Almaniyadan daha 25 nəfər Azərbaycana deportasiya edilib

Dövlət Miqrasiya Xidməti. Mənbə: Trend

Jurnalist Əfqan Muxtarlı deyir ki, bu hallar hər ay baş verir

Almaniyadan sığınacaq istəmiş daha 25 şəxs Azərbaycana geri göndərilib.

Bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb.

Həmin məlumatda bu, “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Sazişlə izah edilib.

Saziş çərçivəsində 31 may tarixində 25 nəfər Azərbaycan Respublikası vətəndaşı Almaniya Federativ Respublikasından ölkəyə geri qəbul edilib”, – deyə məlumatda qeyd edilib.

Dövlət Miqrasiya Xidməti bildirib ki, geri qəbul prosesi Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirilib:

Fəaliyyəti Dövlət Miqrasiya Xidməti tərəfindən əlaqələndirilən Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan Respublikası vətəndaşlarının yerli cəmiyyətə reinteqrasiyası və üzləşə biləcəkləri mümkün çətinliklərin həlli istiqamətində müvafiq tədbirlər həyata keçirir”.

Readmissiya sazişi imzalayan iki dövlət bir-birinin ərazisinə qeyri-qanuni keçən insanların geri qaytarılmasını tənzimləyir.

Azərbaycanın Avropa İttifaqı ölkələri ilə imzaladığı readmissiya sazişi ilə 2014-cü ildən bu yana 2.5 minə yaxın insanın Azərbaycana qaytarıldığı bildirilir.

Almaniyada yaşayan jurnalist Əfqan Muxtarlı deyir ki, belə geri qaytarmalar hər ay baş tutur. 

Axır vaxtlar isə daha sakit şəkildə həyata keçirilir.

Daha öncə geri qaytarılan insanlardan həbs edilənlər var.

Ailələri və vəkilləri bildirirlər ki, onların həbs edilməsi əvvəlki siyasi fəaliyyətlər ilə bağlıdır, şərləniblər:

“Azərbaycan siyasi məhbuslarına azadlıq” İttifaqının ən son açıqladığı siyasi məhbus siyahısında 182 nəfərin adı var. 

Onlardan 5 nəfərin adı “Almaniyadan deportasiya olunmuş siyasi mühacirlər” bölümündə yer alıb. 

Onlar Pünhan Kərimli, Cəfər Mirzəyev, Malik Rzayev, Mütəllim Orucov və Samir Aşurovdur.

İndiyədək Almaniyadan deportasiya edilən 6 nəfər siyasi fəal həbs olunub. 

Onlardan 5-i cinayət məsuliyyətinə cəlb olunub, 1 nəfər haqqında isə inzibati həbs qərarı çıxarılıb.

Həbs edilənlər şərləndiklərini desələr də, Daxili İşlər Nazirliyi (DİN) bu barədə səslənən fikirlərin əsassız olduğunu bəyan edib.

Ana səhifəTövsiyəAlmaniyadan daha 25 nəfər Azərbaycana deportasiya edilib