AMEA-da 182 akademik digər 1529 işçi qədər maaş alır

Xaricdən alimlər, mütəxəssislər gətirilirsə, bizim alim və mütəxəssislərə ayrılan bu qədər vəsait boşunadırmı?

Source:
Azərbaycan Milli Elmlər Akademiyası
Azərbaycan Milli Elmlər Akademiyası

Yaponiyadan Bakıdakı sürüşməni öyrənməyə gələn alim paytaxtdakı torpaq ayrılmalarının səbəbini tapa bilər, Elmlər Akademiyasındakı maaş fərqlərinin sürüşməsini isə çözə bilməz. Həm də bu sürüşmə rəsmi qərardır.

Bir neçə gün qabaq prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvlərinin aylıq rütbə maaşlarının artırılması haqqında sərəncam imzalayıb. Sərəncam Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvlərinə dövlət qayğısını artırmaq, onların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etmək üçün verilib.

Sərəncamla 2018-ci il noyabrın 1-dən Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərinin aylıq rütbə maaşı 2000 manat və müxbir üzvlərinin aylıq rütbə maaşı 1200 manat məbləğində müəyyən edilib.

Bundan qabaq həmin kateqoriyaya aid olan şəxslərin rütbə maaşı prezidentin 27 aprel 2011-ci il tarixli sərəncamı ilə artırılmışdı. AMEA-nın həqiqi üzvlərinə 1200, müxbir üzvlərinə 850 manat maaş kəsilmişdi. Sərəncam həmin il mayın 1-dən qüvvəyə minmişdi.

Başqa ölkələrdə akademiklərin nə qədər maaş aldığını bilmirəm. Ola bilsin, bizimkilərdən qat-qat çox alırlar. Ancaq o yüksək maaşın arxasında elm, ölkəyə milyonlar gətirən ixtiralar dayanır. Oralarda, yəqin, bir neçə vəzifəni qamarlamaq, adını akademiyaya yazdırıb elmlə yox, bizneslə məşğul olmaq, dövlətdə vəzifə tutmaq, bir neçə yerdən maaş almaq praktikası yoxdur.

Bizdə isə durum fərqlidir. Bu gün rütbə maaşları artırılanların, demək olar, hamısı ya bir neçə yerdə, ya da ən azı iki yerdə işləyir. İki-üç yerdən maaş, üstəlik, pensiya alır. Məsələn, rütbə maaşı artırılanlardan birinin – Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin dövlət qayğısına, sosial müdafiəsinin gücləndirilməsinə ehtiyacı olduğuna heç o sərəncamı imzalayanı inandıra bilməzsiniz. Yəni dövlətimiz o qədər zəifdir ki, Prezident Administrasiyasının rəhbəri postunu tutan, üstəlik, bütün vəzifə bölgülərində (deputat mandatı da daxil, Elşad Abdullayev-Gülər Əhmədova olayını yada salın) söz yiyəsi olan adam bir qarın çörəyə möhtac qalıb, prezident də Ramiz müəllimin sosial müdafiəsinin gücləndirilməsi üçün sərəncam verir?! Bu yaşda adam, yəni Ramiz Mehdiyev kimi ömrü boyu dövlətdə vəzifə tutan, vergilərini, sosial müdafiə ödənişlərini vaxtında ödəyən biri elə təkcə yüksək pensiyası ilə oliqarx həyatı yaşaya bilər. Çünki o özü əhalinin sosial müdafiəsinin gücləndirilməsinə məsul şəxslərdən biri, birincisidir. 10 milyonluq əhalinin dərdini çəkən, güzəranını düşünən öz qayğısına da qalmamış olmaz!

Ya da Yaqub Mahmudov, AMEA Tarix institutunun direktoru, Milli Məclisin üzvü, parlamentin əmək və sosial siyasət komitəsinin üzvü, akademik. 1994-cü ildən 2004-cü ilə qədər BDU-nun tarix fakültəsinin dekanı olub. Dekanlıqdan çıxsa da, hələ də BDU “Qədim dünya və orta əsrlər tarixi” kafedrasının müdiridir. Sosial müdafiəsi gücləndirilən 79 yaşlı akademikin pensiyası da yetərincə yüksəkdir. Elmin İnkişafı Fondundan 2010-cu ildə 50 min manat qrant da alıb. Hələ aşağıda sadalanan başqa vəzifələri də var:

Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvüdür. Azərbaycan Respublikası Prezidenti yanında Heraldika Şurasının, «Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla iş üzrə Dövlət Komissiyası»nın, Azərbaycan Respublikası Milli Məclisi Toponimika Komissiyasının, Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyəti İdarə Heyətinin, Qafqaz Müsəlmanları İdarəsi Elmi-dini Şurasının, Azərbaycan Milli Ensiklopediyası Baş Redaksiya Şurasının, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvüdür. Ölkə üzrə tarix ixtisası sahəsində Dissertasiya Şurasının, Təhsil Nazirliyi Elmi-Metodik Şurası Tarix bölməsinin, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında tarix fənni üzrə elmi-nəzəri seminarın sədridir.

