“Vaxtında qarşısı alınmayan və düzgün siyasi qiymət verilməyən hadisələr sonradan daha ağır cinayətlərin törədilməsinə səbəb olur. Əzəli torpaqlarının 20%-i erməni işğalı altında olan Azərbaycanın Xocalı qəsəbəsində ermənilərin törətdikləri soyqırıma düzgün qiymət verilsəydi, müsəlmanlara qarşı başqa soyqırımlar həyata keçirilməzdi”.
Bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə İstanbul şəhərində “Türkiyə və Azərbaycan timsalında islam həmrəyliyi” mövzusunda keçirilən beynəlxalq konfransda söyləyib.
APA-nın Türkiyə bürosunun məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilatçılığı ilə keçirilən konfransa Türkiyə Dini İşlər Vəqfi və İslam Əməkdaşlıq Təşkilatının İslam Tarix, İncəsənət, Mədəniyyət Tədqiqatları Mərkəzi – İRCİCA da dəstək verir.
Allahşükür Paşazadə DAEŞ və digər terror təşkilatlarına qarşı mübarizədə islam həmrəyliyinin böyük rol oynadığını deyib.
A.Paşazadə separatçılıqdan əziyyət çəkən bir ölkə kimi Azərbaycanın İraqın şimalında keçirilən referenduma qətiyyətlə qarşı olduğunu vurğulayıb.
Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə deyib ki, dini ekstremizmin və terrorun qarşısının alınması üçün “dində vəhdət və birlik” ideyasını reallaşdırırlar.
Türkiyə baş nazirinin dini işlərə cavabdeh müavini Bəkir Bozdağ konfransda iştirak edən elm adamlarına müraciət edərək deyib ki, “DEAŞ, FETÖ, “Boko Haram” kimi terror təşkilatlarını aradan çıxarmaq üçün ən böyük vəzifə sizin üzərinizə düşür.
“Quran”ı, peyğəmbərimizin həyat və fəaliyyətini, düzgün hədisləri insanlara çox dərindən öyrətməliyik. Terror təşkilatları kimi bir zəhərə qarşı biz sadəcə elm, kitab, “Quran” yoluyla mübarizə apara bilərik”, – deyə B. Bozdağ vurğulayıb.