Almaniya və Rusiya “Şimal Axını 2”-yə ABŞ sanksiyalarını qınayıb

ABŞ sanksiyaları həmçinin öz enerji siyasətini həyata keçirə biləcəyini söyləyən Rusiyanı və Avropa İttifaqını (Aİ) da qəzəbləndirib.

Source: Foto: arxiv


ABŞ bu layihəni təhlükəli hesab edir

Almaniya və Rusiya ABŞ prezidenti Donald Trampın iki ölkə arasındakı qaz boru kəmərinə tətbiq etdiyi sanksiyalara qarşı çıxıb, – BBC xəbər verir.

Sanksiyalar Rusiyanın Almaniyaya qaz ixracını artırmasına imkan verəcək sualtı boru kəməri olan “Şimal Axını 2”-ni (Nord Stream 2) hədəf alır.

ABŞ bu layihəni təhlükəli hesab edir.

Lakin Almaniya Vaşinqtonu onun daxili işlərinə qarışmaqda ittiham edib. Eyni zamanda Rusiya və Avropa İttifaqı rəsmiləri də sanksiyaları tənqid ediblər.

Keçən həftə Konqres qanun layihəsinə səs verib və boru kəmərini təzyiq vasitəsi olaraq xarakterizə edən qanun cümə günü Tramp tərəfindən imzalanıb.

Həm Respublikaçı, həm də Demokrat millət vəkilləri 11 milyard dollarlıq “Şimal Axını 2” layihəsinə qarşıdır.

Şərhçilərin fikrincə, Tramp administrasiyası qorxur ki, boru kəməri Rusiyanın Avropanın enerji təchizatında gücünü daha da möhkəmləndirə bilər və bununla Amerikanın mayeləşdirilmiş təbii qazı üçün gəlirli Avropa bazarındakı payı azalar.

Prezident Tramp deyib ki, Rusiyanın dövlət qaz şirkəti olan “Qazprom” a məxsus olan 1225 kmlik boru kəməri Almaniyanı “Rusiyanın girovuna” çevirə bilər.

Alman televiziyasında danışan Maliyyə naziri Olaf Şolts (Olaf Scholz) sanksiyaların suverenliyə zərbə olduğunu deyib.

“Növbəti addımların atılması boru kəmərinin inşası ilə məşğul olan şirkətlərə bağlıdır”,- o deyib.

Almaniyanın Xarici işlər naziri Hayko Maas (Heiko Maas) sanksiyaların “Avropada qəbul edilən müstəqil qərarlara müdaxilə” olduğunu deyib.

ABŞ sanksiyaları həmçinin öz enerji siyasətini həyata keçirə biləcəyini söyləyən Rusiyanı və Avropa İttifaqını (Aİ) da qəzəbləndirib.

“Prinsipcə, Aİ qanuni biznes həyata keçirən Aİ şirkətlərinə qarşı sanksiyaların tətbiq olunmasına qarşıdır”,- blokun nümayəndəsi şənbə günü AFP xəbər agentliyinə bildirib.

Rusiya Xarici İşlər Nazirliyi də bu addıma sərt şəkildə tənqid edib. Nazirlik sözcüsü Maria Zaxarova Vaşinqtonu qlobal rəqabətə mane olan ideologiya təbliğində ittiham edib.

“Şimal Axını 2” arxasındakı konsorsium sanksiyalara baxmayaraq, boru kəmərini ən qısa müddətdə tikəcəyini bildirib.

Ana səhifəDünyaAlmaniya və Rusiya “Şimal Axını 2”-yə ABŞ sanksiyalarını qınayıb