Almaniya Gürcüstandakı səfirini geri çağırıb

Avropa Birliyi-Gürcüstan. Foto: Alexandros Michailidis/shutterstock

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası ilə kəskin gərginlik fonunda Almaniya Xarici İşlər Nazirliyi öz səfiri Peter Fişeri məsləhətləşmələr üçün geri çağırıb.

Nazirlik bazar günü qərarını elan edərək, “bir neçə aydır ki, Gürcüstan rəhbərliyinin Aİ, Almaniya və şəxsən səfir Fişerə qarşı təbliğat apardığını” qeyd edib.

Nazirlik əlavə edib ki, buna görə də Xarici İşlər Naziri Cohan Vadephul məsləhətləşmələr üçün səfir Fişeri geri çağırmaq qərarına gəlib.

Almaniyanın qərarından sonra müsbət münasibətlərə malik olan iki ölkə arasında diplomatik gərginlik yaranıb.

2022-ci ildə vəzifəyə gəlmiş Gürcüstanda hökumətin açıq tənqidçisi olan Fişer ölkədəki demokratik geriləmə və gündəlik hökumət əleyhinə etirazlar fonunda hakim “Gürcü Arzusu” partiyasının yüksək vəzifəli üzvləri tərəfindən dəfələrlə tənqid və hücumlara məruz qalıb.

Almaniyanın qərarına cavab olaraq Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bildirib ki, “bu, səfirin divar yox, körpü rolunu oynamasına yenidən baxılması üçün bir siqnaldır”: Ümid edirik ki, bu, sıfırlama üçün bir siqnaldır. Əlbəttə, biz Almaniya ilə münasibətlərimizin layiq olduğu yerə qayıtmasına hazırıq”.

Fişer dəfələrlə hakim partiyanın məhdudlaşdırıcı qanunlar qəbul etməsini və tənqidçiləri hədəf alan nəzəriyyələrin yayılmasını tənqid edərək, ölkədə “siyasi repressiya və zorakılığın artdığını” deyib.

Buna cavab olaraq Gürcüstan rəsmiləri onu ölkənin daxili işlərinə qarışmaqda, siyasi fəaliyyətlə məşğul olmaqda və hakim partiyanın ekstremist kimi qələmə verdiyi anti-hökumət fəallarını dəstəkləməkdə ittiham edib.

Bu ilin əvvəlində və sentyabrın sonunda Gürcüstan Fişeri dövlət işlərinə qarışmaq, o cümlədən ölkədə “radikal gündəmi” təşviq etmək ittihamı ilə nazirliyə çağırıb.

Nazirliyin məlumatına görə, Fişere xatırladılıb ki, Diplomatik Münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyasına əsasən, diplomatlar yerləşdikləri dövlətin daxili işlərinə qarışmamağa borcludurlar.

Nazirlik “ölkədə radikal gündəmi təşviq etmək cəhdləri”nin artdığını və narahatlığını ifadə edib, bu cür cəhdlərin “cəmiyyətdə qütbləşmənin qızışdırılmasına” töhfə verdiyini iddia edib.

Buna cavab olaraq oktyabrın əvvəlində Almaniya Gürcüstanın müvəqqəti işlər vəkilini “Gürcü arzusu” hökumətinin Fişer haqqında aqressiv ritorikasına görə nazirliyə çağırıb.

Fişer hakim partiyanın tənqidi ilə üzləşən yeganə Avropa səfiri deyil.

Sentyabrın 16-da Baş nazir İrakli Kobaxidze “[Aİ] səfirlərinin böyük bir hissəsinin Gürcüstan cəmiyyətinə nifrət səfiri kimi təqdim edildiyini” iddia edib.

“Bu, Vyana Konvensiyasının kobud şəkildə pozulması, demokratik seçkilərə birbaşa müdaxilədir və bu cür davranış heç bir səfirə yaraşmaz”, – Kobaxidze səfirlərdən biri Arakelyan haqda deyib.

Bu tənqidi çərşənbə axşamı Xoştariyanı “ekstremist siyasətçi” adlandıran və Arakelyanı “Gürcüstanda ekstremizmi təşviq etməkdə” ittiham edən parlament sədri Papuaşvili təkrarlayıb.

Bunun ardınca 26 Avropa ölkəsinin Gürcüstandakı səfirliyi, eləcə də Aİ səfirliyi birgə bəyanat yayaraq, onların ölkədəki işləri ilə bağlı “dezinformasiya”nı pisləyiblər.

Böyük Britaniyanın səfiri Qaret Uord da bu yaxınlarda Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılıb, baxmayaraq ki, müzakirə olunanlarla bağlı heç bir təfərrüat açıqlanmayıb.

Almaniya Nazirliyinin Fişerin geri çağırılması ilə bağlı rəsmi bəyanatında qeyd edildiyi kimi, Aİ Xarici Əlaqələr Şurası bazar ertəsi Gürcüstana müraciət edəcək.

Aİ və blokun bəzi ayrı-ayrı ölkələri Gürcüstan rəsmilərinə qarşı sanksiyalar tətbiq etsə də, Aİ-nin vizasız girişə daha geniş məhdudiyyətlər, ticarətin azaldılması və ölkənin maliyyə institutlarına qarşı sanksiyaları kimi bir sıra əlavə tədbirləri də var.

Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini OC Media-dan oxuya bilərsiniz.

Ana səhifəXəbərlərAlmaniya Gürcüstandakı səfirini geri çağırıb