Mənbə: Meydan TV

Alma Karlin – Kolumb olmaq arzusuyla dünyanı dolaşan qız

(İkinci hissə)

“Mən Kolumb olmaq istəyirdim, ancaq tezliklə öyrəndim ki, hər şey artıq kəşf olunub”.

Alma M. Karlin

Almanı zəmanəsinin ən orijinal adamlarından birinə çevirən səbəb sadəcə dünyanı təkbaşına dolaşmaq cəsarəti deyildi. O, bunu etmək üçün bədəninin fiziki məhdudiyyətlərini, mənsub olduğu cinsin və sosial sinfin çərçivələrini, milli kimliyinin sərhədlərini, fiziki məsafələri və zamanın ruhunu aşıb keçmişdi.

Dünyanın ən ucqar nöqtəsinə getmək üçün bir-iki dəqiqəyə bilet bron etməyin və mənzil başına bir günə çatmağın mümkün olduğu indiki dövrdən fərqli olaraq 20-ci əsrin 20-ci illərində səyahət şərtləri çox-çox ağırıydı – dünyanı dolaşmağın tək üsulu ağır-ağır hərəkət edən transokean gəmilərinə minib uzun-uzadı yol getməkdi. Varlı olmayanlar üçün bu həm də xidmət səviyyəsinin son dərəcə aşağı olduğu yerlərdə, pis şəraitdə səyahət demək idi, amma Alma Karlin öz eqosuna da qalib gəlmişdi.

“Mən əvvəllər heç vaxt üçüncü sinifdə getməmişdim. Yanımda hündür çəkməli və çirkli paltarlı yaşlı bir kişi oturmuşdu. Alt çənəsi dişsiziydi, üst çənəsində cəmi iki diş vardı və bu, ona asanlıqla tüpürmək imkanı verirdi. Başının üstündəki lövhədə “Yerə tüpürməyin” sözü düz üç dildə yazılmışdı, amma onun heç vecinə də deyildi. Boğazını arıtlayıb xüsusi həvəslə tüpürür, tüpürcəyi düşən yerin qurumasına imkan vermirdi. Mənimlə üzbəüz oturmuş qadınların bazarda sata bilmədikləri toyuqlar böyük zənbillərdən çıxıb onların dizlərinə dırmaşmışdılar. Bir pəncərə o yanda gənc ər-arvad övlad sahibi olmaq üçün dua edirdilər“.

****

Tozlu-palçıqlı yollar, pulsuzluq, xəstəliklər, kişilərin təcavüz cəhdləri – bunların heç biri Almanı dünyanı dolaşmaq fikrindən daşındırmır. Zamanla o, özünü qorumağın yollarını, daha ehtiyatlı davranmağı öyrənir:

“Təhlükədən yayınmağı bacarmaq hissləri qabarmış insanla davaya girməkdəm yaxşıdır”.

Böyük çətinliklərlə viza alıb gedə bildiyi bütün ölkələrdə Alma yerli əhaliyə qaynayıb-qarışır, tanış olduğu adamların çoxu ona öz həyat hekayələrini, adət-ənənələrini danışır. Karlin eşitdiklərinin hamısını yazır, həm də xeyli poetik tərzdə. Təəssüratları çoxalanda fasilə verib məqalələr yazır, dil kursu açıb dərs deyir. Bu, ona həm də maddi baxımdan müstəqil olmaq, kişilərin yardım təkliflərindən imtina etmək imkanı yaradır.

Panamada Alma andlı məhkəmə tərcüməci kimi də çalışır – o ölkə tarixində bu, ilk belə halıydı.

Amma onun Cənubi Amerikayla bağlı təəssüratlarında mənfi çalarlar üstünlük təşkil edir, bəzi qeydlərində hətta irqçilik meylləri hiss olunur.

Bununla belə, Asiya, xüsusilə də Yaponiya mədəniyyəti Almanı riqqətə gətirir:

“Cənubi Amerika və Yaponiya arasında böyük miqyaslı mədəniyyət fərqi var və bu fərq yüksəlişdədir. Yaponlar mənim insanlara inamımı qaytardılar”.

Fiziki sevgidən, ailə qurmaqdan, ana olmaqdan imtina edən, sevməyi bacarmadığına inanan, “ancaq erotikadan uzaq müdrik kişilərdən” xoşlanan Alma Uzaq Şərq səfərində bir yapona aşiq olmuşdu. Onunla qalmaq, yoxsa səyahətinə davam etməklə bağlı bir müddət tərəddüd keçirəndən sonra o, həyatının başqa missiyası olduğunu deyərək “cənab İ.”-ni tərk etmişdi. Peruda sevdiyi şairlə də Alma eynən bu cür davranmışdı – sonralar məşhur biri olacaq Ataualpo onunla intim yaxınlığa can atmış, bunu arzulamayan qızdan ayrılanda ona qəzəblə “Sən qətiyyən qadın deyilsən!” demişdi. Bu ayrılıqdan sonra uzun müddət depressiyada olan Alma şairdən görüş vədli məktublar alanda sevincindən “göylərə uçmuş”, amma onlar bir də heç vaxt görüşməmişdilər.