Bütün bunlardan daha önəmli olan işi də var; o, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.

İsa Həbibbəyli AMEA-nın vitse-prezidenti, akademiyanın həqiqi üzvü, Milli Məclisin elm və təhsil komitəsinin sədridir. AMEA Ədəbiyyat İnstitutunun direktorudur. Komitə sədri kimi maaşı sıravi deputatların əmək haqqından çoxdur – 2 min 970 manat. Bu sadalananlardan əlavə, yəqin, maaş aldığı başqa yerlər də var. Bundan başqa, 69  yaşlı İsa müəllimin həm də babat pensiya aldığı şübhəsizdir.

Ziyad Səmədzadə də MM-də İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri kimi 2 min 970 manat maaş alır. AMEA-nın həqiqi üzvü kimi noyabrın 1-dən 2000 manat da akademiyadan alacaq. Sosial müdafiəsini gücləndirmək üçün arada QHT Şurasından qrant da alır – Azərbaycan İqtisadçılar İttifaqı adına (indi təşkilata qızı Aytən Səmədzadə rəhbərlik edir). Təsisçisi olduğu “İqtisadiyyat” qəzeti isə KİVDF-dən qrant alır. 78 yaşlı Ziyad müəllim, yəqin, 15-20 ildir pensiya da alır. Görkəmli iqtisadçı kimi təqdim olunan Ziyad müəllimin elmimizə və iqtisadiyyatımıza hansı töhfələr verdiyindən xalq xəbər tutmalı, onun hərtərəfli yaradıcılığından məlumatlandırılmalıdır. Çünki o, eyni zamanda MM-in mədəniyyət komitəsinin üzvüdür, iqtisadiyyatla mədəniyyəti bir araya gətirməyi bacaranlardandır.

Arif Paşayev prezidentin qayınatasıdır. Eyni zamanda Milli Aviasiya Akademiyasının rektorudur. AMEA-nın həqiqi üzvüdür. Sosial müdafiəsi möhkəm dayaqlar üzərində olan akademik bu gücləndirməyə heç ehtiyacı olmayanlardandır. 84 yaşlı Arif Paşayev azı 20 ildir pensiya alır.

Keçmiş təhsil naziri Misir Mərdanovun sosial müdafiəsinin gücləndirilməsini hər kəs lətifə kimi qəbul edəcək. Adam rektor (1996-1998), təhsil naziri (1998-2013) olduğu çağlarda sosial müdafiəsinin qayğısına elə qalıb ki, onu kimsə zəiflədə bilməz. AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru (19 aprel 2013-cü ildə nazir vəzifəsindən çıxarılan gün təyin olunub), BDU “Ali riyaziyyat kafedrası”nın müdiridir, üstəlik, 72 yaşı var, bu isə o deməkdir ki, ən azı 10 ildir (daha çox da ola bilər) pensiya alır, həm də yüksək. Hələ hotel, restoran, idman kompleksi-filan kimi biznes strukturlarından gələn gəlirləri kənara qoyuruq. Bundan başqa, Misir müəllim bir sıra jurnalların, kitabların redaktorudur. Məşhur reklamda deyildiyi sayaq: …bitmir ki, bitmir.

– “Azərbaycan Milli Elmlər Akademiyasının Xəbərləri” jurnalının fizika-texnika və riyaziyyat elmləri seriyasının riyaziyyat və mexanika buraxılışının redaktor müavinidir.

– “Azerbaijan journal of Mathematics” jurnalının redaksiya heyətinin üzvidir.

– AMEA “Riyaziyyat və Mexanika İnstitutunun əsərləri” jurnalının baş redaktorudur.

– “TWMS Journal of Pure and Applied Mathematics” (Turkic World Mathematical Society) jurnalının beynəlxalq redaksiya heyətinin üzvidir.

– “Чебышевский сборник” jurnalının beynəlxalq redaksiya heyətinin üzvidir.

– “Optimallaşdırma üsulları” kitabının elmi redaktorudur.

