Qafqaz Müsəlmanları İdarəsinin sədri bəyanat yayıb
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə II Qaregininin Xankəndiyə səfərini təəssüflə qarşılayıb.
Bu barədə QMİ sədrinin iyunun 9-da yaydığı
bəyanat
da deyilir.
Bəyanatda xatırlanıb ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində dini liderlərin Ümumdünya Kilsələr Şurasının, Gürcü Pravoslav Kilsəsinin, Vatikanın, ələlxüsus Rus Pravoslav Kilsəsinin ali vasitəçiliyi ilə baş tutmuş Möntre, Rostov, Moskva, Tbilisi, Yerevan, Bakı görüşləri sayəsində dini müstəviyə keçməsinə yol verməyiblər:
"Lakin, çox təəssüf ki, münaqişənin sülh yolu ilə ədalətli həlli ilə bağlı səylər erməni kilsəsi tərəfindən əməldə dəstəklənmədi. İllərlə davam edən dinlərarası dialoqumuz dövründə sülhə nail olmaq naminə birgə bəyan etdiyimiz və hazırkı erməni dini liderlərinin də imzaladığı Bəyannamələrin ruhuna zidd olaraq Erməni Apostol Kilsəsi öz xalqına nicat verəcək sülh ideyalarını təşviq etmədi, barışığa, dinc həyata, qarşılıqlı anlaşma və əməkdaşlığa sövq etmədi. Əksinə Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsini tələb edən BMT-nin və digər beynəlxalq təşkilatların qərarlarına məhəl qoymayan erməni siyasi liderlərin cinayətkar əməllərinə mənəvi haqq qazandırdı. Bu cür fəaliyyətin hələ də davam etdirilməsi, erməni katolikosu II Qareginin bu yaxınlarda Xankəndiyə səfər etməsi və bu zaman onun tərəfindən revanşist bəyanatların səsləndirilməsi böyük təəssüf doğurur".
Allahşükür Paşazadə qeyd edib ki, erməni kilsəsi işğal altındakı torpaqlarda dağıntı, həqarətə məruz qoyulmamış salamat bir məscid, dini abidə qalmadığı halda, multikultural dəyərlər ölkəsi olan, tolerant Azərbaycanda guya xristian dini abidələrinin təhlükədə olduğu barədə, habelə ziyarət və ibadətlərinə mane yaradıldığına dair saxta məlumatlar yayır:
"Militarist ritorikası və davranışı tarixdə heç kimə fayda verməyib. Müharibə erməni xalqının müsibətlərinə, erməni analarının özgə torpağında işğalçı müharibədə həlak olmuş və itkin düşmüş övladları üçün acı göz yaşlarına və nisgilli fəryadlarına səbəb oldu. Sülhməramlıların atəşkəsi qoruduğu bir məkanda həyat deyil, ölümə, dinc birgə yaşayışa deyil, işğala, zülmə və zora xeyir-dua vermək dini dəyərlərlə bir araya sığmır. Heç şübhəsiz ki, bu kimi yanaşma bölgədə yaşayan xalqların, ilk növbədə, məhz erməni xalqının xoşbəxt və firavan yaşamasına xidmət etmir. Din xadiminin missiyası münaqişə və qarşıdurmaya deyil, müqəddəs amallar olan barış və əmin-amanlığa xidmət olmalıdır".
Bəyanat dünya birliyinə xitabən bu fikirlərlə yekunlaşır:
"Dünya ictimaiyyətinə və dini liderlərə müraciət edərək Erməni Apostol Kilsəsinin Uca Rəbbimizin buyurduqlarına zidd hərəkətlərinə münasibət bildirməyə, bölgəmizdə müharibə deyil, sülh və tərəqqinin bərqərarı işinə dəstək verməyə çağırıram. Uca Yaradan dünyada sülh və əmin-amanlığın bərqərar olmasına yardımçı olsun. Amin!"