Almaniyadan deportasiya ediləndən sonra həbs olunan fəalın işi: “Şahidin polislə əlbirliyinə dair şübhələrimiz var”

ẓ ğ

Məhkəmə vəkilin heç bir vəsatətini təmin etməyib

Almaniyadan Azərbaycana deportasiya olunandan az sonra həbs olunan siyasi fəal Samir Aşurovun vəkili deyir ki, onun işində şahid kimi adı keçən adamlardan başqa işlərdə də eyni məqsədlə istifadə olunur. Vəkil Elçin Sadıqov avqustun 31-də məhkəmədə bildirib ki, Samir Aşurovun işində şahidlik edənlərdən biri hazırda həbsdə olan “Bakı Birlik Təşkilatı” ictimai birliyinin sədri, “Youtube”dakı “KimTV” kanalının aparıcısı Abid Qafarovun işində də şahid kimi çıxış edib. Vəkil mütəmadi şahidlik edən və Samir Aşurovun işində də adı keçən şəxslərlə bağlı məhkəmənin araşdırma aparmasını istəyib. Məhkəmədə də bu barədə vəsatət qaldırıb. Şahidin polislə əlbirliyinə dair şübhələr olduğu diqqətə çatdırılıb.

Samir Aşurovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Məhəmməd Əkbərovun sədrlik etdiyi hakimlər kollegiyası baxır. Avqustun 31-də məhkəmənin hazırlıq iclasında siyasi fəalın vəkili bir sıra vəsatətlər qaldırıb. Samir Aşurovun heç bir cinayət törətmədiyini, onun şərlənərək həbs olunduğunu vurğulayan vəkil müvəkkili barəsində cinayət işinə xitam verilməsini istəyib. Əgər məhkəmə bu vəsatəti təmin eləməsə, heç olmasa, yekun hökmə qədər Samir Aşurovun ev dustaqlığına buraxılmasını təklif edib.

Elçin Sadıqovun daha bir vəsatəti isə zərərçəkmiş qismində tanınan Elşən Nəbiyevin şəxsiyyətilə bağlı araşdırma aparılması və proses iştirakçılarına bu haqda məlumat verilməsi olub.

Vəkil eyni zamanda, Elşən Nəbiyevin bıçaq xəsarətlərinə görə əməliyyat olunduğu iddia edilən xəstəxanadan görüntülərin də alınmasını istəyib:

“Səhiyyə Nazirliyinin təlimatı var, cərrahiyyə əməliyyatları videolentə alınır. Həmin disk, görüntülər xəstəxanadan alınsın, məhkəmədə baxaq”.

Müdafiəçi vəsatətini əsaslandırarkən vurğulayıb ki, Samir Aşurov bu şəxsi bıçaqlamadığını, ona böhtan atıldığını deyir. Belə olan halda, həmin şəxsin üzərində cərrahiyyə əməliyyatı aparılmasıyla bağlı şübhələr var.

Vəkil həm də məsələ qaldırıb ki, Elşən Nəbiyevin hadisədən dərhal sonra kimlərlə danışdığını müəyyənləşdirmək üçün mobil operatora sorğu göndərilsin: “Çünki bu şəxsin polislərlə əlbirliyinə dair şübhələr var”.

Məhkəmə qaldırılmış vəsatətlərin heç birini təmin etməyib.

Bu iş üzrə məhkəmə baxışı sentyabrın 14-nə təyin olunub.

Samir Aşurova Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddələrilə ittiham verilib.

İttihama əsasən, o, aprelin 19-da Nizami rayonu ərazisində səkidə gedərkən qarşıdan gələn Elşən Nəbiyev adlı şəxsə çiyni ilə toxunduğuna görə aralarında mübahisə yaranıb. Samir Aşurov onu döyüb, daha sonra üstündəki bıçaqla xəsarət yetirib.

Samir Aşurovun həyat yoldaşı Nuranə Aşurova hər iki ittihamın əsassız olduğunu, həyat yoldaşının şərləndiyini bildirib:

“Samir Aşurovla zərərçəkmiş kimi təqdim olunan şəxsin arasında istintaqın sonunda üzləşmə keçirilib. Açıb qarnındakı izi göstərib ki, guya Samirin vurduğu bıçağın yeridir. Yalandır, ola bilsin, əvvəl kimsə onu bıçaqlayıb, onun yeridir. Birincisi, çoxdankı yara izidir. İkincisi və ən əsası, Samir onu vurmayıb, heç üstündə bıçaq olmayıb. Samir yolda sakitcə gedərkən o, özünü yerə yıxıb, qışqırmağa başlayıb. Sadəcə, Samiri şərləmək üçün ondan alət kimi istifadə edirlər. Bu da sifarişlə böhtan atır…”.

Nuranə Aşurova vurğulayıb ki, həyat yoldaşının cəzalandırılmasının səbəbi Azərbaycan hökumətini tənqid etməsi, siyasi məhbuslara azadlıq tələbilə Almaniyada keçirilən etiraz aksiyalarında fəal iştirak etməsidir.

Samir Aşurov özü də məhkəmədə heç bir cinayət törətmədiyini, təqsirsiz olduğunu deyib: “Bu məhkəmədə ümumiyyətlə, baş verməyən – mövcud olmayan cinayətdən söhbət gedəcək. Ləyaqətsiz insanlar da bura gəlib üzümə duracaq…”.

Samir Aşurov hələ Azərbaycana qaytarıldığı ilk günlərdə həbs təhlükəsi altında olduğu haqda dəfələrlə sosial media hesabında yazmışdı.

O, barəsində həbs qətimkan tədbiri seçilərkən Nizami Rayon Məhkəməsində hakimə hadisənin necə baş verdiyini danışıb. Deyib ki, aprelin 19-da axşam saatlarında metronun “Neftçilər” stansiyasının yaxınlığında evinə gedərkən bir nəfər qışqıra-qışqıra ona tərəf gəlib və onu yerə yıxıb. Arxasınca da qışqırıb və dərhal polislər gələrək onu tutub:

“Cibimə bıçaq qoydular. Çıxarıb atdım. Əvvəl sağ cibimə qoymuşdular, sonra gətirib sol cibimə qoydular. Götürüb 24-cü bölməyə apardılar…”.

Samir Aşurov martın 28-də Almaniyadan Bakıya qaytarılıb, aprelin 19-da isə həbs olunub.

Son dövrlərdə Almaniyadan deportasiya edilən fəalların bir neçəsi ölkəyə qayıtdıqdan az sonra həbs edilib. Onların əksəriyyətinə narkotik ittihamı verilib. Lakin onlar ittihamı rədd edir və etirazlarına görə qisas almaq məqsədilə şərləndirklərini deyirlər.

Ana səhifəSiyasətAlmaniyadan deportasiya ediləndən sonra həbs olunan fəalın işi: “Şahidin polislə əlbirliyinə dair şübhələrimiz var”