Almaniya bayrağı Ana Vətən Partiyasında qalmaqal yaratdı

Fəzail Ağamalı: “Kimsə partiyamızın təməl prinsiplərini qəbul etmirsə, ayrıla bilər”

Ayşən Ayxan: “Fəzail Ağamalı mənə dedi: “Öncə azərbaycançılıq ideyası, Heydər Əliyev, ondan sonra Rəsulzadə, Elçibəy”

Source:


Fəzail Ağamalı: “Kimsə partiyamızın təməl prinsiplərini qəbul etmirsə, ayrıla bilər”


Ayşən Ayxan: “Fəzail Ağamalı mənə dedi: “Öncə azərbaycançılıq ideyası, Heydər Əliyev, ondan sonra Rəsulzadə, Elçibəy”

Ötən gün Ana Vәtәn Partiyasının sәdri, deputat Fәzail Ağamalı partiyanın mәtbuat xidmәtinin rәhbәri Ayşәn Ayxanı “Facebook” profilindә Almaniya bayrağını örtük fotosu elәdiyi üçün işdәn çıxarıb.

Ayşәn Ayxan bu barədə məlumatı özünün Facebook səhifəsində yayıb.

Arqument.az-ın məlumatına görə, bundan әvvәl Ayşәn Ayxan Әbülfәz Elçibәyin portretini örtük fotosu etdiyi üçün işdәn çıxarılsa da, sonradan geri qaytarılıbmış.

Baş verənlərlə bağlı Ayşən Ayxan belə yazıb:

“Məlum olduğu kimi hazırda coverimdə olan şəkli cover etdiyim üçün işdən azad edilmişəm.Bildiyiniz uyğun vakansiyalar varsa, bildirməyinizi rica edirəm.Çünki işləməyim vacibdir, hətta o dərəcədə ki, bir həftə belə işsiz qalmağım çox böyük itkidir mənim üçün. İşə necə ehtiyacım olduğunu, maddi sıxıntılarımı bilə-bilə belə absurdcasına məni işdən çıxardana və buna səbəbkar olana isə uzun ömür, can sağlığı diləyirəm. Necə deyərlər, kəsər dönər, sap dönər, gün gələr hesab dönər. Müqəddəs hesab etdikləri ayda gördükləri “savab” iş mükafatsız qalmaz, ümid edirəm”.

Ancaq Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalı Meydan TV-yə bildirib ki, o, Ayşən Ayxanı bir nəfərin təqdimatı ilə vəziyyətini nəzərə alıb işə götürüb: “Partiyamızın mətbuat xidmətinin rəhbəri analıq məzuniyyətində olduğundan yer boş idi, Ayşən Ayxanın qələmi və qabiliyyəti olsa da, savadı yoxdur. İstədim ki, işləməklə partiyamızın ideallarıyla tanış olub öz inkişaf yolunu tapsın. Təminat da verirdim. Ancaq işə vaxtında gəlmədiyindən mətbuat xidmətində müvəqqəti olduğunu bilirdim, ona görə başqa bir struktura keçirəcəkdim. Bayram ərəfəsində Facebook profilində Almaniya bayrağını görəndə ona zəng edib “sənin üçün Azərbaycan, yoxsa Almaniya bayrağı əzizdir” deyə sual etdim. “Nə mənada” soruşduqda, dedim ki,  hər mənada. Nə üçün başqa ölkənin bayrağını profilinə qoyduğunu sual etdikdə Almaniyanın onun ölkəsi olduğunu söylədi. Bundan sonra “sənin yerin  siyasət deyil, bizimlə işləyə bilməzsən”- deyib, söhbəti bitirdim. Köməkçimə də əməkhaqqısının ödənməsini tapşırdım və məsələ bitdi. Bizim partiya üzvləri Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda şəhid olublarsa, Ana Vətən Partiyasının təməl prinsipləri var, bu dəyərlər bizim üçün əzizdir. Kimsə bunları qəbul etmirsə, ayrıla bilər”.

“Bəs fikir plüralizmi, partiyadaxili fraksiyanı qəbul etmirsinizmi” sualına Fəzail Ağamalı belə cavab verib: “Fikir azadlığı o deyil ki, Almaniya bayrağını öz bayrağımdan üstün tutum. Bu dəyərlərə xəyanət olardı. Mən bu cür insanlara kosmopolit kimi yanaşıram, mənim üçün öz bayrağımız əzizdir”.

