Almaniyadan deportasiya olunan AXCP fəalı Ali Məhkəmədən bəraət istəyir

Pünhan Kərimli, Foto: şəxsi hesabı

Vəkil cinayət işinə xitam verilməsini istəyib

Bir müddət Almaniyada siyasi mühacir kimi yaşayıb, Azərbaycana deportasiya olunandan az sonra narkotik ittihamıyla həbs olunanlardan biri – Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Pünhan Kərimlinin işinə mayın 2-də Ali Məhkəmədə baxılıb.

Ona Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 6 il həbs cəzası verilmiş, sonradan apelyasiya məhkəməsi bu müddəti 1 il azaltmışdı. Lakin Pünhan Kərimli narkotik ittihamının saxta olduğunu bildirir, ona bəraət verilməsini tələb edir. Ali Məhkəməyə kassasiya şikayətində də bəraətverici əsaslarla barəsindəki cinayət işinə xitam verilməsini istəyib.

Ali Məhkəmədə bu işə Rəşad Abdulovun sədrlik etdiyi hakimlər kollegiyası baxır. Mayın 2-də məhkəmə iclasında Pünhan Kərimlinin vəkili Cavad Cavadov bildirib ki, müvəkkili haqqında cinayət işi əsassızdır. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 (əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddələrilə irəli sürülmüş ittihamları təsdiqləyən heç bir sübut-dəlil yoxdur. Buna baxmayaraq, Bakı Ağır Cinayətlər Məhkəməsi ittiham hökmü çıxarıb, apelyasiya instansiyası da onu qüvvədə saxlayıb.

Vəkil çıxışının sonunda müvəkkili haqqında cinayət işinə xitam verilməsini istəyib, onun təqsirsiz olduğunu vurğulayıb.

Prokuror isə əksinə, kassasiya şikayətinin əsassız olduğunu deyib və onun təmin olunmamasını istəyib.

Hakimlər isə qərar verib ki, bu işi ətraflı öyrənmək üçün məhkəmə prosesi mayın 16-na qədər təxirə salsınlar.

Pünhan Kərimli aşağı instansiya məhkəmələrində tamamilə narkotikdən uzaq adamdır, saxlanılanda da üzərində narkotik maddə olmayıb. Onun sözlərinə görə, siyasi baxışlarına, sosial şəbəkələrdə hökumət əleyhinə tənqidi fikirlərinə, Almaniyada olarkən Azərbaycanda insan haqlarının pozulmasıyla əlaqədar keçirilən etiraz aksiyalarında iştirakına görə cəzalandırılıb:

Hardadır bir qrup şəxs? Niyə araşdırmadılar kimdən almışam, kimə satacaqdım? Çünki hamısı yalandır. Narkotiki cibimə polislər özləri atdı…”.

İndiyədək Almaniyadan deportasiya edilən 6 nəfər həbs olunub. Onlardan 5-i haqqında cinayət işi başlanıb, 1 nəfər haqqında isə inzibati həbs qərarı çıxarılıb.

Onların hamısı şərləndiklərini deyirlər. Daxili İşlər Nazirliyi isə bu barədə səslənən fikirlərin əsassız olduğunu bəyan edib.

Ana səhifəSiyasətAlmaniyadan deportasiya olunan AXCP fəalı Ali Məhkəmədən bəraət istəyir