Almaniyanın Halle şəhərində baş vermiş atışmada iki nəfər öldürülüb

Federal Prokurorluq hücumun sağ və antisemit motivlərlə təşkil edildiyini söyləyir.

Source: Google

Şərqi Almaniyanın Halle şəhərində baş verən atışma zamanı ən azı iki nəfərin öldürüldüyü bildirilir, – BBC xəbər verir.

Polis bir nəfərin həbs edildiyini deyib. Qeyd edilir ki, digər şübhəlilər Paulus bölgəsindən qaçıb.

Şahidlər bir silahlı şəxsin hərbi kamuflyaj taxdığını və bir neçə silah gəzdirdiyini deyib.

İkinci atəş Landsberqdə qeydə alınıb. Baş vermiş iki hadisənin əlaqəli olub-olmadığı müəyyən edilir.

Bir şahid alman “n-tv news”-a deyib ki, kamuflyajda olan bir silahlı dönər dükanına atəş açıb.

"Adam dönər dükanına yaxınlaşdı, əl qumbarası kimi bir şey atdı, partlamadı. O, daha sonra tüfənglə atəş açdı. Arxamdakı adam ölməli idi … Mən tualetdə gizləndim",- şahid hadisə yerindən TV müxbirinə bildirib.

Alman mediası xəbər verir ki, atışma səsləri həmçinin Halledəki sinaqoqun yaxınlığında da eşidilib. Lakin hücumun detallarının təsdiqlənmədiyi bildirilir.

Bir şahid deyib ki, hücum edən şəxs qəbiristanlıq divarına benzin bomba və ya qumbara atıb. Hadisə yəhudilərin ən müqəddəs günü olan Yom Kippuru qeyd edərkən baş verib.

Şübhəlinin həbsinin harada baş verdiyi məlum deyil. Polis hələ də sakinlərə evlərində qalmaları barədə xəbərdarlıq edir.

Almaniyadakı Yəhudilər Mərkəzi Şurasının sədri Yozef Şuster (Josef Schuster) hücumu qiymətləndirərkən Almaniyada ifrat sağçılığın “yeni keyfiyyət" qazandığını söyləyib, – “Deutsche Well” bildirir.

“Deutschlandfunk” radiosuna danışan Şuster sinaqoqa hücumun Almaniyadakı yəhudilər arasında narahatlıq yaratdığını qeyd edib. Şuster Almaniyada həddindən artıq sağçılığı dəstəkləyən siyasi inkişafı müşahidə etdiklərini və buna görə belə bir hərəkətin təəccüblü olmadığını bildirib.

Bavariyanın daxili İşlər naziri Yoaxim Herman (Joachim Herrmann) bu hadisədə populist Almaniya üçün Alternativ Partiyasının (AfD) da məsuliyyət daşıdığını qeyd edib. Xristian Sosial Birliyi (CSU) partiyasından olan Herman AfD-li siyasətçi Byörn Höke (Björn Höcke) kimi siyasətçilərin Almaniyada antisemitizmi yaydığını iddia edib.

Halledəki hücumdan sonra prezident Frank Valter Ştaynmayerin (Frank-Walter Steinmeier) bu gün şəhərə gələcəyi gözlənilir. Daxili işlər naziri Horst Zehofer (Seehofer) də bu gün Halleyə gedəcək.

Hücumla bağlı başladılan istintaq davam edir. Federal Prokurorluq cümə axşamı şübhəlinin Ayzlebendəki (Eisleben) evində axtarış aparıldığını bildirib. Açıqlamada şübhəlinin əvvəllər sağçı kimi heç bir qeydiyyata alınmadığı qeyd edilib. Hazırda cinayətkarın sağçılarla ortaqlığının olub-olmadığı araşdırılır. Federal Prokurorluq hücumun sağ və antisemit motivlərlə təşkil edildiyini söyləyir.

Ana səhifəDünyaAlmaniyanın Halle şəhərində baş vermiş atışmada iki nəfər öldürülüb