“Şübhə basqını”nda 3 mindən çox əməliyyatçının iştirak etdiyi bildirilir
Almaniyada dövlət çevrilişi planlamaqda ittiham olunan və saxlanılan qrup üzvləri mühakimə ediləcək.
“Euronews” yazır ki, saxlanılanlar, Almaniyada “çevriliş və mövcud dövlət nizamını dəyişdirmək” üçün fəaliyyət göstərən və indiki Almaniya hökumətini tanımayan, özlərini “Alman İmperiyasının vətəndaşları” (Reyxsbürger) kimi qələmə verən qrup üzvləridir.
Dekabrın 8-də Almaniyada hökuməti devirməyə cəhddə şübhəli bilinən 25 nəfər saxlanılıb. Sağçı və keçmiş hərbçilərdən ibarət qrupun parlament binasına – “Reichstag”a hücum edib, hakimiyyəti ələ keçirməyi planlaşdırdıqları iddia edilir.
Federal Prokurorluğun apardığı istintaq çərçivəsində saxlanılanlar arasında Almaniya Naminə Alternativ Partiyasından (AfD) keçmiş deputat, hakim vəzifəsində çalışan Birgit Malsack-Winkemann və iş adamı şahzadə olaraq anılan 71 yaşındakı XIII Heinrich Reuss da var.
Almaniya tarixinin ən böyük əməliyyatı olaraq xarakterizə edilən “sübh basqını”nda 3000-dən çox əməliyyatçının, həmçinin Almaniya ordusunun xüsusi təyinatlı KSK heyəti də daxil olmaqla, xüsusi təlim keçmiş aktiv və keçmiş əsgərlərin iştirak etdiyi bildirilir.
Prokurorluğun iddianaməsində şübhəlilər “Almaniyada mövcud dövlət nizamını dəyişdirməyi və onun ana xətləri ilə formalaşmış öz dövlət nizamını gətirməyi hədəfləyən terror təşkilatının üzvləri” olaraq xarakterizə edilib.
İttihamnamədə qrup üzvlərinin hərbi maşınlardan istifadə edərək, dövlət məmurlarına qarşı zorakılıq tətbiq etməklə həyata keçirməyi planlaşdırdıqları hərəkətlərə qətl törətməyin də daxil olduğu qeyd edilir.
Prokurorluğun ittiham aktında həmçinin qeyd olunub ki, sözügedən qrup üzvləri Almaniyanın hazırkı sərhədlərini tanımırlar və ölkəni qondarma “dərin dövlət”in idarə etdiyinə inanırlar.
İddianamədə qruplaşmanın 2021-ci ilin noyabrından etibarən çevriliş planladıqları, hazırlıqlar zamanı idarəetmə tərzinin planlaşdırılması, ləvazimat təchizatı, atıcılıq təhsili, yeni üzvlərin cəlb edilməsi kimi fəaliyyətlərin olduğu bildirilib.
İttihamnamədə Şahzadə Heinrichin yeni yaratdığı “Şurasında” kimin hansı vəzifədə olacağı da ətraflı yer alıb.
İttihamnamədə dərnək üzvlərinin Almaniya Bundestaqına kiçik silahlı qrupla daxil olmaq üçün ayrı-ayrılıqda konkret hazırlıq görmələrinə dair şübhələr də yer alıb.
Özlərini Alman İmperiyasının (Reichsbürger) vətəndaşları hesab edən daxili kəşfiyyatın 2021-ci il hesabatına görə, 21 mindən çox adamın olduğu qrupun 5 faizi ifrat sağçılardan ibarətdir.
Hesabata görə, 2100 üzvlü və zorakılıq tətbiq etməyə hazır olan qrup Almaniyanı legitim dövlət kimi tanımır. Üzvlərinin bir qismi monarxiya altında Almaniya imperiyası ideyasına sadiqdir. Bəzi üzvlər də hesab edir ki, Almaniya hələ də hərbi işğal altındadır.