Allah Xalq Cəbhəsini İlham Əliyevə qənim göndərib

Sabah Xalq Cəbhəsinin 30 illiyi tamam olur. 30 yaşı olmasına baxmayaraq, Cəbhə ölkənin ən gənc və həm də gənclər partiyasıdır.

Source:


Nə təqiblər, nə işgəncələr, nə kütləvi həbslər Cəbhəni öz yolundan döndərə bilmədi

Azərbaycan Xalq Cəbhəsinin yaranmasının 30 illiyi tamam olur. Cəbhə fenomenal bir təşkilatdır. Bu 30 ilin aşağı-yuxarı 29 ilini siyasi repressiyalar, inzibati təqiblər şəraitində yaşayıb. Amma nəinki ayaqdadır, ötən 30 ilin tamamında da ölkənin aparıcı müxalifət təşkilatı, siyasi mübarizənin önündə gedən dirəniş mərkəzi, Əliyevlərin kriminal və korrupsioner rejiminə qarşı ardıcıl döyüşən siyasi partiyadır. Cəbhə ötən əsrin 80-ci illərində sovet totalitar rejiminə qarşı mübarizəyə başlamış xalqın öz içindən çıxdı. Onun mübarizəsinə rəhbərlik etdi. Cəbhənin ilk lideri milli istiqlal mücadiləsində, milli oyanışda və dirənişdə böyük rolu olan Əbülfəz Elçibəy olub. Ölkənin müstəqilliyə qovuşmasında bu liderin və bu təşkilatın müstəsna xidmətləri oldu. Vətən torpaqlarının qorunması uğrunda döyüşlərdə bu təşkilat 5 mindən çox şəhid verib və həmin qanlı-qadalı illərdə cəbhəçilər Qarabağı Əliyevlərin 26 illik hakimiyyətindən daha etibarlı qoruyurdular. Cəbhənin başladığı mübarizə 1918-1920-ci illərdə əsası qoylmuş azadlıq, müstəqillik və demokratiya uğrunda mübarizənin çağdaş davamı, Rəsulzadə ideallarının Əbülfəz Elçibəyin simasında təcəllası idi. 30 il sonra da Cəbhənin yolu bu böyük liderlərin yoludur, onların arzu və istəklərinin ümummilli inkişaf strategiyasına qovuşma yoludur. AXCP Milli Şura yaranan gündən onun üzvüdür və son beş ili biz birlikdə addımlamışıq. Buna görə bütün cəbhəçilərə təşəkkür borcumuz var.

Xalq Cəbhəsi öz tarixinin yarıdan çoxunu İlham Əliyevin amansız təqibləri şəraitində keçirib. İlham Əliyevin "Azərbaycanda müxalifət olmamalıdır" çağırışının birinci hədəfi Xalq Cəbhəsi olub, onun minlərlə üzvü İlham Əliyevin "Bandotdel"indən keçib. Partiyanın qərargahı partladılıb, ofisinin qapısı qaynaqlanıb, rayon təşkilalarının ofisləri müsadirə edilib. Amma nə təqiblər, nə işgəncələr, nə kütləvi həbslər Cəbhəni öz yolundan döndərə bilmədi. Cəbhənin 30 illik tarixinin aşağı-yuxarı 19 ili Əbülfəz Elçibəyin siyasi, hüquqi, milli və mənəvi davamçısı

Əli Kərimlinin liderliyi dövrünə düşür. 19 il əvvəl sağdan da, soldan da, bütün istiqamətlərdən vurulan həmin gənc siyasətçi bu gün nəinki Cəbhənin, Əliyev rejiminə qarşı dirəniş göstərən bütün müxalifətin lideri çevrilib, siyasi mübarizənin önünə çıxıb. Elə bir şəraitdə ki, bu ilin martına qədər onun istisnasız olaraq bütün müavinləri saxta ittihamla həbs edilmişdi, partiya rəhbərliyinin yaraya qədər zindanlarda idi. Həmin təqib prosesi bu gün də davam edir. Seymur Həzi, Qarabağ qaziləri Asif Yusifli və Babək Həsənli, döyüşçü Saleh Rüstəmli, Cəbhə Rəyasət Heyətinin üzvü Aqil Əli Məhərrəm, gənclər təşkilatının fəalları Fuad Əhmədli və Orxan Baxışlı, jurnalist Elçin İsmayıllı, Ziya Əsədli bu gün də saxta məhkəmə hökmlərinin zindan həyatını yaşayırlar. Son 2-3 ildə Xalq Cəbhəsinin yalnız inzibatı qaydada cəzalandırılmış üzvlərinin sayı "müxalifət" adına Əliyev hakimiyyətinə açıq və gizli yandaşlıq edən bütün siyası partiyaların toplam üzvlərinin sayından çoxdur. Cəbhənin sədri Əli Kərimli 14 ilə yaxındır ki, xarici pasportdan və xarici səfərlərdən məhrum edilib. İlham Əliyevin və onun kriminal rejimin ən böyük arzusu onu həbs etmək, siyasi həyatdan uzaqlaşdırmaqdır. Bu sərsəm arzuya çatmaq üçün müxtəlif ssenarilər quraşdırılıb, Nardaranda 6 nəfərin həyatı qurban verilib, başdan ayağa Gülən şəbəkəsinin içində olanlar onu Fetoçu adı ilə tutmaq istəyiblər, Gözəl Bayramlı, Əfqan Muxtarlı və professor Fərman Ceyranlı ssenarisinin də son hədəfi Əli Kərimli olmalı idi. İki həftə əvvəl marafon adı ilə onu saxlayanlar özləri finişə çatmadılar.

400194325.jpg
AXCP-nin aksiyası

Sabah Xalq Cəbhəsinin 30 illiyi tamam olur. 30 yaşı olmasına baxmayaraq, Cəbhə ölkənin ən gənc və həm də gənclər partiyasıdır. Əlbəttə, veteranların, qurucuların, cəbhə ideyası üçün oddan-alovdan keçənlərin əməyin qiymətləndirməklə. Öz mütəşəkkil siyasi gücünə, vətənçilik eşqinə, intellektual səviyyəsinə, innovasiya texnologiyalarından səmərəli istifadə imkanlarına görə cəbhəçi gənclər kifayət qədər yetkinləşiblər. Sabah tamam olan 30 illiyi qeyd etmək üçün hakimiyyət yer vermədi. Rəsmi qəbul keçirməyi önləmək üçün restaran və ictimai iaşə obyektlərinə təzyiq edildi. Son günlər "Bandotdel"ləşən DİN-in başlıca vəzifəsi bütün ölkə boyu hər yerdə cəbhəçiləri pusmaqdan ibarətdir. Ancaq xeyri yoxdur. Bir rəvayətdə deyildiyi kimi Allah Həzrəti Musanı Firona qənim göndərdiyi kimi, Xalq Cəbhəsini də İlham Əliyevə qənim göndərib. Kimin bu kriminal, korrupsioner, traybalist ailə hakimiyyətinə qarşı mübarizə aparmaq, təhlükə altına düşmüş respublika dəyərlərini bərpa etmək istəyi, arzusu, əzmi və iradəsi varsa Cəbhəyə gəlsin, ona dəstəyini ifadə etsin, onu gücləndirsin.

Ana səhifəXəbərlərAllah Xalq Cəbhəsini İlham Əliyevə qənim göndərib