– Riyaziyyat və Mexanika İnstitutunun D 01.111 dissertasiya Şurasının üzvüdür.

– Riyaziyyat və Mexanika İnstitutunun Elmi Şurasının sədridir.

– 2015-ci ilin martın 2-dən Riyaziyyat və Mexanika İnstitutunun D.01.111 Dissertasiya Şurasının sədridir.

– 2014-cü ilin оktyabrın 28-dən Pedaqoji təhsil üzrə Beynəlxalq Elmlər Akademiyasının (Moskva) akademikidir.

Bu işlər adamdan sonsuz enerji, fenomenal yaddaş tələb edir; ən azı işlədiyin yerləri axtarıb tapmaq üçün. Bütün bu işlərdən imkan tapıb elmə vaxt ayırmaq yazımızın mövzusu deyil…

Nizami Cəfərov Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, BDU filologiya fakültəsi “Ümumi dilçilik” kafedrasının əməkdaşıdır. Başqa vəzifələri də ola bilər…

Musa Qasımlı MM-in deputatı, AMEA-nın müxbir üzvü, BDU Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının əməkdaşıdır.

Rəfael Hüseynov mədəniyyət komitəsinin sədri kimi 2 min 970 manat MM-dən alır. Akademiyadan isə həqiqi üzv kimi 2 min manat alacaq. Bundan başqa, Nizami adına Ədəbiyyat Muzeyinin direktoru kimi də maaş alır.

Abel Məhərrəmov 1999-cu ildən bu günlərdə çaxır çəlləyi aşanacan Bakı Dövlət Universitetinin rektoru olub. 19 ildir. Az vaxt deyil, iki dönəm də (2005-2015) Milli Məclisin deputatı olub. Qanun yol verməsə də, deputatlıqla rektorluğu bir araya sığışdıra, üstəlik, bu iki ağır işdən vaxt tapıb AMEA-nın müxbir üzvü(2001), həqiqi üzvü (2007) seçilə bilib. Restoran və şadlıq evlərinin idarəçiliyi də öz yerində…

Gövhər Baxşəliyeva da həm Milli Məclisin deputatı kimi 2 min 598 manat maaş alır, həm də AMEA-nın həqiqi üzvü kimi 2000 manat alacaq, üstəlik, Ziya Bünyadov adına Şərqşünaslıq institutunun direktoru kimi də, yəqin, vəzifə maaşı var.

Əhliman Əmiraslanov MM-in Səhiyyə Komitəsinin sədri, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik–katibi, ATU Onkologiya kafedrasının müdiri, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvüdür. Bütün bunlarla yanaşı, sağlıq olsun, bu aydan AMEA-nın həqiq üzvü kimi də 2000 manat rütbə maaşı alacaq. 71 yaşlı akademikimiz pensiyaya da vaxtında çıxmış olar.

Akademiyada sonuncu seçki (əslində, elə akademiya əməkdaşlarından bəziləri bunun seçki yox, təyinat olduğunu deyir) 2 may 2017-ci ildə keçirilib. Ümumi yığıncaqda AMEA-nın 16 həqiqi və 25 müxbir üzvü

seçilib

.

2014-cü il seçkisində isə 50 müxbir üzv, 26 həqiqi üzv

seçilmişdi

.

Bilməyənlər üçün deyək ki, indi AMEA həqiqi üzvlərinin sayı 71, müxbir üzvlərinin sayı 111 nəfərdir. Əslində, onların sayı bundan çoxdur. İndiyə qədər olan həqiqi üzvlərdən 138, müxbir üzvlərdən 135 nəfəri ölüb. Allah rəhmət eləsin!

Araşdırmalar göstərir ki, Azərbaycanda elmə maraq 2000-ci ildən, daha doğrusu, 2003-cü ildən sonra başlayıb. Məhz bu ildən sonra Ali Attestasiya Komissiyasında müdafiə işi geniş miqyas alıb. Elmi dərəcələr, elmi adlar ildırım sürəti ilə artıb. Baxmayaraq ki, elə bu artıma etiraz edənlər, müdafiəyə çıxarılan işlərin çoxunun plagiat olduğuyla bağlı haray salan alimlər də olub.

AMEA-da keçirilən seçkilər, orada baş verənlər, plagiat işlər, saxta elmi adlarla  bağlı elə bu qurumun Fizika İnstitutunda laboratoriya müdiri vəzifəsində çalışan fizika üzrə elmlər doktoru Elman Şahverdiyev dəfələrlə çıxış edib. Onun müxtəlif dövlət qurumlarına, şəxsən prezidentə müraciətləri qəzetlərdə

dərc olunub

. Ancaq, bir qayda olaraq, bu müraciətlərə, ittihamlara nə reaksiya göstərən, nə də rəsmi cavab verən olub.

