Almaniyada yaşayan gənc fəalın ailəsi Sabunçu polisinə çağrılıb

“Ya polisə müqavimət, ya narkotik, ya silah maddəsinə “qonaq edilmək” üçün çağrılırıq”

Source:


“Ya polisə müqavimət, ya narkotik, ya silah maddəsinə “qonaq edilmək” üçün çağrılırıq”

Almaniyada yaşayan siyasi mühacir Tural Sadıqlının ailəsi Sabunçu Rayon Polis Bölməsinə dəvət edilib. Meydan TV-yə məlumatı Tural Sadıqlı verib. O, buna səbəb ötən həftə Berlindəki Azərbaycan səfirliyi önündə etiraz aksiyası keçirmələrini göstərib:

“Dünən Sabunçu Rayon Polis Bölməsinin sahə inspektoru, polis mayoru Əliyev Elçin Qələndər oğlu bir neçə polis əməkdaşı ilə birgə Ramana qəsəbəsində valideynlərimin və qardaşımın ailəsinin yaşadığı evə gedib. Atam Əlövsət Sadıqlının, anam Mətanət Almammədovanın və qardaşım Elgiz Sadıqovun bu gün üçün polis idarəsinə getməli olduqlarını deyib. Onlarla rəis Eldar İlyasovun görüşmək istədiyini deyib”.

Tural Sadıqlı hazırda atasının şəhərdən kənarda olduğunu deyir. O, anasının dünyasını dəyişməsi ilə əlaqədar rayona gədib:

“Sahə müvəkkili Elçinlə danışıb. Dəvətin səbəbi ilə maraqlanıb. Ona konkret bir şey deməyiblər. Razılaşıblar ki, yanvarın 30-da Bakıya qayıdanda görüşələr”.

Əlövsət Sadıqlı özü də bu barədə “Facebook”da yazıb. Bildirib ki, indiyədək polisdən bir xeyir görməyib. O, ailəlikcə polisə çağrılmalarını da xeyir əlamət hesab etmir:

“Yəqin ki, yuxarıdan yeni sifariş gəlib və sifariş əsasında ya polisə müqavimət, ya narkotik, ya silah, ya kiməsə xəsarət yetirmə, ya da istənilən başqa bir cinayət maddəsinə “qonaq edilmək” üçün çağrılırıq: şərləməyə silahları, narkotikləri, üzəduran şər dağarcığı olan polisləri, ştatlı üzəduran şahidləri və s. də indidən hazırdır…

Lakin bəri başdan “Facebook” vasitəsilə elan edirəm:

1. Bizim heç birimizin nə narkotiklə, nə silahla, nə dava-dalaşla, nə polisə müqvimətlə, ümumiyyətlə, cinayət sayıla biləcək heç bir şeylə əlaqəmiz yoxdur.

2. Polis İdarəsi rəisinin çağırışına da şərlənə biləcəyimizi gözə alaraq və hər cür təxribat ehtimalına qarşı maksimum ehtiyatlı, diqqətli olaraq gedəcəyik.

3. Bizim hansısa birimizə qarşı hansısa ittiham irəli sürüləcəksə, bu, ancaq siyasi sifariş əsasında şərləmə olacaq: daha dəqiqi, oğlum Tural Sadıqlının siyasi fəaliyyətinə görə onun ailə üzvlərinin cəzalandırılması olacaq!

Yanvarın 18-də Avropada yaşayan azərbaycanlılar Berlindəki Azərbaycan Səfirliyinin önündə etiraz aksiyası keçirib. Onlar son illər ölkədə baş verən hadisələrə, müstəqil və müxalif fikirli ictimai-siyasi təşkilatlara qarşı repressiyalara, günahsız insanların həbs edilməsinə etiraz ediblər. Bildiriblər ki, Azərbaycan hakimiyyəti siyasi təqiblərə, qanunsuz həbslərə son qoymasa, Avropada olan bütün Azərbaycan səfirliklərinin qarşısında kütləvi etiraz aksiyalarını davam etdirəcəklər.

Ana səhifəXəbərlərAlmaniyada yaşayan gənc fəalın ailəsi Sabunçu polisinə çağrılıb