Şolz qərarı Nazirlər Kabinetinin iclasında açıqlayıb
Yanvarın 25-də Almaniya hökuməti Ukrayna ordusuna 14 “Leopard-2” tankının göndərilməsi barədə qərar verib.
Kansler Şolz qərarı Nazirlər Kabinetinin səhər iclasında elan edib.
Almaniya həmçinin üçüncü ölkələrdən də tankların təkrar ixracına icazə verib.
Məlumatı “Euronews” yayıb.
Eyni zamanda, Qərb mediası Portuqaliyanın Ukraynaya Almaniya istehsalı olan dörd “Leopard-2” tankını göndərməyə hazırlaşdığını yazır.
Yanvarın 23-də Almaniyanın xarici işlər naziri Annalena Burbok demişdi ki, Berlin Ukraynaya icazəsiz “Leopard-2” tankları tədarük etmək qərarına gəlsə, Polşaya mane olmayacaq.
Yanvarın 20-də NATO-nun müdafiə nazirləri Ukraynaya dəstək üzrə təmas qrupunun “Ramşteyn” aviabazasında keçirilən iclasında Kiyevə alman “Leopard 2” tanklarının tədarükü ilə bağlı razılığa gələ bilməmişdi.
Polşa Prezidenti Ancey Duda yanvarın 11-də deyib ki, Varşava Ukraynaya 15-ə yaxın “Leopard-2” tankı verməyə hazırlaşır, hərçənd bu qərarı həmin tankları istehsal edən Almaniya ilə razılaşdırmaq lazımdır. Lakin yanvarın 19-u Polşanın Baş naziri Mateuş Moraveski bəyan edib ki, Varşava Ukraynaya “Leopard” tanklarının verilməsi üçün Almaniyanın razılığını gözləməyəcək.
Münaqişənin qısa xronikası
2022-cil il Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.
Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib.
Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.
600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq edilib.
Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.
2022-ci il aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.
Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.
Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.
2022-ci il iyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.
2022-ci ilin sentyabrın 30-da Vladimir Putin Rusiyanın nəzarəti ələ keçirdiyi ərazilərlə müqavilə imzalayıb.
Sentyabrın 23-dən -27-dək Rusiyanın işğal altında saxladığı Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində referendum keçirilib.
Referendumda üç sual qoyulub: “Siz regionun Ukraynadan ayırılmasının, müstəqil dövlət yaradılmasının və Rusiyanın tərkibinə daxil olmasının tərəfdarısınızmı?”
Rusiyanın açıqladığı nəticələrə görə, həmin vilayətlərin sakinləri Rusiyanı dəstəkləyib.