Zərərçəkənlər arasında general, futbolçu, baş infeksionist var
Bakıda alpinizm üsuluyla çoxsaylı mənzillərdən, o cümlədən vəzifəli şəxslərin evlərindən külli miqdarda pul, qızıl-zinət əşyaları oğurlamaqda ittiham olunan Cavid Süleymanov və Əhməd Əhmədovun işi üzrə məhkəmə istintaqı başa çatıb. Aprelin 22-də prokuror çıxış edərək, onlara cəza istəyib.
Hündürmərtəbəli binaların damından kəndirlə eyvanlara düşüb oğurluq etməkdə ittiham olunan Cavid Süleymanov və Əhməd Əhmədovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyilə baxılır. Onların hər ikisi Cinayət Məcəlləsinin 177.3.2 (külli miqdarda ziyan vurmaqla oğurluq) maddəsilə ittiham olunur.
Prokuror Cavid Süleymanova 9 il 6 ay, Əhməd Əhmədova isə 9 il həbs cəzası verilməsini təklif edib.
Bu cinayət işində bəhs olunan oğurluqlardan biri də general Sahib Mirzəyevin oğlu Vüsal Mirzəyevin mənzilində olub. Xətai rayonu ərazisində yerləşən 20 mərtəbəli binanın 18-ci mərtəbəsində yerləşən mənzildən 2021-ci ilin mayında 150 min dəyərində qızıl-zinət əşyalarının, 7 min manat, 3 min dollar və 1200 lirə pul oğurlanıb. Bu, təqsirləndirilən şəxslərin son oğurluq əməli olub. Məhz bu hadisədən sonra onlar tapılaraq tutulub.
Onlara qarşı ittihamlar arasında ölkənin keçmiş baş infeksionisti Cəlal İsayevin evindən oğurluq da var. Uzun illər Azərbaycanın baş infeksionisti olmuş, pandemiya dövründə vəzifəsindən azad edilən Cəlal İsayev məhkəmədə bu haqda danışarkən bildirib ki, hadisə günü evdə olmayıblar, həyat yoldaşı ilə rayona gedib:
“Gələndə yoldaşım evə qalxdı, mən qonşu ilə söhbət edirdim. Birdən yoldaşımın səsi gəldi. Məlum oldu ki, evimizdən pul və qızılları oğurlayıblar”.
Şikayətçi olduğunu və zərərin qaytarılmasını tələb edən sabiq baş infeksionistin sözlərinə görə, oğurluq nəticəsində təxminən 120 min manat ziyana düşüb.
Zərərçəkənlər arasında futbol üzrə Azərbaycan millisinin keçmiş futbolçusu Ceyhun Sultanov da var.
Zərgərlik bacarığı olan, xaricdə alpinizm kurslarına gedərək, mənzillərin eyvanlarına kəndirlə düşməkdə, qapıları xüsusi vasitələrlə açmaqda külli miqdarda oğurluqda suçlanan Cavid Süleymanov məhkəmədə bu barədə danışmaq istəməyib. O, hadisələri xatırlamadığını bildirib. Digər təqsirləndirilən Əhməd Əhmədov isə bu hadisələrdə sadəcə, taksi kimi iştirak etdiyini deyir.