Altay Göyüşov: Hətta 2 rayonun azad olunması İlham Əliyevə çox ciddi avantaj verər

“Son 17 ildə ilk dəfəydi Azərbaycan hökumətindən Rusiyaya tənqidi notlar səsləndi, Ermənistana silah verilməsi, ardınca rus dilinə yanaşma buna sübutdur”

Source:


Ərəstun Oruclu: "Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı Rusiyaya maneə yaradır"

Ermənistan-Azərbaycan münaqişəsində atəşkəsin pozulmasının Dağlıq Qarabağdan kənarda, Tovuz rayonu istiqamətində baş verməsi bir sıra sualları gündəmə gətirib.

Məlumatlara görə, Ermənistan atəşkəsi qəsdən pozmaqla Rusiya başda olmaqla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin dəstəyini qazanmaq istəyir.

Əsas məqsədin isə Rusiyanın hərbi münqaişəyə cəlb edilməsi göstərilir.

Meydan TV-nin müraciət etdiyi siyasi ekpertlər isə bu fikri bölüşmürlər.

Siyasi icmalçı Ərəstun Oruclu atəşkəsin pozulması təşəbbüsünün Ermənistandan gəlmədiyini deyir.

Onun fikrincə, Nikol Paşinyan hakimiyyətə gəldiyi gündən sələflərindən fərqli olaraq Azərbaycan-Ermənistan münasibətlərinə daha loyal yanaşırdı: “Ancaq Rusiya özünün Cənubi Qafqaza və Azərbaycana, Ermənistana təsir mənafeyi baxımından iki dövlətin münasibətlərinin daim gərgin qalmasında maraqlıdır. Bu maraq onunla nəticələndi ki, Ermənistan daxilində Baş nazir Nikol Paşinyana təzyiqlər başladı və o, bu təzyiqlərin qaşısında tab gətirə bilmədi. Çünki Qarabağ problemi Ermənistan cəmiyyətində prioritet məsələdir. Vəziyyətdən istifadə edən Rusiya Qarabağ erməniləri və daxili müxalifət vasitəsilə Paşinyanı radikallaşdırdı. Əlbəttə, Ermənistanın öz maraqları var, onlar başa düşür ki, hansısa yeni mövqelər əldə etmək indiyə qədər əldə olunmuşların arxa plana keçməsi deməkdir. Bütün hallarda prosesi Rusiya idarə edir”.

118728382_357734925398062_7336660153914955853_n.png
Ərəstun Oruclu


Ərəstun Oruclu: "Qarabağda hərbi münaqişə başlasa, Rusiyanın ora müdaxilə etmək hüququ olmur"

Ə

Ərəstun Oruclu qeyd edir ki, Rusiyanın əsas marağı Cənubi Qafqazı tam olaraq nəzarətə götürməklə Yaxın Şərqə çıxmaqdır:

“Bu mənada Moskva münaqişəni idarə etmək istəyir və münaqişəni Qarabağdan kənara çıxarır ki, özü də prosesə müdaxilə edə bilsin. Məsələ ondadır ki, Qarabağda hərbi münaqişə başlasa, Rusiyanın ora müdaxilə etmək hüququ olmur. Amma Qarabağdan kənarda münaqişə hərbi status alarsa, Rusiya Ermənistanın təkcə KTMT-də müttəfiqi kimi yox, həm də ikitərəfli hərbi əməkdaşlıq əsasında prosesə müdaxilə edə bilər. Qəti demək olar ki, Rusiya bu istəyini planlaşdırıb, sadəcə, Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı buna maneə yaradır. Amma bu amil də Rusiyanı planlarından çəkindirmir”.


Sülhəddin Əkbər: "Rusiya Türkiyəyə və Azərbaycana təzyiq göstərir”

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər də Ermənistanın belə bir planı gerçəkləşdirə bilcəyinə inanmır:

“Ermənistan hansı siyasi-hərbi gücə malikdir ki, Rusiyanı dövriyyəyə salmağa cəhd etsin, yaxud belə bir planının olduğunu Moskva anlamasın?! Əksinədir, Rusiya regionda geopolistik maraqlarını təmin etmək üçün Türkiyəyə və Azərbaycana təzyiq göstərir”.

