“Dinc şəraitdə keçəcəyi təqdirdə etirazlara izin verilməlidir”
ABŞ-da irqçiliklə bağlı etirazlarda şiddətin artmasının ardından Almaniya Xarici işlər naziri Hayko Maas etirazların legitimliyinə istinad edərək, jurnalistlərə polis müdaxiləsini tənqid edib, – DW Türkçə xəbər verir.
ABŞ Prezidenti Donald Trampın keçən həftə qaradərili vətəndaşın polis tərəfindən öldürülməsindən sonra başlamış etirazları yatırtmaq üçün orduya əmr verəcəyi ilə bağlı təhdidləri reaksiyalara səbəb olub.
Maas öldürülmüş qaradərili Corc Floydun “dəhşətverici və şokedici bir şəkildə yaşamını itirməsinə” diqqət çəkərək, dinc şəraitdə keçəcəyi təqdirdə etirazlara izin verilməli olduğunu deyib.
Floydun ölümünə qarşı etirazların son dərəcə qanuni və başa düşülən olduğunu qeyd edən Maas ABŞ polisinin nümayişçilərə münasibətini birbaşa tənqid etməyib.
“Hər hansı zorakılıq tənqid edilməlidir, amma hər şeydən öncə buna aydınlıq gətirilməlidir. Jurnalistlər də öz işlərini müstəqil şəkildə edə bilməlidirlər”,- deyib.
Keçən həftə çərşənbə axşamı sosial mediada yayılan videogörüntülərdə ağ polis məmurunun polis avtomobilinin yanında yerə yatırılmış Floydun boynuna ayağı ilə basdığı, qaradərili vətəndaşın “mən nəfəs ala bilmirəm” sözlərini eşitdiyi halda basmağa davam etdiyi görüldü. Floyd hadisədən sonra qaldırıldığı xəstəxanada həyatını itirərkən, irqçiliyə və polis zorakılığına qarşı nümayişlər bütün ölkədə yayıldı.
“Trampın pis bir şey edə bilməyəcəyini düşündüyünüz zaman yeni bir şey ortaya çıxır. ABŞ-a bölünmək əvəzinə sülh arzulayırıq”,- Liberal Azad Demokratik Partiyanın (FDP) lideri Kristian (Christian) Lindner “Twitter” hesabında yazıb.
Xarici İşlər Nazirliyi nəzdində beynəlxalq mədəniyyət siyasətinə rəhbərlik edən nazir Mişel Müntefering ABŞ-dakı hadisələrdən narahatlığını bildirərkən irqçiliyin Almaniyada da problem olduğunu dilə gətirib.
“İnstitusional ayrı-seçkiliyə qarşı daha qətiyyətli hərəkət etməliyik. Bu, Konstitusiyamızın bizə verdiyi çox açıq bir vəzifədir”,- o deyib.