Almaniya Prezident Administrasiyasının rəhbəri Azərbaycandan üzr istəyib

Dörte Dinger – Bundespraesident.de

Bununla bağlı Dinger Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevə məktub ünvanlayıb

Almaniya Prezident Administrasiyasının rəhbəri, Dövlət katibi Dörte Dinger Azərbaycandan üzr istəyib.

Buna səbəb Almaniya prezidenti Frank-Valter Ştaynmayerin sosial media səhifəsində Qarabağ ərazisində keçmiş separatçı rejimin “bayrağını” paylaşması olub.

Bununla bağlı Dinger Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevə məktub ünvanlayıb.

“Post texniki səhv üzündən dərc olunub və Almaniyanın Azərbaycanın ərazi bütövlüyünə dair bilinən mövqeyi ilə bağlı heç bir əhəmiyyət daşımır. Mən bu səhvə görə olduqca məyusam. Postun Azərbaycanda bəzi insanlar arasında yaratdığı yanlış təəssürata görə üzr istəyirəm”.

Ötən gün məsələ ilə bağlı Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemann Xarici İşlər Nazirliyinə çağırılmışdı.

Görüş zamanı, Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Ermənistana səfəri çərçivəsində rəsmi “Instagram” səhifəsində Azərbaycanın keçmiş işğal olunmuş ərazilərində yaradılmış separatçı rejimin “bayrağını” paylaşmaqla Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı edilmiş paylaşıma görə kəskin etiraz bildirilib.

Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin martın 30-da Cənubi Qafqaza səfəri başlayıb. Almaniya Prezident Ofisinin verdiyi məlumata görə, aprelin 2-dək davam edəcək səfər çərçivəsində o, əvvəlcə Yerevanda görüşlər keçirəcək, daha sonra Bakıya gələcək. Onun Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü planlaşdırılıb.

Ana səhifəSiyasətAlmaniya Prezident Administrasiyasının rəhbəri Azərbaycandan üzr istəyib