Bu günlərdə Dünya İqtisadi Forumunun “qlobal rəqabətqabiliyyətlilik” indeksi açıqlanıb. O hesabatda Azərbaycan elmi məqalələrə görə 140 ölkə arasında 108-ci yeri tutur. Yəni bizdən qabaqda 107 ölkə var. O boyda akademiya saxlamağa, bu qədər büdcə vəsaiti xərcləməyə nə gərək var?

Bir sadə misal. Bakı sürüşmə zonasıdır. Lap qədimlərdən bəllidir. Bu sahə ilə bağlı institutlarımız, mütəxəssislərimiz var. Hər il büdcədən böyük məbləğdə vəsait də ayrılır, üstəlik, artıq neçə ildir Elmin İnkişafı Fondundan da Akademiyaya milyonlarla manat qrant ayrılır… Bu günlərdə paytaxtda sürüşmə baş verdi, proses hələ də davam edir, ancaq onu qiymətləndirəcək, sürüşmənin qarşısını almaq üçün təkliflər verəcək mütəxəssisi uzaq Yaponiyadan gətirdilər. Üstəlik, onu divara dirədilər ki, tez cavab ver görək Bakı niyə sürüşür. O da qayıtdı ki, mən 30 dəqiqədir Bakıya gəlmişəm, yəni bir tavaxıl eləyin görək…

2010-cu ildə Kür daşqınları zamanı isə sel sularıyla mübarizə yollarını tapmaq üçün Hollandiyadan mütəxəssis gətirmişdilər.

Bakıda Alov qüllələrinin tikintisi zamanı binalarda və ətrafda çat əmələ gəldiyindən o vaxt da yaponiyalı mütəxəssislər köməyə gətirilmişdi…


Bəs bu boyda institutları niyə saxlayırlar?

Yuxarıda yazdığımız kimi, AMEA-nın həqiqi üzvlərinin sayı 71, müxbir üzvlərinin sayısa 111 nəfərdir. Normal ölkələrdə bu rəqəm normal da qarşılanar. Ancaq Azərbaycanda adını AMEA-nın həqiqi üzvü, müxbir üzvü siyahısına saldıranların çoxu, bəlkə də, heç vaxt tapıb ayda bir dəfə ora getmir. Çünki onların çoxunun başqa vəzifələri, başqa qayğıları var…

Başqalarının aldığını hesablamaq etik sayılmır, ancaq o pul min bir əziyyətə qatlaşan vətəndaşların ödədiyi vergidən ayrılırsa, demək gərəkdir. Beləliklə, sadə hesablama aparaq.

71X2000=142 000. 111X1200=133 200. Bu da edir 275 min 200 manat.

AMEA-nın müxtəlif institutlarında çalışan tanıdığımız elmi işçilər var ki, onlar həmişə maaş azlığından gileylənir, dolanışığın çətin olduğunu, ehtiyac üzündən elmlə istədikləri kimi məşğul ola bilmədiklərini deyirlər.

Gəlin görək Akademiyanın əsas işçi qüvvəsi sayılan – sosial müdafiəyə sonsuz ehtiyacı olan gənc alimlər nə qədər maaş alır.

Kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, aparıcı və baş elmi işçi mütəxəssislərin aylıq maaşı 180-350 manat aralığındadır.

Şöbə müdirləri isə 400 manat maaş alır.

Bu il yanvarın 1-dən AMEA əməkdaşlarının əmək haqqı artırılıb. Akademiya əməkdaşlarından birinin sözlərinə görə, bu artım 30-40 manat civarındadır. Təsəvvür edin: yeganə dolanışığı elmdən çıxan adamların maaşı 30-40 manat, hər cür təminatı olan, üstəlik, bir neçə yerdən əmək haqqı alan həqiqi üzvün rütbə maaşı 800 manat, müxbir üzvün rütbə maaşı 350 manat artırılır. Bəs  öyündükləri sosial bərabərlik, sosial ədalət harda qaldı?

Ədalətə baxın: AMEA-nın 182 nəfər həqiqi üzvü və müxbir üzvü ayda 275 min 200 manat əmək haqqı alacaq. Akademiyanın sıravi işçilərinin – 1529 nəfərinin birlikdə aylıq maaşı bu 182 nəfərin aylıq maaşına bərabərdir…

Ana səhifəAnalitikaAMEA-da 182 akademik digər 1529 işçi qədər maaş alır