AMEA-da quş dartışması

Bildiyimiz bircə ümumi məbləğ var: son 10 ildə AMEA-ya dövlət büdcəsindən 841 milyon 193 min 231 manat vəsait ayrılıb.

Foto: Meydan.tv


Bir qurumda çalışan iki institutun bir-birindən xəbərsiz belə addım atması heç də yaxşı hal deyil

Azərbaycan Milli Elmlər Akademiyası(AMEA) yenə ağılalmaz addımlarıyla gündəmə gəlib. Bu günlərdə quş adlarının dəyişdirilməsiylə bağlı yayılan xəbər saytların trendinə çevrilən çılpaq qızlar informasiyasını kölgədə qoydu. Son günlər sosial şəbəkələrdə əsasən bundan danışılır. Açığı, Akademiyamızın adına Milli sözü əlavə olunanda bir çoxu kimi mən də narazı qalmışdım; elmin millisi olmaz məntiqiylə. Ancaq AMEA Zoologiya İnstitutu Elmi Şurasının quş adlarını milliləşdirməsi Akademiyanın adına Milli sözünün niyə əlavə edilməsinə, həm də vaxtilə mənim də yanlış düşüncədə olmağıma aydınlıq gətirdi.

Dünya elm tarixinə ciddi töhfə sayılan bu addım, maraqlıdır ki, elə AMEA-nın özündə qısqanclıqla qarşılanıb. AMEA Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu onların quş adlarının dəyişdirilməsiylə bağlı təklif vermədiyini bildirib, eyni zamanda bunu təxribat adlandırıb. İnstitutda Terminalogiya şöbəsinə rəhbərlik edən Sayalı Sadıqova da direktoru ilə eyni mövqedə olub: “Onların (Zooligiya İnstitutu – R.H.)bizə demədən belə bir dəyişiklik etməsi yolverilməzdir. Quşların adı dəyişdirilə bilməz. Biz indi Zoologiya İntitutu ilə əlaqə saxlayacağıq”.

Bir qurumda çalışan iki institutun bir-birindən xəbərsiz belə addım atması heç də yaxşı hal deyil. Ad qoymaq, dəyişmək, ləğv etmək məsələsi Dilçilik İnstitutuna bağlı olduğundan, ən azı onlar məlumatlandırılmalıydı. Çünki Akademiyadakı bütün institutların üzərində AMEA adı var. Dövlət büdcəsindən də vəsait ayrılanda ayrı-ayrı institutlara yox, AMEA-ya verilir. Büdcədən ayrılan pulun bölgüsünü də AMEA aparır. Uğur da, uğursuzluq da

AMEA-nın adına yazılır. Çox şükür, hələ ancaq uğurlara şahidlik edirik. Məsələn, alimlərdən biri mələyin uçma sürətini hesablamışdı. Heç o alimin adını düz-əməlli çəkən olmadı, hamı deyirdi ki, AMEA-da mələyin uçma sürəti hesablanıb. Düzü, sonrakı prosesi izləmədim, dünyanın buna reaksiyasını bilmədim, Nobel-filan verilib-verilmədiyindən də xəbərsizəm. Ancaq indi iki institut arasında yaranmış konflikti mən də elmimiz adına təxribat sayıram. Kimlərsə bu işdə maraqlı ola, Akademiyanı quşbazlıqda suçlaya bilər. Yoxsa kimin vecinədir quşun adının nə olması. Ölkədə addımbaşı pozulan insan haqlarına səsi çıxmayanların quş adlarının dəyişdirilməsinə qarşı təpki göstərməsi heç də səmimi görünmür. Maygülü sözü, məncə, çox gözəl səslənir. Məntiq də var burda, güllər mayda çiçək açır, quşlar mayda ilhama gəlib oxuyur. Bəzi adamlara “maygülü” deyilməsini mən də xoşlamıram; adama görə yox ha, o gözəl sözün aşağılanmasına görə…

Qayıdaq institutlararası savaşa. Sayalı xanım yuxarıdakı sözləri aprelin 5-də deyib, Zoologiya İnstitutu ilə əlaqə saxlayıb-saxlamadığını da bilmirəm. Ola bilsin, “bizim işimizə qarışmayın” deyib irada heç cavab verməsinlər. Bir məşhur politoloqun ABŞ-İran münasibətləri gərginləşəndə “bunun Azərbaycana hansı təsirləri ola bilər” sualına verdiyi cavab kimi: nə desən ola bilər… Arada saytlara baxmışam, Zoologiya İnstitutundan bu iradlara cavab gəlməyib.

