Kansler maliyyə nazirini işdən çıxardı, ona etimad etmədiyini söylədi
Almaniya kansleri Olaf Şolts maliyyə naziri Kristian Lindneri vəzifədən azad etdiyini və gələn il yanvarın 15-də Federal Məclisdə etimad səsverməsinin keçiriləcəyini elan edib.
“DW” yazır ki, dünən axşam saatlarında Berlində keçirdiyi mətbuat konfransında Şolts, Baş nazirin müavini Robert Habek (Yaşıllar Partiyası) ilə Almaniyanın gələcək siyasi kursunun tez bir zamanda dəqiqləşdirilməsinin vacibliyi barədə həmfikir olduqlarını bildirib.
Etimad səsverməsindən çıxacaq nəticəyə əsasən, gələn il normal təqvimə uyğun olaraq sentyabrda keçirilməsi nəzərdə tutulan ümumi seçkilər erkənə alına bilər.
Şolts həmçinin qeyd edib ki, ilsonuna qədər parlamentin gündəmində olan və təxirə salına bilməyən bütün qanunlar səsverməyə çıxarılacaq. O, pensiyaların sabitliyinin təmin edilməsi və sənayeyə yönəlik təcili tədbirlərin də bu çərçivədə nəzərdən keçiriləcəyini vurğulayıb.
Baş nazir mətbuat konfransında maliyyə nazirinə qarşı ciddi ittihamlar irəli sürərək, onu vəzifədən azad etməsini “etimadın pozulması” ilə əsaslandırıb.
Azad Demokratlar Partiyasının (FDP) siyasətçisi olan Lindnerin yalnız öz seçici kütləsini düşündüyünü və partiyasının qısa müddətdə ayaqda qalması üçün çalışdığını bildirən Şolts, Almaniyanın gündəmindəki iqtisadiyyat və müharibə kimi vacib məsələləri çıxılmaz vəziyyətə sürüklədiyini iddia edib.
Şolts, “Belə bir vəziyyətdə hər hansı bir həll və ya kompromis təklifini rədd edən hər kəs məsuliyyətsiz davranır. Federal Kansler olaraq buna dözə bilmərəm”,– deyə bildirib.
Şolts, Lindneri hökumətdə olduqları müddətdə müzakirələri ictimaiyyət qarşısına çıxarmaqda və qanunların icrasını uyğunsuz şəkildə əngəlləyərək kompromisin qarşısını almaqda ittiham edib.
“Çox vaxt kiçik hesablar apardı. Çox tez-tez güvənimi sarsıtdı”,- deyən Şolts, FDP lideri ilə əməkdaşlığı davam etdirmək üçün etibarın qalmadığını vurğulayıb.
Şolts, “Bu şəkildə ciddi bir hökumət işi mümkün deyil”, ifadəsini işlədib.
Kristian Lindner isə verdiyi açıqlamada koalisiyada yaranan böhranın məsuliyyətini Kanslerin üzərinə qoyub.
“Olaf Şoltsun ölkəmiz üçün yeni bir çıxış yolu təmin edəcək gücə sahib olmadığını təəssüf ki, gördük”,- deyən Lindner, Baş nazirin onunla və partiyası ilə əməkdaşlığı sona çatdırmaq üçün planlı şəkildə hərəkət etdiyini iddia edib.
Lindner, “Bu gün günorta saatlarında Şolts Konstitusiyadakı borc məhdudiyyətini müvəqqəti olaraq dayandırmağımı tələb etdi. Bunu qəbul edə bilməzdim, çünki əks halda andımı pozmuş olardım”, – deyə açıqlayıb.
Almaniyanı qeyri-müəyyənliyə sürükləməkdə Şoltsu günahlandıran FDP lideri, koalisiya ortaqları SPD və Yaşılların iqtisadiyyatı canlandırmağa yönəlik təklifləri müzakirə etməyə belə razı olmadıqlarını bildirib. Lindner, “Şolts uzun zamandır vətəndaşların iqtisadi narahatlıqlarını kiçildir”,– deyib.
