bütün institutları alınıb verildi təzəcə təsis edilmiş Təhsil və Elm Nazirliyinə, daha döğrusu, onun nəzdində yenicə təsis edilmiş agentliklərə. Bu agentliklər ikidir, hansı birisi hansı institutu alacaq, hələ heç kəs bilmir. Onları məktəbəqədər təhsil agentliyinə versələr, təəccüblənmərəm.

Qərb dünyasında elmin təşkilindən xəbəri olanlar belə təxmin edirlər ki, təbiət qanunlarını öyrənən institutları verəcəklər universitetlərə. Elmlə təhsilin izdivacı hər ikisini gücləndirəcək.

Yenə əllaməlik edib deyirəm ki, xeyr, güclənməyəcəklər. Niyə? “Qarabağ” futbol klubunu “Neftçi” futbol klubu ilə birləşdirsəniz, daha güclü komanda ərsəyə gələcəkmi? Bu komanda “Mançester-siti” ilə bərabər səviyyədə yarışa biləcəkmi? Zənn etmirəm.

Ümumiyyətlə, Elmlər Akademiyası Azərbaycana lazımdırmı? Başınıza dönüm, Zambiyada, Seneqalda, Somalidə və Burkina Fasoda Elmlər Akademiyası var? Yoxdur. Türkmənistanda da yoxdur. Bizdə də olmaya bilər.

Lakin olacaq. Niyə?

Niyə də olmasın? Bizdə “Formula -1” varsa, Elmlər Akademiyası da olmalıdır. Heç nəyimiz heç kimdən əskik deyil.

Qayıdaq AMEA-ya. Özümüzə sual verək: necə oldu ki, Azərbaycanda Elmlər Akademiyası yarandı?

Cavab gün kimi aydındır. Rusiya imperiyası Qərbdən nümunə götürüb elə Qərb alimlərinin köməyi və Romanovlar sülaləsinin pulu ilə Akademiyanı yaratmışdı ki, Rusiya gerilikdən qurtulub qabaqcıl Qərb dövlətləri ilə ayaqlaşa bilsin. Sovet Rusiyası da Elmlər Akademiyasını nəinki saxlamış, onu hətta dəfələrlə daha güclü elm ocağına çevirmişdi ki, fundamental elmlərin kəşfləri tətbiqi elmlərdə yeni texnologiyalara, yeni texnologiyalar Qərbə layiqlı cavab verə biləcək yeni, daha müasir silahların istehsalına gətirə bilsin.

Sovet imperiyasına işıqlı zəkalar lazım idi. Sadə məntiq deyirdi ki, bu işıqlı zəkaları nə qədər geniş dairədə axtarsan, onların tapılma ehtimalı bir o qədər artar. Buna görə də axtarış dairəsini genişləndirib bu dairəyə geridə qalmış qardaş sovet xalqlarını da əlavə etmək lazım gəldi. Məhz buna görə Cənubi Qafqaz və Orta Asiya respublikalarında Elmlər Akademiyaları təsis edildi. Başı işləyən gənc oğlan və qızlar SSRİ-nin qabaqcıl elm mərkəzlərində güclü alimlərin rəhbərliyi və himayəsi ilə elmin zirvələrini fəth etməyə başladılar.

İndi ABŞ bütün dünyada zəkalı oğlan və qızları toplayıb-oxudub onları dünya elminin, ilk növbədə amerikan elminin inkişafına cəlb etməyə çalışır. Niyə? Amerikan elmi nəhəng amerikan sənayesinə, nəhəng transmilli şirkətlərin inkişafına xidmət edə bilsin. Zəka Amerikada kapitalı artırır, bizdə kapitalı korrupsiya artırır.

Azərbaycanda sənaye yoxdur. Pomidor, xiyar, badımcan və digər şəftəliləri saya almaya bilərik. Azərbaycanın olanı neftdir və qazdır, onu da Qərb şirkətləri öz texnologiyaları ilə hasil edib daşıyır, satır və pulun bir hissəsini Azərbaycan hakimiyyətinə verir.

Sovet dövründə AZİ adlı tanınan neft təhsil və elm mərkəzi var idi, sonra Rövnəq müəllim İlham müəllimi dilə tutub bir dənə də quru yerdə Neft Akademiyası təsis etdi. İslahatı gördünüzmü? Əla islahat idi. İndi dünya neft elmində nə AZİ-yə, nə də Neft Akademiyasına qara qəpiklik qiymət verən yoxdur.