Sülhəddin Əkbər
Sülhəddin Əkbər

Sülhəddin Əkbərin fikrincə, son hadisələrə Rusiya və Türkiyənin maraqlarının regionda toqquşması kontekstində baxmaq lazımdır. Eyni zamanda, enerji maraqları da var:

“Hazırda Rusiyanın Türkiyəyə qaz ixracı dayandırılıb, Bakı Ankaraya qaz ixracında birinci sıradadır. Yəni Rusiyanı bazardan sıxışdırıb çıxartmışıq. İkinci, Cənub Qaz Dəhlizi Avropanın və İsrailin enerji təhlükəsizliyində mühim rol oynayır. Həm də Vaşinqtonun ciddi enerji maraqları var. Ona görə də Rusiya bir gediş etməklə müxtəlif yönlərdən öz maraqlarını qorumağa cəhd edir. Beləliklə, Rusiya Ermənistan vasitəsilə Avropanın, İsrailin enerji təhlükəsizliyinə, həm ABŞ-nın regional, həm Türkiyənin enerji, regional və Azərbaycanın da mənafelərinə ciddi təhdid yaradır”.

Tarixçi-alim Altay Göyüşov indiki mərhələdə informasiyasızlıq baxımından dəqiq izah verməyin çətin olduğunu bildirib:

“Məsələ ondadır ki, kifayət qədər məlumat yoxdur və tərəflər də öz bildiyini gerçək sayır. Bizim də tərəflərin açıqlamalarını araşdırıb təhlil etmək imkanımız yoxdur. Gücümüz ancaq öz biliyimizə və əldə olunan məlumatlar əsasında spekulyasiyaya çatır. Ona görə baş verənləri yalnız ehtimallar əsasında şərh edə bilərik”.

Altay Göyüşov
Altay Göyüşov


Altay Göyüşov: "Əliyevlər 27 ildir hakimiyyətdədir, amma heç bir nailiyyət yoxdur"

Altay Göyüşovun sözlərinə görə, Ermənistan Azərbaycan ərazilərini işğal edib və 25 ildən çoxdur ki, işğalda saxlayırsa, məskunlaşma aparırsa, Qarabağdan kənarda atəşkəsi pozması ona lazım deyil:

“Nikol Paşinyan hakimiyyətə yeni gəlib, Ermənistanda sistem dəyişib, yəni parlamentli respublikadır, bu baxımdan orda hakimiyyət məqsəd deyil, hər şey ümumi mənafeyə köklənib. Azərbaycanda isə fərqli mənzərədir, avtoritar hakimiyyət olduğundan bütün dövlət mənafelər iqtidarı qorumağa yönəlib. İkinci, ərazi itirən bizik və indiki iqtidar hakimiyyətini qorumaq üçün 1-2 rayonu azad etmək istəyər. Hətta 2 rayonun azad olunması İlham Əliyevə çox ciddi avantaj və arqument verər. Bu nöqteyi-nəzərdən düşünəndə "atəşkəsin pozulması kimə lazımdır" sualının cavabı aydın olur”.

Atəşkəsin pozulmasında Rusiyanın marağına gəlincə, Altay Göyüşov bunu istisna etmir:

"Bəlkə, SSRİ-nin bərpası üçün Putinə regionda qarışıqlıq lazımdır. Ancaq bunları müqayisə edəndə, mən ikinci qənaətin üzərində qalıram. Bilirsiniz, Əliyevlər 27 ildir hakimiyyətdədir, amma ərazilərin azad olunması yönündə heç bir nailiyyət yoxdur və mövcud diskurs ölkə başçısını sıxır. Həm də ictimai narazılıq artır. Ona görə də Əliyevə arqumentini gücləndirmək üçün müəyyən nailiyyət lazımdır. Nəzərə alın ki, Azərbaycan hökumətinin indiyə qədər Putin Rusiyası ilə ciddi problemləri olmayıb, yalnız Qarabağ məsələsində dil tapa bilmirlər. Axı Paşinyan da bəzi təxribatçı addımlar atır, Şuşada inaqurasiya keçirilməsi, həyat yoldaşının hərbi təlimlərə qatılması. Mümkündür ki, Azərbaycan hökuməti Rusiya vasitəsilə Paşinyan hökumətinə təzyiq göstərmək niyyəti güdür. Son 17 ildə ilk dəfəydi Azərbaycan hökumətindən Rusiyaya tənqidi notlar səsləndi, Ermənistana silah verilməsi, ardınca rus dilinə yanaşma buna sübutdur. Amma mahiyyət etibarıyla Rusiya və Azərbaycan hökumətləri avtoritardılar, ideoloji baxımdan yaxındırlar. Belə olanda, Bakı Moskvaya sanki siqnal verir ki, mənə dəstək olmursan, problemimin həllində maraqlı olmursan və mən də Türkiyəylə hərbi əməkdaşlığı dərinləşdirirəm. Təxminən belə bir oyun görünür”.

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında müharibə baş verib.

Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu və Rusiya, ABŞ, Fransadan ibarət həmsədrləri məşğul olur.

Ana səhifəSiyasətAltay Göyüşov: Hətta 2 rayonun azad olunması İlham Əliyevə çox ciddi avantaj verər