Abşeron rayonu Masazır qəsəbəsində çalışan meyvə-tərəvəz alverçiləri satışa çıxardıqları soğanları yandıraraq etiraz ediblər. Onlar Masazır qəsəbəsi üzrə icra nümayəndəsi Şahlar Həsənovdan şikayətçidir.
“Özünü kənd soveti kimi təqdim edən Həsənov Şahlar gəlib deyir ki, bu soğanı buradan yığışdır. Deyirəm, “niyə? Elə bil mən də sənin oğlunam, çörək pulu qazanıram”. Deyir, “mənim oğlum 20 qəpiyə soğan satmır”. Bizə əl-qol atır, təhqir edir, “düdük”-dən belə sözlər deyir. Mən bilmək istəyirəm ki, ona bu səlahiyyəti kim verib?”-şikayətçi Nazim Əzizov deyir.
Şikayətçilər deyir ki, onlardan mağazanın önündə mal qoyub satmaq üçün rüşvət istənilir. Pul vermədikdə isə təhqir olunurlar.
“Bir olan Allaha and olsun, 2 günə 2 saat yuxu yatmışam. Kirayədə qalıram, 1 sot torpaq almağa pulum yoxdur. Hamısı bizim haqqımızdı, yeyib dağıdır. Torpağı satırsan, ev tikəndən gedib rüşvət alırsan. Hər gün çıxıb televizorda deyirlər, “filan yerə 14-15 milyon pul ayrıldı”. O pulu ayırırlar ki, altına 120 minlik maşın alasan, 10 minə bərkgedən nömrə qoyasan, Masazırın “kruqu”nda 3 mərtəbəli obyekt tikdirəsən? Masazırda 19 obyektin var. Sənin obyektin də meyvə-tərəvəz işlətdiyi üçün sən mənimlə tərs düşürsən? Ona görə gəlib işimə mane olursan?”- şikayətçi Vüqar Əzizov deyir.
İddialarla bağlı Masazır qəsəbəsi üzrə icra nümayəndəliyinə etdiyimiz zənglər cavabsız qaldı.