Almaniyadan deportasiya edilən daha bir fəal Bakıda saxlanılıb

Ziya İbrahimli – Facebook

Onun siyasi motivlərlə saxlanıldığı bildirilir

Mayın 19-da Almaniyadan deportasiya edilən Ziya İbrahimli Bakı Hava Limanında həbs edilib.

Bu barədə mühacirətdə yaşayan jurnalist Əfqan Muxtarlı “Facebook” səhifəsində paylaşım edib.

Ə.Muxtarlının sözlərinə görə, Ziya İbrahimliyə 2019-cü ildən axtarışda olduğunu bildiriblər.

“Ziya İbrahimlinin Biləsuvar Rayon Polis İdarəsinə təhvil verildiyi söylənilir. Əvvəl-əvvəl 2-3 ay gözləyib həbs edirdilər. Vətənə döndükdən sonra həbs edilən mühacirlərin sayı 6 oldu. Hər biri üçün Almaniya hökuməti məsuliyyət daşıyır”, – Əfqan Muxtarlı belə yazıb.

Daxili İşlər Nazirliyinin rəsmisi Elşad Hacıyev Ziya İbrahimlinin saxlanılmasında siyasi motivin olmadığını bildirib: “Onun barəsində aliment öhdəliyi ilə bağlı axtarışı var. Aidiyyəti üzrə müvafiq ədliyyə orqanına təhvil veriləcək”.

2021-ci ilin iyun-noyabr aylarında Almaniyadan Azərbaycana deport edilən və ardınca həbs olunanların sayı 6 nəfər çatıb.

Həmin şəxslər Mütəllim Orucov, Malik Rzayev, Cəfər Mirzəyev və Pünhan Kərimlidir.

Sonuncu dəfə aprelin 21-də Samir Aşurov həbs edilib.

Həbs olunan keçmiş siyasi mühacirlərin dördünə qarşı (Mütəllim Orucov, Malik Rzayev, Cəfər Mirzəyev və Pünhan Kərimlidir) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 maddəsilə (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) cinayət işi açılıb.

Keçmiş siyasi mühacir Samir Aşurova qarşı isə Cinayət Məcəlləsinin 126.2.4 maddəsilə (Qəsdən sağlamlığa ümumi təhlükəli üsulla ağır zərər vurma) cinayət işi açılıb.

Ana səhifəXəbərlərAlmaniyadan deportasiya edilən daha bir fəal Bakıda saxlanılıb