Almaniyanın növbəti seçkilərdə yönünü müəyyən etmək imkanı əldə edəcəyini qeyd edən Lindner, seçkidən sonra formalaşacaq hökumətdə yer alma niyyətini açıqladı. O, FDP-nin qarşıdakı dövrdə də “məsuliyyət daşımağa hazır olduğunu” vurğulayıb və “Bunu başqa bir hökumətdə həyata keçirmək üçün mübarizə aparacağıq”,- ifadəsini işlədib.
Sosial Demokratlar Partiyası (SPD), Yaşıllar və Azad Demokratlar Partiyasından (FDP) ibarət koalisiya hökuməti təxminən 3 ildir ki, fəaliyyət göstərir.
Almaniyada hökumət böhranı ilə bağlı vəziyyətin xülasəsi belədir:
Almaniyanın üç partiyalı “işıqfor koalisiyası” Kansler Olaf Şoltsun maliyyə naziri Kristian Lindneri vəzifədən azad etməsindən sonra dağılmaq üzrədir. Sosial Demokratlar Partiyası (SPD), Yaşıllar və Azad Demokratlar Partiyası (FDP) tərəfindən qurulan bu koalisiya demək olar ki, başladığı andan bəri daxili münaqişələrlə üzləşib.
Gərginliyin pik nöqtəsi gələn ilin büdcəsi ilə bağlı ciddi fikir ayrılıqları zamanı baş verib. Şolts və onun rəhbərlik etdiyi SPD, həmçinin Yaşıllar, konstitusiyaya əsaslanan borc məhdudiyyətinin müvəqqəti dayandırılması üçün maliyyə fövqəladə vəziyyətinin elan olunmasını və dövlət xərclərinin artırılmasını təklif edib. FDP-nin lideri və fiskal cəhətdən sərt mövqedə olan Lindner isə bu təklifi qəbul etməyərək, borc qaydalarının pozulmasının Konstitusiyaya və onun vəzifə borcuna zidd olduğunu bildirib.
Yaşılların liderləri, iqtisadiyyat naziri Robert Habek və xarici işlər naziri Annalena Berbock, FDP-ni böhran vaxtı lazım olan iqtisadi çeviklikdən imtina etməkdə günahlandırıb. Lindner isə Şoltsun onu qaydaları pozmağa məcbur etməyə çalışdığını iddia edib ki, bu da böhranın kəskinləşməsinə səbəb olub.
Bu vəziyyət müxalifət partiyalarının da diqqətini çəkib və onlar Şoltsdan parlamentdə etimad səsverməsinin keçirilməsini tələb edirlər — və bunu kanslerin istədiyindən daha tez etməsini istəyirlər. Bu böhran erkən seçkilərə və ya hökumət koalisiyasında yenidənqurmalara səbəb ola bilər.
Almaniyada nəqliyyat naziri Folker Vissinqin (Volker Wissing) rəhbərliyi altında çalışan üç dövlət katibi (Staatssekretäre) vəzifələrindən istefa vermək niyyətindədir. FDP üzvü olan bu katiblər, Vissinqin vəzifəsində qalma qərarına qarşı çıxaraq partiyaları Azad Demokratları (FDP) tərk etmək qərarına gəliblər.
Daniela Kluckert, Oliver Luksic və Gero Hocker ortaq açıqlamalarında, Vissinqdən istefalarını Prezident Frank-Valter Ştaynmayerə təqdim etməsini xahiş etdiklərini bildiriblər və bu qərarın Vissinqin vəzifədə qalmasından asılı olmadığını vurğulayıblar.
“Ölkəmizin təcili olaraq yeni başlanğıca və qaydalı siyasi şərtlərə ehtiyacı var”,– deyə açıqlamada qeyd ediblər.
“Onun təkbaşına qərarından sonra artıq Vissinqə heç bir etimadımız qalmayıb”.
Onlar həmçinin vurğulayıblar ki, “Almaniya biznesə yükü azaldan, bürokratiyanı sadələşdirən və vergiləri azaldan real iqtisadi dəyişikliyə ehtiyac duyur”.