Əgər Azərbaycanda sənaye yoxdursa, deməli, əməli olaraq bizim dövlətdə təbiət qanunlarını kəşf etməyə çalışan institutlara da heç bir ehtiyac yoxdur. Ehtiyac yoxdur, amma institutlar var. İnstitutlar varsa, onlara büdcədən pullar da ayrılır. Hakimiyyət çox gözəl anlayır ki, bu, əbəs yerə xərclənən pullardır. Axı bu pullara Londonda bir neçə mülk əlavə almaq olar. Lakin bu pullar ayrılır. Niyə? Bu, hakimiyyətə xeyirdir, zira avam əhalidə belə təsəvvür yaranır ki, müdrik prezidentin rəhbərliyi ilə Azərbaycan aramsız inkişaf edir, hətta elmi institutları var, işləyirlər və nə vaxtsa bütün dünyanı heyrətə gətirəcək cahanşümul elmi kəşflər də ediləcək.

Bəli, ediləcək. “Formula-1”-də azərbaycanlı pilot Azərbaycanın istehsal etdiyi maşınla qalib gəldiyi gün azərbaycanlı alimlər də həqiqi elmi kəşfləri ilə dünyanı heyran qoyacaq.

Lakin AMEA-da dəqiq elmləri öyrənən institutlarla yanaşı cəmiyyəti də öyrənən institutlar var. Bəlkə onlar elmə və xalqa hansısa böyük elmi töhfələr verə biləcək?

Əminəm ki, müasir Azərbaycanda bu, mümkün deyil. Bütün dünyada ictimai elmlərin məqsədi cəmiyyəti öyrənib dəqiq və qərəzsiz məlumatı həmin bu cəmiyyətə çatdırmaqdır. Bizdə bu məqsəd yolverilməzdir. Cəmiyyətə onun barəsində dəqiq, təhrif edilməmiş məlumatı çatdırmaq yasaqdır. Nəinki yasaqdır, hətta dövlətə xəyanətdir. Dürüst məlumat hakimiyyətin aramsız yalanlarını ifşa edə bilər.

Məhz buna görə bizdə cəmiyyəti öyrənən sosiologiya elmi yoxdur. Tarix elmi hakimiyyətin yalan horralarına duz və istiot səpib əhaliyə yedizdirir. İqtisadiyyat elminə ölkənin gerçək iqtisadiyyatını öyrənmək qəti qadağandır, bunun qarşısını almaq üçün Dövlət Statistika Komitəsi qondarma yalan rəqəmlər quraşdırıb avam xalqın gözünə kül üfürür. İqtisadiyyat İnstitutu Azərbaycanda korrupsiyanın həcmi və mexanizmi, şadlıq saraylarının vergi dərəcələri və xeyriyyə fondlarının gəlir mənbələri barədə tədqiqat mövzusunu təsdiq edən gün deyə bilərik ki, ölkəmizdə ictimai elmlər üçün şərait yetişib.

Odur ki, cəmiyyəti öyrənən institutları AMEA-nın Rəyasət Heyətinin nəzdində saxlayıb yemləyəcəklər, zira, yuxarılarda deyildiyi kimi, “bu, siyasi əhəmiyyətli məsələdir”.

AMEA-nın özünü saxlayacaqlar, zira hakimiyyətə yaltaqlanan, ağa qara, qaraya ağ deyən elm dəllallarının rolunu onlardan yaxşı daha heç kim oynaya bilməz. AMEA dönüb olacaq “Nyu-York Elmlər Akademiyası” kimi bir qurum. 200 dollar ver, səni həqiqi üzv seçsinlər.

Həyatımın 17 ilini Elmlər Akademiyasında keçirmişəm. Peşiman deyiləm, zira SSRİ hakimiyyəti alimlərə dilənçi maaşı versə də, onların asudə tərzdə elm öyrənməsinə, elmlə məşğul olmasına mane olmurdu. Həmin bu 17 ilin çox hissəsini EA-nın Əsaslı Kitabxanasında ən son kitab nəşrləri ilə tanış olarkən özümü xoşbəxt sanmışam. EA-da işlədiyim dövrdə yazdığım elmi işləri, sayca çox da olmasalar, samballı sayıram. İnanıram ki, məhz bu 17 ildə oxuduğum kitablar, ordu və xaricdəki iş təcrübəm mənə imkan verib ki, vətənimdə gedən siyasi prosesləri düzgün təhlil edib dürüst nəticələr çıxarım.

AMEA-nı doğrayıb ulduz qayırırlar. Təxminən bir ay bundan əvvəl AMEA-nın həqiqətən son layiqli prezidenti olmuş akademik Eldar Salayevin vəfatı xəbərini oxuyanda ürəkdən kədərləndim. Nəcib, savadlı, işıqlı insan idi.

Akademik Eldar Salayevin dünyadan köçməsi ilə AMEA-nın “islahat” dəyirmanına düşməsi təsadüf idimi, ya qanunauyğunluq, heç kəs deyə bilməz. Hər halda faktdır və əminəm ki, bizim AMEA-ya bu faktı öyrənmək yasaqdır.

Ana səhifəMənim FikrimcəAMEA. Nəyə və niyə ağı deyirik