2025-ci il fevralın 23-nə növbədənkənar parlament seçkiləri təyin edilib
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ölkə parlamentini (Bundestaq) buraxıb və növbədənkənar parlament seçkilərini 2025-ci il fevralın 23-nə təyin edib.
Bu barədə “Tagesschau” xəbər verir.
“Belə çətin anlarda sabitliyin təmin edilməsi bacarıqlı hökumət və parlamentdə etibarlı çoxluq tələb edir”, – ölkə Prezidenti deyib.
Frank-Valter Ştaynmayer dekabrın 20-də parlamenti buraxmaq niyyətində olduğunu bildirib.
O, federal hökumət üçün sabit parlament çoxluğunun yaradılması üçün artıq heç bir perspektiv olmadığını deyib.
Dekabrın 16-da Bundestaqın üzvləri Olaf Şolts hökumətinə etibar etməkdən imtina ediblər.
Şoltsun özünün təşəbbüsü ilə çağırılan xüsusi iclasda 717 deputatdan 207-si kabineti dəstəklədiyini, 116-sı bitərəf, 394-ü isə əleyhinə olduğunu bildirib.
Şolts hakim koalisiyanın dağılmasından sonra deputatlar qarşısında etimad məsələsini (bu növbədənkənar seçkilərin təyin edilməsi üçün formal əsasların olması üçün lazımdır – müəllif) qaldırıb.
Səsvermədən sonra Şolts parlamentin rəsmən buraxılması təklifi ilə Almaniya Prezidenti Frank-Valter Ştaynmayerə müraciət edib.
O, bunu 21 gün ərzində etməli idi, bundan sonra yeni seçkilər təyin ediləcəkdi.
2021-ci ildən Almaniyada Sosial Demokrat Partiyası (Şoltsun rəhbərlik etdiyi), “Yaşıllar” və Azad Demokrat Partiyasının daxil olduğu koalisiya hakimiyyətdədir.
2024-cü il noyabrın əvvəlində koalisiyada iqtisadi islahatlarla bağlı ciddi fikir ayrılıqları fonunda Azad Demokrat Partiyası koalisiyanı tərk edib.
Azad Demokrat Partiyası olmadıqda, Sosial Demokrat Partiyası və “Yaşıllar”ın parlament çoxluğu qalmır.