Almanlar – antimilli ünsürlər

Almanlar milli kimlikləri ilə fəxr etmirlər

Source:

Almaniya bu gün Avropanın lider ölkəsidir. Avro faktiki olaraq, Almaniyanın hesabına ayaqdadır. Dünyanın ən qabaqcıl iqtisadiyyatlarından biri, texnoloji nəhəngi Almaniyanın uğurunun sirri nədədir? Nə üçün almanlar hansısa 70 ilə küldən Avropanın liderinə çevrilə bildilər?

Əvvəlcə almanlara bir az nəzər salaq. Almanlar milli kimlikləri ilə fəxr etmirlər. Siz bir almandan vətəninin hara olduğunu soruşsanız, o böyük ehtimalla “Avropa” deyəcək. Baxmayaraq ki, alman Vaqneri, Bethoveni, Kantı, Nitşeni, Haydeggeri, Hesseni, Brexti yetişdirən, dünya fikri, fəlsəfəsi, ədəbiyyatı tarixində yeri olan, hazırda avtomobil və texnologiyalar bazarına nəzarət edən ölkənin vətəndaşıdır. Amma almanlar nəinki öz milli identikliyi ilə fəxr etmirlər, hətta bundan utanırlar.

Bəli. Bunun əsas səbəbi əlbəttə ki, İkinci Dünya Müharibəsidir. Almanlar üstündən 70 il keçməsinə baxmayaraq, o zaman törədilənlərə görə millət olaraq məsuliyyətlərini anlayır və buna görə utanırlar. Siz Ankara və ya İstanbulun mərkəzində Erməni qətliamına, Yelisey çölündə Ruanda soyqırımına abidə görə bilməzsiniz. Amma Berlinin mərkəzində, Brandenburq darvazalarının iki addımlığında 2 hektarlıq ərazidə Xolokost memorialını ziyarət edə bilərsiniz.

Hətta bu gün də istənilən yəhudi heç bir çətinlik çəkmədən Almaniya vətəndaşlığı ala bilər. İkinci Dünya Müharibəsi zamanı nasistlərdən zərər çəkmiş bütün yəhudilərin xələfləri isə Alman hökümətindən ömürlərinin sonunadək təzminat alırlar.

Almanlar hər gün öz günahlarını yumağa çalışırlar. Onlar hər gün dünənkindən daha yaxşı olmağa can atırlar. Onların ağlına da gələ bilməz ki, qədim Galiya, ulu German tayfalarıyla fəxr etsinlər. Onlar sadəcə öz işlərini görürlər. Və bu işi keyfiyyətli görməyə çalışırlar.

Sonluğu gətirək, bağlayaq soydaşlarımıza. Azərbaycanlı hər addımda azərbaycanlı olmağı ilə fəxr edir. Ortada ciddi elm yox, ədəbiyyat yox, dünyaya çıxarılacaq bir nailiyyət yox, amma azərbaycanlının günü-güzəranı fəxr etməklə keçir. Çünki nailiyyət, elm, iş zəhmət tələb edir, əziyyət tələb edir. Oxumaq, inkişaf, müasirlik, yeni dəyərlərə açıq olmağı tələb edir. Bunların heç birinə nə həvəsi, nə istəyi, nə də başqa yeri çatmayan azərbaycanlı isə bunların hamısını milli kimliyi ilə öyünməklə əvəz edir.

Bəs bizim utanacaqlarımız, etiraf etməyə məcbur olduqlarımız, baxıb, nəticə çıxarmalı olduğumuz tarixi səhvlərimiz yoxdumu? Bəlkə biz ziyalımızı, fikir tariximizin ən möhtəşəm adamını, milli teatrmızın banisini – Axundovu mollalara itaət etmədiyinə görə lənətləyən, öləndə onu basdırmaqdan imtina edən xalq deyilik? Bəlkə Sabiri acından öldürən, Mirzə Cəlili sağlığında daşa və palçığa tutan, 1937-də soydaşlarımızdan kütləvi donos yazan, ilk ciddi aktyormuzu güllələyən xalq deyilik?

Əlbəttə, siz deyə bilərsiniz ki, milyonlarla insani qaz kameralarına yığıb öldürmək, insanları milli və dini mənsubiyyətinə görə “murdar” elan edib, kütləvi şəkildə yox etməklə müqayisədə, fikir adamını basdırmamaq, şairi başa düşməmək nədir ki? Düzdü. Amma məsələ tarixi günahın, cinayətin miqyası deyil, ondan çıxarılan nəticənin miqyasıdır. Almanlar nəticə çıxardılar.

Bizsə… biz bu gün də qələm adamını anlamırıq, ziyalımızı acından öldürürük, yeni fikir deyəni daşa basırıq, fərqli düşünəni öldürmək istəyirik…

Milli kimliyimizlə fəxr edə-edə…

Ana səhifəMənim FikrimcəAlmanlar – antimilli ünsürlər