İki şəhərdə media orqanlarının redaksiyası önündə aksiya keçirilib
Yanvarın 25-də Almaniyanın Passau və Deggendorf şəhərlərində bir qrup mühacir Azərbaycandakı siyasi həbslərlə bağlı aksiya keçirib.
Bu barədə Meydan TV-yə aksiyasının təşkilatçılarından olan Rövşən Tamrazov məlumat verib.
Siyasi fəallar iqtisadçı Qubad İbadoğlunun həbsindən sonra repressiya dalğasının gücləndiyini bildiriblər. Onlar xüsusilə “Kanal13”ün rəhbəri Əziz Orucovun, eləcə də “AbzasMedia”nın əməkdaşları Ülvi Həsənli, Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Elnarə Qasımova, Hafiz Babalı və Məhəmməd Kekalovun saxta ittihamla həbsinə, bütövlükdə mediaya qarşı basqıya etiraz ediblər.
Tədbirin digər təşkilatçısı Elbəyi Dadaşov deyib ki, iştirakçılar çıxış etdikdən sonra “Jurnalist terroruna son!”, “Siyasi məhbuslara azadlıq!”, “Diktaturaya son!” süarları səsləndiriblər.
Tədbir iştirakçıları alman, Azərbaycan və ingilis dillərində plakatlar qaldırıblar.
Aksiyaçılar həm media orqanlarının redaksiyası qarşısında, həm də ictimai aktivlik olan yerlərdə bu şüarları səsləndiriblər.
“Həm alman mediasının, həm də yerli əhalinin diqqətini Azərbaycandakı vəziyyətə çəkmək istədik. İstədik bilsinlər ki, Azərbaycanda İlham Əliyev adında bir diktator var və hər şey onun iradəsindən asılıdır”, – aksiyanın digər təşkilatçısı Elşən Tamrazov belə deyib.
DAS təşkilatının üzvü və aksiya təşkilatçılarından olan Elvin Şıxəliyev isə qeyd edib ki, Azərbaycanda siyasi repressiyalara son qoyulmayana qədər bu cür tədbirləri davam etdirəcəklər.