Samir Aşurov: “Bu xalqın uğrunda üçüncü dəfə şərlənib həbs olunuram və buna görə fəxr edirəm”
Almaniyadan Azərbaycana deportasiya olunandan 20 gün sonra həbs olunan siyasi fəal Samir Aşurovun il yarıma yaxındır davam edən məhkəməsi yekunlaşıb. Dekabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində onun 6 il 6 ay azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılıb.
Faiq Qəniyevin sədrliyilə, Samir Əliyev və Mahmud Ağalarovdan ibarət hakimlər kollegiyasının çıxardığı hökmə əsasən, Samir Aşurov Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddələrilə təqsirli bilinib.
İddia olunur ki, siyasi fəal 2022-ci il aprelin 19-da axşam saat 21.00 radələrində metronun “Neftçilər” stansiyasının yaxınlığında gedərkən Elşən Nəbiyevin çiyninə dəyib. Nəticədə aralarında mübahisə yaranıb və Samir Aşurov ona bıçaqla xəsarət yetirib.
Dekabrın 18-də hökm elan olunmamışdan əvvəl hakim bildirib ki, zərərçəkmiş qismində tanınan Elşən Nəbiyev özü məhkəməyə gəlməyib, amma teleqram göndərib. Orada yazıb ki, ədalətli və qanuni qərar çıxarılmasını istəyir.
Daha sonra siyasi fəalın vəkili Elçin Sadıqov çıxış edib. Deyib ki, müvəkkili heç kimə xəsarət yetirməyib, təxribat nəticəsində həbs olunub:
“Çox ciddi şübhələrimiz var ki, zərərçəkmiş kimi tanınan şəxs əvvəldən polislərlə birlikdə həmin əraziyə gəlib, ssenariyə uyğun şəkildə Samir Aşurova hücum edib. Elə ona görə də biz vəsatət vermişdik ki, zərərçəkmişin harada olduğunu müəyyənləşdirmək üçün mobil telefonunun lokalizasiyası haqda məlumatlar alınsın. Təəssüf ki, məhkəmə təmin etmədi. O məlumatlar alınsaydı, aydın olacaqdı ki, ora əvvəldən gəlib gözləyib, yoxsa yox…”.
Samir Aşurov özü də son sözündə deyib ki, il yarımdan çoxdur baş verməyən cinayətə görə həbsdədir. Onun sözlərinə görə, hakimlər özləri də bunu yaxşı bilir. Əvvəllər də polisə müqavimət, narkotik ittihamıyla şərlənərək həbs olunduğunu deyən Samir Aşurov bildirib ki, 2018-ci ildə Almaniyaya gedib. Lakin orada olanda da Azərbaycanda insan haqları, deməkratiya uğrunda mübarizəsini dayandırmayıb. Onun sözlərinə görə, mübarizəsinə görə də Bakıya qayıdandan 20 gün sonra həbs olunub:
“Mən heç vaxt mübarizəmdə qırmızı xətti keçməmişəm, qurşaqdan aşağı vurmamışam, söyüş söyməmişəm. 2022-ci il martın 29-da Azərbaycana qayıdandan sonra məni prokurorluğa çağırdılar. Orada sorğu-sual elədilər, hətta hədə-qorxu da oldu. Ondan sonra jurnalistlərə açıqlamamda dedim ki, həbs olunmaq təhlükəm var. Hamı bilsin ki, narkotiklə işim yoxdur, heç bir cinayət törətməmişəm. Çünki məndən əvvəl Almaniyadan deportasiya olunan 4 siyasi fəalı narkotiklə şərləmişdilər. Aprelin 7-dən təqib olunduğumu hiss elədim. Bu barədə sosial şəbəkələrdə də yazdım. Onlar məni narkotiklə şərləmədilər, başqa ssenari qurdular”.
Prokurorun törətmədiyi cinayətə görə ona 8 il həbs cəzası istəməsini yada salan siyasi fəal vurğulayıb ki, müddətin heç bir əhəmiyyəti yoxdur. Onun sözlərinə görə, Azərbaycan xalqının azadlığı, hüquqları uğrunda mübarizəsinə görə üçüncü dəfə şərlənir.
“Mənə fərqi yoxdur nə qədər cəza verəcəksiniz. Bu xalqın uğrunda üçüncü dəfə şərlənib həbs olunuram və buna görə fəxr edirəm. Orada ədalət mühakiməsi yazmısınız. İstəyirəm ki, məhkəmələr sifarişlə qərar verməsin, gerçəkdən ədalət mühakiməsi olsun”, – Samir Aşurov son sözünü belə yekunlaşdırıb.
Bundan sonra müşavirəyə gedən hakimlər geri qayıdaraq, 6 il 6 aylıq hökmü elan edib.
Samir Aşurovun vəkili Elçin Sadıqov bildirib ki, hökmdən apelyasiya şikayəti verəcək.
Son iki il ərzində Almaniyadan deportasiya edilən fəalların bir neçəsi ölkəyə qayıtdıqdan az sonra həbs edilib. Onların əksəriyyətinə narkotik ittihamı verilib. Lakin onlar ittihamı rədd edir və Almaniyada Azərbaycandakı siyasi məhbuslarla bağlı etirazlarında iştirak etdiklərinə, sosial mediadakı paylaşımlarına görə cəzalandırıldıqlarını deyirlər.
Daxili İşlər Nazirliyi isə onların bu haqda dediklərinin əsassız olduğunu, konkret cinayətə görə həbs olunduqlarını bəyan edib.