Volfqan Maninq: "Azərbaycan ərazilərinin güc yolu ilə işğal edilməsini pislədik"
“Almaniya münaqişənin güc yolu ilə həllinə qarşıdır. Odur ki, biz 90-cı illərin əvvəlində Azərbaycan ərazilərinin güc yolu ilə işğal edilməsini pislədik, hər iki tərəfi danışıqlara və münaqişənin dinc yolla həllinə çağırdıq”.
Bu açıqlamanı Almaniyanın Azərbaycandakı səfiri Volfqan Maninq “Turan” İA-nə müsahibəsində səsləndirib.
Diplomat 2020-ci ilin noyabrında əldə olunan razılaşmaları alqışladıqlarını bildirib: “Bu, sözügedən məsələlərin həllinə yardım edər və münaqişə tərəfləri üçün barışığın əsasını təşkil edə bilər”.
“Almaniya hakimiyyətinin nizamlanmaya və ya tərəflərin barışığına nail olmağa kömək edə biləcək hər hansı konkret təklifi və ya ideyaları varmı?” sualına səfir Volfqan Maninq cavab verib ki, öncə nizamlanma məsələləri ilə ATƏM, sonra ATƏT-in Minsk Qrupu məşğul olub: “Minsk Qrupunun həmsədrləri uzun illərdir ki, münaqişənin həllində irəliləyişə nail olmağa çalışıblar, amma uğur əldə etməyiblər. Bununla belə, bu və ya digər razılaşmaların həyata keçirilməsini təmin etmək üçün Minsk Qrupunun fəaliyyətini yenidən bərpa etmək lazımdır. Minsk Qrupunun üzvü olan Almaniya əvvəlkitək hesab edir ki, təhlükəsizlik təşkilatı kimi ATƏT-in səyləri mövcud məsələlərin aradan qaldırılması və onların həlli yollarının tapılması üçün vacibdir”.
Səfir deyib ki, hər iki tərəf münaqişədən zərər çəkmiş əhali üçün humanitar yardım haqda rəsmi Berlinə xahişlə müraciət edib: “Problemin kəskinliyini nəzərə alaraq, Almaniya hökuməti Qırmızı Xaçın səylərini dərhal dəstəkləməyə qərar verib. Ayrılmış vəsait yalnız bir regiona (Qarabağa) deyil, dinc əhalinin zərər çəkdiyi bütün zonaya aiddir”.
O, Almaniya şirkətlərinin ərazilərin bərpasında hazır olduğunu bildirib: “Biz istərdik ki, bütün Cənubi Qafqaz ölkələri Avropa ölkələri ilə iqtisadi inteqrasiyaya malik ümumi zonaya, çiçəklənən ölkələrə çevrilsinlər. Biz nəinki iqtisadi kooperasiya, eyni zamanda, region ölkələri ilə siyasi qarşılıqlı anlaşma istəyirik. Bununla əlaqədar beynəlxalq qurumların Dağlıq Qarabağ regionuna çıxış əldə etməsini gözləyirik. Biz iki ölkə hökumətləri ilə Almaniya şirkətləri üçün regiona daxil olmaq imkanlarını müzakirə etməyə hazırıq. Biz hökumət kimi onları məcbur edə bilmərik, amma dəvət edə bilərik. Bundan əlavə, ərazilərin bərpasında iştirak Avropa İttifaqı, Ermənistan və Azərbaycanın da üzvü olduğu “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində mümkündür. Bu, gələcəyin işidir, hələ ki biz diqqətimizi humanitar məsələlərə və beynəlxalq hüququn təmin olunmasına yönəltmək istəyirik. Bu baxımdan Almaniya şirkətlərinin iştirakı ilə minalardan təmizləmə probleminin dəstəklənməsinə dair məsləhətləşmələr aparırıq”.
Volfqan Maninqin sözlərinə görə, Ermənistan və Azərbaycan cəmiyyətləri arasındakı düşmənçiliyi aradan qaldırmaq vacibdir, amma bunu dərhal etmək çətindir: “Bundan ötrü vaxt lazımdır. Lakin istənilən halda tərəflər döyüş ritorikasından imtina etməlidirlər. Hər iki cəmiyyət öz hökumətlərini bundan imtina etməyə çağırmalıdır. Bununla əlaqədar biz Bakının Yerevanla iqtisadi əməkdaşlığa hazır olması və Qarabağ ermənilərinin Azərbaycanın tamhüquqlu vətəndaşları olması barədə Azərbaycan hakimiyyətinin bəyanatlarını alqışlayırıq. Ancaq təkcə hökumətlər deyil, hər iki ölkənin vətəndaşları da belə səylər göstərməlidirlər. Bu prosesdə iki ölkənin kütləvi informasiya vasitələri xüsusi rol oynayır. Ola bilsin ki, hər iki ölkədə rəsmi şəxslər yerli amillərin təsiri altında döyüş ritorikasından istifadə edirlər ki, bu da barışa xidmət etmir. Lakin cəmiyyətlər barış istəyirsə, başa düşməlidirlər ki, bu, sülhü yaxınlaşdırmayacaq. Bu prosesdə iki ölkə mediası böyük rol oynayır. Biz 50-60-cı illərdə Fransa ilə birlikdə barışıq yolları və fikir ayrılıqlarından daha çox ümumi maraqları axtararkən bu yolu keçdik. Əsas vəzifə qarşı tərəfi gözdən salmaq yox, ünsiyyətin vacibliyini dərk etməkdir. Bu fikirlərin sıravi vətəndaşlara çatdırılması mətbuatın mühüm vəzifəsidir”.