AVP sədri sabiq prezident Əbülfəz Elçibəyin şəklinə görə Ayşən Ayxanın işdən çıxarılması barədə deyilənləri təkzib etdi:

“Bununla bağlı heç söhbətimiz olmayıb. Bəli, demişəm ki, mənim otağımda Heydər Əliyevin, İlham Əliyevin və Şah İsmayıl Xətainin şəkli var, başqa heç nə. Onun heç səhifəsində Elçibəyin şəkli də olmayıb. Əgər olsaydı, deyərdim ki, get KXCP-yə üzv ol. Amma Almaniya bayrağı haqda münasibətim bəllidir. Bu baxımdan Ayşən Ayxanın yeri AVP-də ola bilməz”.

AVP sədrinin fikirləri ilə bağlı Ayşən Ayxana müraciət etdik.

O, çox təəssüf edir ki, Fəzail müəllim təkzib dolu belə açıqlama verib: “İşə ilk iki gün geçikməm olub. O da aydın məsələdir ki, iş yerimlə yaşadığım ünvan arasında məsafə çoxdur, yolu tam müəyyən edənə kimi iki gün gecikməm olub. Qalan günləri gəlib qapıda qalıb gözlədiyim vaxtlar da olub. Savadsız olduğumu qeyd edib, ali təhsilim olmaya bilər, amma öz imkanım və gücüm daxilində kolleci bitirə bilmişəm. Ali təhsil ala bilməməyim mənim imkanlarım daxilində alınmayıb, amma təhsilimi davam etdirməyi düşündüyümü Fəzail müəllimin özünə də demişdim. O ki qaldı sabiq prezident Elçibəyin fotosu haqda onun təkzibinə, profilimə Elçibəyin məzarı önündəki şəklimi qoymuşdum. Facebook-da profil şəkillərimin içində var. Örtük şəkli isə Huseyn Nihal Atsızın “Bozqurdlar” romanı idi.

Bununla bağlı orada funksionerlərdən biri Azər bəylə də söhbətim olub, şəxsən özü ilə də. Otağıma gəlib fikrini də demişdi. Öncə azərbaycançılıq ideyası, Heydər Əliyev, ondan sonra Rəsulzadə, Elçibəy. Bundan əlavə, məni otağına çağırıb Aqil Abbasın nömrəsini verdi. Aqillə bəylə əlaqə saxlayıb, onun qəbuluna getməli idim. İyulun 15-nə kimi qalıb işləyə bilərəm. Çıxarılma səbəbi ilə bağlı bildirdi ki, sən partiya adamı deyilsən, həm passivsən, həm də çox sakitsən dedi, milliyətçi olmağın yaxşıdır. Çox hörmət edirəm fikrinə.

Amma bizim təməl prinsiplərimiz ilə sənin fikirlərin uyğun gəlmir. Mən də hörmətlə yanaşdım. Bu haqda da heç nə yazmadım. Çünki Aqil bəyin nömrəsini vermişdi ki, işlə bağlı onunla görüşüm. Bunun üstünə ona qarşı hörmətsizlik edə bilməzdim. Fikirlərinə də hörmətlə yanaşdığımı, razılaşdığımı bildirib çıxdım. Amma sonra evdə narazılıqlar oldu. Həm də dostlarım nəşriyyatda işləməyin mənə çətin olacağını, əmək haqqının az olduğunu deyincə, Fəzail müəllimə qalıb işləmək istədiyimi bildirdim. Çox tərəddüd etsə də, razılaşdı. Amma mətbuat xidmətində müvəqqəti olduğumu, məni ümumi şöbəyə referant vəzifəsinə keçirəcəyini bildirdi, razılaşdım. Mətbuat xidmətində çalışmamı istəməməsinin səbəbi isə zəif olduğumu, ona peşəkar jurnalist lazım olduğunu bildirdi. Mən də qarşı çıxmadım, çünki jurnalist kimi hər hansısa fəaliyyətim olmayıb. Ona görə heç nə demədim. Sadəcə tapşırılan işləri zamanında yerinə yetirdiyimi bildirdim, köməkçisinə də demişdim. İşdən çıxarıldığım gün isə Almaniya bayrağını örtük şəkli etmişdim. Fəzail məllim zəng etdi:  “Ayşən, sənin üçün Azərbaycan bayrağı müqəddəsdir, ya Almaniya? ” Mən də “Nə mənada, Fəzail məllim?” – deyəndə, elə o mənada dedi. Cavab verdim: “Əlbəttə, Azərbaycan bayrağı. Sadəcə Almaniya sevdiyim bir ölkədir, bunu hamı bilir ki, mən Almaniyanı ölkə olaraq sevirəm”. O da “Ayşən mən sənə öncə də demişdim, sənin yerin partiya deyil” – söyləyib telefonu qapatdı”.

Ana səhifəXəbərlərAlmaniya bayrağı Ana Vətən Partiyasında qalmaqal yaratdı