AMEA
AMEA

İmkan düşmüşkən, bu atəşkəs rejimindən, yəni fürsətdən yararlanıb başqa bir məsələyə diqqət çəkmək istəyirəm. AMEA-ya son 10 ildə ayrılan büdcə vəsaitinə. Dövlət büdcəmizdə “Elm xərcləri” adlı bənd var. O bəndə uyğun olaraq müxtəlif qurumlara elm üçün hər il büdcədən pul ayrılır. Sevindiricidir ki, onların arasında Milli Akademiyamız da var. Ən çox vəsait də AMEA-ya çatır. Orada açıq şəkildə yazılıb: “Azərbaycan Milli Elmlər Akademiyası və onun tabeliyində olan müəssisələrin saxlanılması xərcləri”. Ancaq bir problem var ki, xərclərin bölgüsüylə bağlı informasiyamız yoxdur, yəni mələyin uçma sürətini hesablamağa, yaxud quş adlarının dəyişdirilməsinə və başqa bu kimi mühüm elmi işlərə nə qədər vəsait ayrıldığını bilmirik. Bildiyimiz bircə ümumi məbləğ var: son 10 ildə AMEA-ya dövlət büdcəsindən 841 milyon 193 min 231 manat vəsait ayrılıb.

İllər üzrə bölgü:



2009 – 67 milyon 733 min 253 manat



2010 – 60 milyon 865 min 113 manat



2011 – 68 milyon 073 min 787 manat



2012 – 74 milyon 044 min 929 manat



2013 – 78 milyon 389 min 426 manat



2014 – 83 milyon 467 min 965 manat



2015 – 85 milyon 381 min 614 manat



2016 – 79 milyon 479 min 563 manat



2017 – 79 milyon 816 min 353 manat



2018 – 81 milyon 444 min 406 manat



2019 – 89 milyon 496 min 822 manat.

Bundan başqa, arada Prezidentin Ehtiyat Fondundan da AMEA-ya müxtəlif illərdə vəsait ayrılıb. Elmin İnkişafı Fondunun da əsas vəsaiti AMEA layihələrinə xərclənib. Ayrılan pulların necə xərclənməsi bizlik deyil.

Bircə istəyimiz var ki, elmimiz bu növbəti sınaqdan – iki institut arasında baş verən konfliktdən itkisiz çıxsın. Quşdur, dilsiz-ağızsız heyvandır, adının dəyişməsindən heç xəbəri yoxdur, guya biz nə vaxtsa onlara adıyla müraciət etmişik ki… Uşaqlıqdan yadımdadır, bizi görəndə qaçıb bir az uzağa qonardılar; torağayı da, sərçəsi də, qarğası da… Yenə də elədir, 100 il sonra da elə olacaq, biz də burda özümüzə əl qatmışıq.

Elmimiz üçün xeyirli-uğurlu olsun! Amin!


P.S.

Aprelin 5-də AMEA-da akademik Ramiz Mehdiyevin “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabının təqdimatı olub. Ramiz müəllim özü iştirak etməsə də, Akademiyanın prezidenti, vitse-prezidenti, institut direktorları tədbirdə çıxış edib, yeni kitabla bağlı fikirlərini bildiriblər. Tarix İnstitutunun direktoru Yaqub Mahmudov bu kitabı “sanballı tədqiqat işi” adlandırıb. Bilməsə, deməz.

Elmimiz etibarlı əllərdədir.

Ana səhifəXəbərlərAMEA-da quş dartışması