Səyahətinin dördüncü ilinin sonlarında Alma Karlin Uzaq Şərqi təkr edib Cənub dənizlərini kəşf etməyə yollanır, səyahətinin sonuncu ilində malyariyaya tutulur, amma geri dönüşünün səbəbi özünün yox, anasının xəstəliyi olur.

****

Səyahət etdiyi müddət boyu Alma 23 qəzetlə (“Ciller Zeitung” və s.) əməkdaşlıq edir, gəzdiyi yerlər haqqında məqalələr yazır. Səkkiz il ərzində onun toplam 136 məqaləsi dərc olunur.

Almanın çəkdiyi eskizlər alimlər üçün ekzotik bitkilərlə bağlı ciddi informasiya bazası rolunu oynayır. O, müxtəlif ölkələrdə rast gəldiyi orijinal əşyalara da böyük maraq göstərir, onları alıb evə göndərir (Onun kolleksiyasının bir hissəsi hazırda Sloveniyanın Diyarşünaslıq Muzeyində saxlanır).

Demək olar ki, bütün dünyanı və təkbaşına dolaşmış ilk jurnalist qadın Alma Karlin 1827-ci ildə səyahətini başa vurur. Geri dönəndə o, artıq 15 xarici dil bilirdi. Həm səyahət vaxtı, həm də ondan sonrakı illərdə Alma gəzdiyi-gördüyü yerlər və hadisələrlə bağlı 3 kitab (“Təkbaşına səyahət: inklər krallığında və Uzaq Şərqdə bir qadının həyəcanları və macəraları”, “Cənub dənizinin caduları” və «Dünyanı sınaqdan keçirmək: qadının taleyi»), 80 000 tirajla çap edilmiş bu kitablara görə İsveç yazıçısı Selma Lagerlyof onu Nobel mükafatına namizəd göstərilir. 1921-37-ci illər aralığında onun 22 kitabı – romanları, şeirləri, məqalələri, qeydləri və rəsmləri çap olunur. Almanca yazdığı üçün slovenlərin xüsusi maraq göstərmədiyi Alma daha çox almandilli ölkələrdə məşhurlaşır, Almaniyada bir neçə fan-klubu yaranır, onu tez-tez radio-müsahibələrə dəvət edirlər.

Əslində, Alma özünü nə sloven, nə də alman hesab edirdi, “avstriyalıyam” deyirdi:

“Mənim millətim yoxdur. Vətənə qayıtdığım ilk üç ay ərzində aydın oldu ki, slovenlər məni həmişə özlərinə yad hesab edəcəklər, əksi mümkün olmayacaq. Anam almandır, həyatımın 30 ilini avstriyalı kimi yaşamışam. İndi isə sadəcə dünya vətəndaşıyam. Mənim bütün fəaliyyətim insanlığa xidmətə hesablanıb”.

Bu mövzuda Almanın daha bir qeydi var:

“Evdə yalnız alman dilində danışdığımızdan və anam qırx il ərzində alman məktəbində müəllim işlədiyindən mən də bu dildə təhsil aldım, almandilli insanlarla təmasda oldum. Hətta sloven olan bibimin evində də mənimlə alman dilində danışırdılar. Alman millətinə bağlılığıma, araşdırmalarımdakı və ədəbiyyatdakı uğurlarımı ona həsr etdiyimə görə məni günahlandıra bilməzsiniz. Millət təhsilin bəhrəsidir”.

Almanın ingilis, fransız, sloven, serb, macar, italyan və Skandinaviya dillərinə də tərcümə edilən kitabları müxtəlif dinlərlə bağlı məlumatlara görə də böyük maraq doğurur (Karlin buddizmin və digər Şərq dinlərinin öyrənilməsinə xeyli zaman sərf etmişdi). Bundan başqa, o, kitablarında qadın-kişi münasibətlərinə, qadınların cəmiyyətdəki yerinə də xüsusi yer ayırmışdı.

Bir müddət sonra bütün Mərkəzi Avropada məşhurlaşan Alma Karlini publik leksiyalara dəvət edirlər, insanlar bu leksiyalara böyük maraq göstərirlər. Almanın yaradıcılığı okeanın o tayında da əks-səda doğurur - Nyu-Yorkdakı beynəlxalq kitabxananın (o dövrdə dünyanın ən böyük kitabxanalarından biri) alman dili şöbəsində onun əsəsrləri ən çox oxunan kitablar siyahısına düşür (1990-cı illərdən etibarən Sloveniyada Alma Karlin yaradıcılığı yenidən gündəmə gəlib. Hər il onun bir neçə əsəri təkrar tərcümə olunaraq dərc edilir və hər biri bestsellerə çevrilir).

