Allah qəbul eləsin

Bəlkə Azərbaycanda elə bir model var ki, bu, dünyanın başqa xalqlarında yoxdur?!

Source:


Bəlkə Azərbaycanda elə bir model var ki, bu, dünyanın başqa xalqlarında yoxdur?!

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva deyib ki, kimlərsə Azərbaycanın ənənəvi ailə modelini dağıtmaq üçün Qərb ölkələrindən bura nələrsə idxal edirlər, “verbovşik”dirlər (ifadə sədr müavininə məxsusdur), məqsədləri də aydındır. Aynur xanım çağırış edir ki, hamımız əl-ələ verib, Azərbaycan ailə modelini qorumalıyıq.

Bəs bu Azərbaycan ailə modeli nədir ki, qorunması belə əşhədü-ehtiyac olub? Bəlkə Azərbaycanda elə bir model var ki, bu, dünyanın başqa xalqlarında yoxdur?! Azərbaycan modeli, Azərbaycan ailəsi, milli mentalitet, milli mənəviyyat, hətta milli Elmlər (Akademiyası)…

Bütün bu propaqanda Azərbaycan xalqının ayrıca, əlahiddə bir xalq olması ideyasından irəli gəlir. Bunu yaxşı və ya pis mənada demək mahiyyəti dəyişmir. Məsələn, Aynur Sofiyevanın “Azərbaycanın özünəməxsus ali ailə modeli var” iddiası ilə bizim köhnə və yeni maarifçilərin (Cəlil Məmmədquluzadədən Seymur Baycana qədər) “Azərbaycanlılar mədəniyyətsiz və eşşəkdirlər” deməsi arasında mahiyyət etibarilə fərq yoxdur. Hər ikisi iddia edir ki, bu xalq göydən zənbillə düşüb, 7 milyard nəfər bir yana, biz bir yana.

Amma ki, çifayda. Elə deyil. 1000 ildir, eyni respublikada yaşayan sanmarinolulardan tutmuş dünən-srağagün müstəqilləşmiş cənubisudanlılara qədər hər kəs insandır və insanlığın dəyərlərini paylaşırlar və ya paylaşmalıdırlar. Hamımız insan hüquq və azadlıqlarının aliliyinə, hüququn aliliyinə, demokratiyaya, ədalətli cəmiyyətə, liberal inkişafa layiqik. Kimsə sizə desə ki, “azərbaycanlılar qoyundur”, “ermənilər faşistdir”, “ingilislər xəbisdir”, “fransızlar paxıldır”, “almanlar kobuddur” və s., inanmayın. Yalan deyirlər. Elə şey yoxdur. 1000 illik respublika tarixi sanmarinoluları ayrıca insan növü edə bilmədisə, heç bir dövlət, quruluş-muruluş milyonlarla il davam etmiş təkamülə qalib gəlib, sapienslər arasında ciddi fərq yarada bilməz.

Azərbaycan xüsusilə. Azərbaycan xalqı deyə biləcəyimiz Azərbaycan Respublikası vətəndaşları cəmi 101 ildir, ayrıca bir dövlətdə yaşayırlar. Onun da 71 ilini daha böyük dövlətin tərkibində keçiriblər. Siz bu dövrdə bütün dünya xalqlarından fərqli bir xüsusiyyətə malik toplumun, hər şeyi özünəməxsus, milli olan cəmiyyətin yarana biləcəyinə inanırsınız?

Bizim milli, milsiz ailə modelimiz-filan yoxdur. Ya ərəblərin kəbinli ailəsi var, ya da Avropanın (rusun) nikahlı ailəsi və ya müstəqil birgəyaşayışı. Vəssalam. Biz də, yaxşı ki, sonuncuları seçib, sivil, modern dünyaya ayaq uydurmağa çalışmışıq. Həmin o sivil dünya da indi deyir ki, insan hüquqları insanlar üçündür, ayrıca ağlar üçün, ayrıca azərbaycanlılar üçün, ayrıca kişilər üçün, ayrıca heteroseksuallar üçün… yox. Həmin sivil dəyərlər deyirlər ki, başqasının şəxsi, gizli işlərinə burun soxmaq olmaz. Kim arvadı ilə necə sevişir, kim kimi arvad seçir, kişi seçir, hansı pozanı üstün tutur – bütün bunlar Aynur xanımın və ya başqa məmurun işi deyil. Bu, insanın şəxsi seçimidir. Dövlətin işi insanların seçimlərini başqalarının hüquqlarına ziyan vurmadığı, başqalarının azadlıqlarının sərhədini pozmadığı müddətdə dəstəkləmək, ona bürokratik və sair əngəl yaratmaqdan çəkinməkdir.

Kimsə eynicinsli nikah istəyirsə, dövlət bunu təmin etməlidir, rəsmiləşdirməlidir, kimsə boşanmaq istəyirsə, yenə də eyni şey. Yoxsa “siz boşanmayın, milli modelimizdə boşanmaq yoxdur” deməklə heç bir problem həll olunmur.

Boşanmanın səbəbləri, daha doğrusu, boşanmaq istəyib, boşana bilməyən qadınların zülmlərinin səbəbləri barədə Aynur xanım araşdırmalı, tədbir görməlidir. 21-ci əsrin ilk rübünün sonuna yaxınlaşmışıq, hələ də Azərbaycanda, AŞ-nın üzvündə qadınlar üçün sığınacaq yoxdur. Adamlar boşanıb hara gedəcəklərini bilmirlər, sığınmağa yer, adam, subyekt, dövlət tapmırlar. Dövlətdən yetim qalmışıq. Qadınlar qorunma üçün polisə müraciət edəndə polis həmin “milli ailə modeli”ni qorumaq üçün guya ər-arvadı barışdırır, sonra ər baltanı götürüb, arvadı şaqqalayır. Hanı bəs o polisin cəzası? Hanı bəs Aynur xanımın cəzası ki, boşanma əleyhinə çıxır, amma şaqqalanmaqdan qaçan qadınlara bir sığınacaq yaradılması qayğısına qalmır?

Bu xarabada itlər üçün sığınacaq tikdilər, amma qadınlar üçün tikmədilər. Amma itləri güllələməyə davam edirlər. Yəqin balansı bərpa etmək üçündür. Yəni, “baxın, biz itlərə qadınlardan çox dəyər vermirik. Hər ikisinin öldürülməsi, susdurulması üçün əlimizdən gələni edirik”. Bir hədisdə deyildiyi kimi, “Namaz qılanın qarşısından qadın, it və donuz keçərsə, namaz batil olar”. Qoruyun “milli ailə modeli”nizi, Allah qəbul eləsin.



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəAllah qəbul eləsin