”Tədiyə balansında müsbət dəyişikliklər baş verib”
“2017-ci ilin ötən dövründə qeyri-neft sektorunda iqtisadi artımın bərpası prosesi başlayıb. Son 5 ayda sektorda 2,3, ticari sektorda 3,2, qeyri-neft sənayesində isə 3,9 faiz artım olub”.
Azərbaycan Mərkəzi Bankından (AMB) APA-ya belə deyilib.
Bildirilib ki, qeyri-neft sektorunda iqtisadi artımın əsas amilləri son istehlak xərcləri, dövlət tələbi və xalis xarici tələbin yüksəlməsi olub:
“Bu ildən iqtisadi artımın daha da yüksəlməsi əhəmiyyətli dərəcədə nəzərdə tutulan struktur islahatların sürətlənməsindən, xalis xarici tələbin genişlənməsi imkanlarından, investisiya aktivliyinin, o cümlədən maliyyə vasitəçiliyinin bərpasından asılı olacaq”.
Tənzimləyicinin rəhbərliyi bildirir ki, cari ilin I rübündə tədiyə balansında müsbət dəyişikliklər baş verib, ötən ilin müvafiq dövrü ilə müqayisədə kəsir (-2,5 mlrd. dollar) profisitlə (0,7 mlrd. dollar) əvəz olunub. Son 5 ayda xarici ticarət balansının profisiti ötən dövrlə müqayisədə 2 dəfə yüksəlib. Bu dövrdə həm neft, həm də qeyri-neft ixracı artıb, qeyri-neft idxalı isə azalıb.
AMB-dən bildirilib ki, üzən məzənnə rejiminə keçdikdən sonra son 4 ayda valyuta bazarında təklif tələbi əhəmiyyətli üstələyir, manatın məzənnəsinin sabitliyinin dayanıqlığı yüksəlməkdədir:
“İlin sonuna qədər manatın məzənnəsinin sabitliyini təmin edən qəbul edilmiş makroiqtisadi siyasət çərçivəsində hər-hansı əhəmiyyətli dəyişikliklər proqnozlaşdırılmır”.
Pul kütləsinin hədəflənməsi şəraitində Mərkəzi Bank ötən dövrdə çevik monetar siyasət həyata keçirib. Qəbul edilmiş pul proqramı çərçivəsində üzən məzənnə rejiminə keçidlə əlaqədar gözləntiləri nəzərə almaqla ilin əvvəlində Mərkəzi Bank pul bazasını məhdudlaşdırıb, manatın məzənnəsinin sabitləşməsindən sonra pul kütləsinin həcmini bərpa edib.