Pünhan Kərimli siyasi fəaliyyətinə görə həbs olunduğunu deyir
Üç ilə yaxın Almaniyada mühacir həyatı yaşamış, 2021-ci ilin noyabrında Azərbaycana deportasiya olunub, iki ay sonra həbs edilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Pünhan Kərimlinin işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
İyunun 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror ona 7 il 6 ay həbs cəzası istəyib.
Bildirib ki, Pünhan Kərimliyə qarşı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 maddələrilə irəli sürülmüş narkotik ittihamı məhkəmə istintaqı zamanı təsdiqini tapıb.
Prokurordan sonra Pünhan Kərimlinin vəkili Cavad Cavadov çıxış edərək bildirib ki, müvəkkilinə qarşı narkotik ittihamı saxtadır və əslində, siyasi fəaliyyətinə görə cəzalandırılıb.
Vəkil xatırladıb ki, Pünhan Kərimlidən əvvəl də Almaniyaya mühacirət etmiş, lakin orada sığınacaq ala bilməyərək deportasiya edilmiş 4 nəfər Bakıya qayıdandan az sonra narkotik ittihamıyla həbs edilib.
Müdafiəçinin sözlərinə görə, bu da deportasiya olunanlara qarşı sistemli basqıların olmasının göstəricisidir.
Cavad Cavadov müvəkkilinin tutularkən işgəncəyə məruz qaldığını, saxlandığı yerdə üzərinə baxış keçirilmədiyini, uzun müddət polislərin nəzarətində qalandan sonra cibində narkotik “aşkarlandığını” bildirib.
Vəkil Avropa İnsan Hüquqları Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” qərarını xatırladaraq vurğulayıb ki, bir neçə saat polislərin nəzarətində olan şəxsin üzərindən narkotik tapılması şübhəlidir:
“Niyə dərhal üzərinə baxış keçirilməyib? Özü də deyir ki, polislər cibinə narkotik atıb, sonradan həmin narkotiki aşkarlayıblar”.
Vəkil Pünhan Kərimlinin təqsirsiz olduğunu vurğulayaraq, ona bəraət verilməsini istəyib.
Məhkəmə prosesi iyulun 27-də davam edəcək. Həmin prosesdə Pünhan Kərimli son sözünü deyəcək, ardınca Samir Əliyevin sədrlik etdiyi hakimlər kollegiyası hökmü elan edəcək.
Pünhan Kərimli ittihamı rədd edir, siyasi baxışlarına və Almaniyada olarkən Azərbaycan hökumətinə qarşı keçirilmiş etiraz aksiyalarında iştirakına görə cəzalandırıldığını deyir:
“Məndə narkotik olmayıb. Bəs niyə araşdırmadılar ki, kimdən almışam, kimə satacaqdım? Çünki özləri qoyublar”.
İndiyədək Almaniyadan deportasiya edilən 6 nəfər həbs olunub.
Onlardan 5-i haqqında cinayət işi başlanıb, 1 nəfər haqqında isə inzibati həbs qərarı çıxarılıb.
Onların hamısı şərləndiklərini deyirlər.
Daxili İşlər Nazirliyi (DİN) isə bu barədə səslənən fikirlərin əsassız olduğunu bəyan edib.