İş üzrə istintaq tamamlanıb
Xızı rayonunun Altıağac ərazisində yerləşən “Cənnət Bağı” istirahət mərkəzinin direktoru Cahangir Əliyev cinayət məsuliyyətinə cəlb edilib. O, yaxın günlərdə məhkəmə qarşısına çıxarılacaq.
Cahangir Əliyevə qarşı Cinayət Məcəlləsinin 259.2.3 (qanunsuz ağac kəsmə, öz qulluq mövqeyindən istifadə etməklə törədilməklə), 259.2.4 (qanunsuz ağac kəsmə külli miqdarda ziyan vurmaqla törədilməklə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 314.1 (səhlənkarlıq) maddələrilə ittiham irəli sürülüb.
Cinayət işinin materiallarında göstərilib ki, Cahangir Əliyevlə Altıağac Milli Parkı ilə müqavilə bağlanıb, müəyyən ərazi istirahət mərkəzinin istifadəsinə verilib. Lakin obyektin rəhbərliyi onların istifadəsində olan torpaq sahəsini mühafizəsiz qoyub, nəticədə ərazidəki ağaclar, ot örtüyü zədələnib: “2039 ədəd müxtəlif növdə ağac, kol və digər yaşıllıqlar qanunsuz kəsilib. Müxtəlif tikinti və qazıntı işləri aparılaraq, torpağın münbit qatı korlanıb. Bununla da təbiətə, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ümumilikdə 63 min manat ziyan dəyib”.
Cahangir Əliyev haqqında cinayət işi üzrə istintaq Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılıb. İstintaq bugünlərdə tamamlanıb və iş baxılması üçün Xızı Rayon Məhkəməsinə göndərilib.
“Cənnət bağı”nın direktoru cinayət məsuliyyətinə cəlb edilsə də, istintaq dövründə onun barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
Cahangir Əliyevin ittiham olunduğu maddələrdə cərimə, azadlığın məhdudlaşdırılması kimi cəzalarla yanaşı, həm də 5 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulub.
“Cənnət bağı”nın rəhbərinin ittihamlara münasibəti, özünü təqsirli bilib-bilmədiyi məlum deyil.