Həmin dövrdə Karlin teosofiyanı (dini-mistik təlim) öyrənməyə başlayır, Londondakı teosofiya cəmiyyətinə üzv olur. İkinci dünya müharibəsi illərindəsə o, katolikliyə meyillənir.

****

1930-cu illərdə Almaniyada nasional-sosializmin yüksəlişi bir çoxları kimi, Almanı da narahat edir. O, azadlıqları məhdudlaşdıran bütün rejimlərə qarşıydı və bunu açıq şəkildə ifadə edirdi. Karlin nasistlərin hakimiyyətə gəlməsinə etiraz olaraq almanca yazmayacağını bəyan edir, əvəzində hitlerçilər onun kitablarını yandırmağa başlayırlar.

Seledəki nasistlərin narazılığına baxmayaraq Alma 1937-38-ci illərdə jurnalist və antinasist yazıçı Hans İoahim Bonsakı öz evində gizlədir (O dövrdə onların arasında sevgi yaranıbmış, amma Bosnakın xəyanəti ucbatından ömrü uzun olmayıb). “Üçlər İttifaqı” (Almaniya, İtaliya, Yaponiya) Yuqoslaviyanı işğal edəndən (1941) sonra Karlini buna görə həbs edib Sloveniyann Moribor şəhərinə göndərirlər – ordan da Dahau əsir düşərgəsinə göndərmək üçün.

Buna isveçli rəssam, Almanın yaxın dostu Tea Hamelin mane olur. O, Berlindəki nüfuzlu tanışları vasitəsilə Karlini azad etdirir. Seleyə qayıdıb ev dustaqlığında yaşayan Alma 1944-cü ildə Sloveniya partizan hərəkatının nəzarətində olan Ağ Karniola bölgəsinə qaçır. Karlin İtaliyanın Bari şəhərini işğal etmiş ingilislərin yanına getmək istəyirdi və ümid edirdi ki, bu məsələdə partizanlar ona yardım edəcəklər. Amma səyyah qadının anti-kommunist mövqeyindən narazı olan partizanlar ingilislərin çoxunun agent olduğunu bəhanə gətirərək Almanı Xorvtiyanın Dalmasiya bölgəsinə aparırlar.

Karlin bundan bərk qəzəblənir: “Artıq mən özümçün dəqiqləşdirdim – bu sistem yararsızdır, çünki terrora əsaslanır. Mən könüllü şəkildə partizanların yanına getmiş və nasizmə qarşı olduğumu demişdim, amma siyasi mövqeyim fərqli olduğu üçün məni göndərməkdən qorxdularsa, demək ki, hər şey boşunaymış. O hadisədən sonra azadlıq hərəkatından uzaq durmağa başladım. Əvvəl minnətdarlıq hissim vardı, məni orda zorla saxlayandan sonrasa onlara qarşı oldum”.

Alma Dalmasiyadan ancaq mühahirəbə qurtaranda qayıda bilir. Teayla birlikdə onlar kiçik bir kotecdə yaşamağa başlayırlar. Xeyli zəifləmiş və səhhəti korlanmış olsa da, o, yazmağa davam edir. Bir müddət sonra xərçəng xəstəliyinə yaxalanan Alma Karlin 1950-ci ilin yanvarında vəfat edir.

Sonrakı illərdə sloven yazıçı Milan Dekleva bu son dərəcə güclü və istedadlı qadın haqqında “Dünya vətəndaşı” adlı kitab yazır, rejissor Marta Frelix “Solo ifada səyahət” adlı sənədli film çəkir, sloven filmləri festivalında bu film xüsusi mükafata layiq görülür.

Sloveniyalı etnoloq B.Tornovets avtobioqrafik materiallar əsasında “Kolumbun qızı: Alma M. Karlinin həyat və yaradıcılığı” kitabını yazır.

Yaşadığı dövrün ənənələrinə meydan oxuyan; həm uğurlu, həm də faciəli həyat hekayəsi olan bu qadını C.Yezernik (Almann kitablarının naşiri) “dünyanın ən görkəmli səyahətçilərindən biri” adlandırır.

2010-cu ildə Seledə - doğulub-böyüdüyü şəhərdə Alma Karlinə heykəl qoyulur.

****

P.S. Alma Karlin: “Heç bir şeyə can atmayan insanlar necə də xoşbəxtdirlər. Öz kiçik həzləri və cahillikləri içində onlar heyvanlara xas ləng həyat yaşamaqdadırlar. Belələri şairin, araşdırmaçının və ya mütəfəkkirin əzablarından xəbərsizdirlər. Halbuki biz cavanlığımızı, sağlamlığımızı və rahatlığımızı o əzablara qurban veririk...”

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/puttue

Ən çox baxılan