Ağstafa sakini yaşayışından gileylidir
“Ayın sonunu güclə gətiririk. Maaş aşağı, dərdimiz çoxdur. Azmış kimi evim də qəzalı vəziyyətdədir. Uçurumun kənarında yaşayıram, sürüşmə təhlükəsi var. Ev isə babamdan, nənəmdən qalmadır, hər yeri çat-çat, uçub-tökülüb”.
139 manat maaş alıram, heç nəyə çatmır
Ağstafa sakini Elnarə Qasımova belə deyir. O, 40-cı illərdə babası, nənəsinin tikdiyi evdə oğlu ilə birgə yaşayır. Həyat yoldaşını itirib, 25 il anasına baxıb. İndi anası da yoxdur, ölüb. Qalıb oğlu ilə təkcə. Oğlu məktəblidir, deyir, çətindir, bir istəyini alanda digərini ala bilmir:
“Yaxşı ki, qızımı birtəhər köçürmüşəm. İndi təkcə uşaqdır, onu da yoxluqla böyüdürəm. Məktəbdə xadimə işləyirəm. Aya 139 manat maaş alıram. İnanın bu pul heç təməl ehtiyaclarımıza da çatmır, qaldı ev təmir edək, düzəldək”.
Küləkli havalarda qorxumuzdan əl damında yatırıq
E.Qasımovanın evi 3 otaqlıdır. Yerdən tikilmiş kiçik evdir. Deyir, otaqlardan cəmi birindən istifadə edə bilir. Qalanlarının divarları aralanıb, çat yaranıb, soyuq gəlir:
“Palçıqla həmin çatların üzərini tutmuşuq, ancaq o da işə yaramır. Palçıqla iş olar? Başımıza tökülür az qala. Bəzi soyuq, küləkli havalarda qorxumuzdan əl damında yatırıq”.
Prezidentə 2 məktub göndərmişik, xeyri yoxdu
Elnarə deyir ki, son 1 ildə ev daha da qəzalı hala düşüb. Otaqlarda yarğanlar açılıb. Küncləri çatlayıb:
“Köhnə evdir də, necə olmalıdır? Uçqun vəziyyətindədir, burada yaşamaq qorxuludur. İki məktub yazmışıq prezidentə, bir məktub da xanım Mehriban Əliyevaya. O vaxt anam sağ idi. İnanırdı ki, həmin məktublar işə yarayacaq və bizim evi təmir edəcəklər. Anam indi yoxdur. Heç məktublardan da səs-soraq yoxdur, olmadı. Yazıq qadının gözü arxada getdi”.
Ev bizdən əl çəkib, biz ondan əl çəkmirik
E.Qasımova deyir ki, müraciət edir, sosial yardım da ala bilmir. Deyirlər ona düşmür:
“Daha 139 manatla 2 uşaq böyütmüşəm. Bundan artıq nə olsun? Cəhənnəm, yenə yarıac, yarıtox yaşayırdıq. İndi bir tərəfdən də ev dərdi çıxıb. Təsəvvür edin, anam bu evə gəlin gəlib. Sonra biz bu evdə doğulmuşuq. Ev bizdən əl çəkib, biz ondan əl çəkmirik. Yağış yağanda damdan içəriyə su damır. Evin içinə qablar düzürük, dolur, tökürük çölə, bir də qoyuruq altına. Eləcə qışı bu vəziyyətdə keçiririk. Külək dəlmə-deşikdən evə girib hər yeri soyudur. Qazı da söndürür bəzən”.
Çatların üstünü palçıqla örtmüşük ki, guya bir az yaxşı olsun
Otaqlardan rütubət qoxusu gəlir. Döşəmə buz kimidir. Otaqların divarları çat-çatdır, tökülür. Elnarə Qasımova bir gecə evləri başlarına uçacaq, çöldə qalacaqlar deyə həyətdəki balaca daxmaya qaz çəkmək istəyir. Deyir, heç olmasa gedib orada yaşayar:
“Ancaq pulum yoxdu. Eləcə oraya da əl gəzdirə bilmirəm. Evi də görürsünüz də, iydən, qoxudan durmaq olmur. Nə qədər havalandırırıq, işə yaramır. Çatların üstünü palçıqla örtmüşük ki, guya bir az yaxşı olsun. Hanı e, günü-gündən böyüyür. Müvəqqəti yaşayırıq da, harada qırıla-qırıla. İnanın, yeməyə çörəyi güclə tapan adamlarıq. Biz pulu hardan alıb ev təmir edək, bilmirəm. Ümumiyyətlə, bu işlər bizim gücümüz çatan şeylər deyil”.
Bu aydan digərin güclə çıxırıq
Elnarə Qasımova qızını oxutmaq üçün pay torpağını da satıb. Deyir, indi əlavə bir gəlir yeri də qalmayıb:
“İmkan yoxdur, yaşaya bilmirik. Bu aydan o aya güclə çıxırıq. Mənə kömək etsələr, ömürboyu hökumətə alqış edərdim”.
Problem 2019-da həll ediləcək
Meydan TV məsələyə münasibət öyrənmək üçün Ağstafa Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Özünü icra başçısının köməkçisi kimi təqdim edən şəxs bildirib ki, Elnarə Qasımovanın evi ilə bağlı onlarda məlumat var:
“Bəli, yarğana yaxın yerləşib və qəzalıdır. İcra başçısı da bu məsələdən xəbərdardır. Hətta əraziyə də getmişdi. 2019-cu ildə problem həll ediləcək. Qaldı o qadının çətin şəraitdə yaşamasına, biz əmək haqqı artıran qurum deyilik, sosial fonda müraciət etsin, yardım ayrılsın ona”.
Ağstafa Rayon Sosial Müdafiə Fondundan isə bildiriblər ki, vətəndaş onlara elektron qaydada müraciət etməlidir. Onun həqiqətən yardıma ehtiyacı olub-olmadığına baxılmalı, bundan sonra bir qərar verilməlidir:
“Lazımi şərtlərə uyğun olsa, yardım ayrılar. Uyğun olmasa, bizim əlimizdən heç nə gəlmir”.